20 noyabr Dünya Uşaq Günüdür

Uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Çünki uşaqlar cəmiyyətin gələcəyi, nəsillərin varisliyinin qarantıdır. Ona görə də onların normal inkişafı üçün uyğun mühit və sosial baza olmalıdır.
Bəllidir ki, uşaqların müdafiəsi ilk növbədə onların valideynləri tərəfindən təmin olunur, amma valideyn himayəsindən məhrum olmuş uşaqların hamımızın qayğısına və diqqətinə ehtiyacları var. BMT Baş Assambleyası 1954-cü ildə qəbul etdiyi 836 saylı qətnamədə bütün ölkələrə Dünya Uşaq Günü kimi qeyd etmək tövsiyə olunmuşdu. Qətnamədə deyilir ki, belə bir günün qeyd edilməsi millətlər arasında həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etməlidir.
O vaxt bununla bağlı konkret tarix müəyyənləşməmişdi. 1959-cu ilin 20 noyabrında BMT tərəfindən "Uşaq Hüquqları Bəyannaməsi", 1989-cu ilin həmin günündə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul edilməsi ilə bu tarix təqvimə Dünya Uşaq Günü kimi düşdü.
Uşaq hüquqlarına dair müxtəlif beynəlxalq sənədlərin qəbul olunmasına, BMT Konvensiyasının üzv olan ölkələr tərəfindən ratifikasiya edilməsinə baxmayaraq, bu gün dünyada bu sahədə hələ də acınacaqlı vəziyyət qalmaqdadır.
Statistik məlumatlarda hər il 5 yaşına çatmamış 11 milyon uşağın dünyasını dəyişdiyi bildirilir. On milyonlarla uşaq isə yaşamaq və inkişaf etmək imkanı olmadığına görə fiziki və ruhi xəstə olur. Eyni zamanda yoxsulluq, cahillik, ayrı-seçkilik və zorakılıq bu problemlə mübarizə aparmağa maneçilik törədir. BMT-nin Uşaq Fondu (UNİCEF) bu istiqamətdə geniş işlər həyata keçirir. Uşaqların hüquqlarının qorunması ilə ilk növbədə onların vətəndaşı olduqları dövlətlər məşğul olmalıdır.
Hazırda ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm işlər görülür. Uşaqların problemlərinin həlli istiqamətində təqdirəlayiq addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Ölkəmizdə uşaqların problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatları da mövcuddur. 2010-cu ildən uşaqların problemləri ilə bağlı müraciət edəcəkləri “Azərbaycan uşaq qaynar xətt” xidməti də fəaliyyət göstərir.
Gələcəyimiz olan uşaqlara bu dünyanı cənnət etmək, onlara düzgün tərbiyə verib, yararlı bir insan kimi yetişdirməkdən ötrü hər gün çalışmalıyıq. Çünki onlar buna layiqdirlər.

Aygün Hüseynova,
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tədris-metodika kabinetinin müdiri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar