Azərbaycan iyirmi ildən artıqdır müstəqil dövlətdir. Müstəqilliyimizi bəyan edəndən sonra bir çox nailiyyətlər əldə etdik. BMT-yə, digər beynəlxalq təşkilatlara üzv olduq, 2001-ci ildə Avropa Şurasına qəbul edildik. Azərbaycan muğamı, aşıq sənəti, xalça sənəti, tar ifaçılıq sənəti, Novruz bayramı bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edildi. Sosial-mədəni həyatımızın bir çox sahələri avropalı həyatına uyğun qurulur. İctimai-mədəni həyatımızın idarə olunması Avropa qanunlarına uyğun aparılır.
Bütün bunlara baxmayaraq biz dəyişməz olaraq qalırıq. Çünki milli xüsusiyyətlərimizi və daxili xarakterimizi ifadə edən milli-mənəvi dəyərlərimiz, yazılmamış qanunlarımız var. Bu dəyərlər tarixin müəyyən mərhələlərində xalqımızı assimilyasiyaya uğramasının qarşısını almışdır.
Avropa cəmiyyətində insanlar həyatlarını qurarkən yalnız qanunları diqqətə alırlar, heç kimi düşünmürlər, sərbəstdirlər. Fikirləşmirlər ki, bu hərəkətim qonşunun və hansısa dostunun xoşuna gələcək, yoxsa gəlməyəcək. Biz isə hərəkət və davranışlarımızı daha çox cəmiyyətə uyğun tənzimləyirik. Qohum-əqrəbanı fikirləşirik. Deyirik, görəsən qardaş-bacı və valideynlərimiz bu işə necə baxacaqlar... Avropa ölkələrində övlad-valideyn münasibətləri də müəyyən mənada qanunla bağlanır, qanunla tənzimlənir. On səkkiz yaşı tamam olan gənc sərbəst və azad hesab olunur. Valideyn də cavabdehlik məsuliyyəti daşımır. Bizdə isə bu məsələ başqa müstəvidə həyata keçirilir. Ata övladının sonadək ağsaqqalı - mənəvi rəhbəri olaraq qalır...
Haşiyə. İngilis şairi Corc Bayron “Abidos gəlini” əsərində heyrətlə yazır: “Türklərdə oğul ata hüzurunda oturmur. Əgər oturarsa, bu, çox böyük qəbahət hesab edilir”. Şairin təəccübü türk xalqları həyatının məntiqi mənzərəsidir. Bu məntiq yazılmamış qanunlarla tənzimlənmişdir...
XIX əsrin ikinci yarısında Avropanın onlarca, yüzlərcə iş adamı Bakıya gəlmişdi. Almaniyadan Bakıya gələn iş adamları arasında bir qrup təhsil işçisi də olur. Onlar şəhərdə Avropa tədris üsullu gimnaziya açırlar. Zəngin ailələrin uşaqlarına Avropa təhsili verirlər. Tədrisin sonuncu imtahanında müəllim bir tələbəyə deyir: “Sizi artıq avropalı hesab etmək olar!”. Tələbə müəllimə etiraz edir. Deyir ki, yox, mən avropalı deyiləm. Müəllim cavabdan razı qalmır. Bir daha soruşur: “Axı sən nə üçün avropalı olmaq istəmirsən”. O, cavabında deyir: “Çünki mən asiyalıyam!”.
XIX əsrin əvvəlində çar Rusiyası Qafqazı işğal edəndən sonra burada yaşayan xalqlarla müqayisədə türklərə münasibət daha sərt olub. Çar rejimi onları türklüyə aidiyyəti olmayan bir xalq kimi formalaşdırmaq arzusunda olub. Xalqımızın yazılmamış qanunları, min illərin süzgəcindən süzülüb gələn milli-mənəvi dəyərlər və müqəddəs adət-ənənələr tarixən bu kimi təcavüzkarlığın qarşısını mərdliklə almışdır.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar