İnformasiya cəmiyyəti müasirliyə aparan yoldur. Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib. XX əsrin ortalarından başlayaraq sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində informasiyanın rolu daha da artıb. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya cəmiyyətinin formalaşması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir.
Təsadüfi deyil ki, 1994-cü ildən 26 noyabr - Dünya İnformasiya Günü (World Information Day) qeyd olunur. BMT-nin İqtisadi və Sosial şuralarında məşvərətçi statusu olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə qeyd edilən bu günü informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların beynəlxalq peşə bayramı da adlandırmaq olar.
Qeyd etmək lazımdır ki, ingilisdilli dünya ölkələrinin əksəriyyətində “informatika” fənnini “kompüter elmi” (“computer science”) fənni adlandırırlar. İnformasiya ümumilikdə götürüldükdə mücərrəd məfhum olaraq təsvir edilmiş məlumatdır. Başqa sözlə, məlumatın informasiya olması üçün o, tədqiq edilən obyekt və ya proses haqqında təsəvvür yaratmalı, ya da mövcud təsəvvürləri genişləndirməlidir. Əgər məlumat obyekt və ya proses haqqında yanlış təsəvvür yaradırsa, ona yanlış “informasiya” və “dezinformasiya” deyilir. İnformasiya proses daxilində müəyyən mərhələdən sonra yenidən məlumat ola bilər. Verilən məlumatlar uzunmüddətli müşahidələr, monitorinqlər və cihazlar tərəfindən dəqiq qeyd olunmuş informasiyadır.
İnformasiya bizi əhatə edən aləmin bir hissəsi olduğu üçün həmin aləmin obyektidir. Məhz buna görə də informasiya onu digər obyektlərdən fərqləndirən xassələrə malikdir. Müasir dövrümüzdə geniş əhali kütləsinin informasiya texnologiyaları ilə məşğul olması gələcəyimizə yol açır. Bu gün Azərbaycan Respublikasının da sosial-iqtisadi inkişafında, dünya miqyasında tanınmasında informasiyanın rolu böyükdür.
Turan Məmmədova,
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin metodisti