“Qaradağ rayonunun Azərbaycanın xəritəsində, iqtisadiyyatında özünəməxsus yeri vardır. Burada böyük sənaye müəssisələri yerləşir. Qaradağ rayonu Azərbaycanın bu keçid dövründə problemlərin həll olunmasında çox səylər qoyur və mən bəyan etmək istəyirəm ki, Bakı şəhərinin başqa rayonları ilə müqayisədə buradakı işlər bizim üçün daha da qiymətlidir. Əminəm ki, Qaradağ rayonu bundan sonra Azərbaycanın iqtisadiyyatında daha da böyük rol oynayacaq”.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1999-cu il iyunun 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində dediyi bu sözlər 15 il sonra xüsusilə aktual səslənir.


Bu gün Qaradağ rayonu mövcud sənaye potensialı, ölkənin neft-qaz sektorunda və sürətlə təşəkkül tapan yeni nəqliyyat infrastrukturunda aparıcı rolu ilə təkcə paytaxtın deyil, bütövlükdə Azərbaycanın iqtisadi həyatında xüsusi yerə malikdir. Bunu adi gözlə, xəritəyə baxaraq da təxmin etmək mümkündür. Qaradağ rayonunun ərazisi (1080 kvadrat kilometr) paytaxtın ümumi ərazisinin təxminən yarısı qədərdir. Ərazisi Xəzər sahili boyunca 106 km uzanan, Şirvan şəhəri, Şamaxı, Salyan, Hacıqabul, Abşeron rayonları, habelə Bakının Binəqədi, Yasamal, Səbail rayonları ilə inzibati sərhədi olan Qaradağ coğrafi parametrləri ilə respublikanın bir çox kənd rayonlarını belə üstələyir.
Bu coğrafi imkanlar içərisində isə nəhəng iqtisadi potensialı var. 30-dək sənaye müəssisəsi, o cümlədən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, Qaz Emalı Zavodu, Ə.Əmirov və N.Nərimanov adına neft-qaz çıxarma idarələri, "Holcim" və "Norm" sement zavodları, Metal Konstruksiyalar Zavodu, Bakı Gəmiqayırma Zavodu və s. burada yerləşir. İqtisadi-sənaye zonası kimi yaşı bir əsrdən də az olan Qaradağ eyni zamanda mühüm tarixi özəlliklərə malikdir.

Keçmişlə bu gün bir arada

Bu tarixi özəlliklərdən birincisi Qaradağ rayonu ərazisindəki dünyanın qədim yaşayış məskənlərindən biri, zamanın daş yaddaşını əsrarəngiz qayaüstü rəsmlərdə yaşadan Qobustandır. Bu tarix 20 min əvvələ gedib çıxır. Bəşər tarixinin o uzaq ucundan nisbətən yaxın keçmişə - XX əsrin əvvəllərinə gələk. Bakıda yaşanan neft bumu sənaye mərkəzlərinin, yeni yaşayış məntəqələrinin yaranmasına təkan verir. Qaradağ rayonunun inzibati mərkəzi olan Lökbatan, eləcə də Puta, Korgöz, Çeyildağ qəsəbələri də vaxtilə neftçilərin yaşayış məntəqələri kimi təşəkkül tapmışdı. Ümumiyyətlə, bu gün rayonun inzibati ərazisinə daxil olan 11 qəsəbədən 9-u ötən əsrin birinci yarısında sovet sənayeləşməsinin nəticəsidir. Rayonun adı da Cənubi Qafqazda ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı neft yatağının kəşfi ilə əlaqədar 1923-cü ildə yaradılıb.
Sovet illərində rayon böyük mədən-sənaye mərkəzinə çevrilsə də, bu inkişaf sosial infrastrukturda, əhalinin rifahında elə də nəzərə çarpmırdı. Neft hasilatı, qaz emalı, sement, mişar daşı istehsalı və digər sahələrdə ölkə iqtisadiyyatına güc qatan Qaradağda sakinlərə qalan gecəqondu evləri, mədən tullantıları ilə çirklənmiş ətraf mühit, sement tozunun boğanaq havası, əyri-üyrü yollar, kommunal problemlər idi. Rayonun ekoloji tarazlığı bərqərar olan müasir sənaye mərkəzinə çevrilməsi, sosial rifah və iqtisadi inkişafının yeni mənzərəsi isə müstəqillik illərinin nəticəsidir. Bu illərdə rayonun tarixinə əlamətdar səhifələr yazılıb.

Qaradağdan başlanan
sosial-iqtisadi inkişaf kursu

Bu xüsusda bir məqamı vurğulamağı zəruri sayırıq. Azərbaycanın müstəqilliyinin ilk illərində ölkənin sosial-iqtisadi mənzərəsində ən ciddi problem regional tarazlığın pozulması, paytaxtla bölgələrin qeyri-proporsional inkişafı idi. Bu fərqi paytaxtdan uzağa getmədən, elə Qaradağ rayonunun timsalında görmək mümkün idi. Qaradağ paytaxtın ən böyük sənaye rayonu olsa da, sosial-iqtisadi infrastrukturu digər rayonlara nisbətən zəif idi. 90-cı illərin ikinci yarısından etibarən rayonda həyata keçirilən işlərə nəzər salsaq görərik ki, Azərbaycanda tarazlı sosial-iqtisadi inkişaf kursu başlanğıcını buradan götürüb. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən regionların sosial-iqtisadi inkişaf strategiyasının ilk pilot icra məkanı Qaradağ rayonu olmuşdu.
1995-ci ildə bu rayondan Milli Məclisin deputatı seçilən İlham Əliyev sakinlərin problem və qayğılarını diqqətlə öyrəndikdən sonra “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu”nun yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Fondun köməkliyi ilə rayonda bir sıra problemlər həllini tapmış, sosial və mədəni-məişət obyektləri tikilib istifadəyə verilmişdi. 1999-cu ildə rayon ərazisində məskunlaşmış məcburi köçkünlər üçün “Ümid” qəsəbəsi salınmış, İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsi respublikada ilk Olimpiya kompleksini Qaradağda inşa etmişdi. Bu layihələr Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının bir rayonun timsalında praktik təcəssümü idi. 2004-cü ildən bu strategiya artıq bütün ölkə miqyasında - “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilməyə başlandı. Sonralar Prezident İlham Əliyev bu dövrü xatırlayaraq demişdi: “Bilirsiniz ki, Qaradağ rayonuna mənim həmişə xüsusi diqqətim olub. 1995-ci ildə qaradağlılar mənə etimad göstərmiş, Milli Məclisə deputat seçmişlər. Mən də çalışırdım ki, bu etimadı doğruldum. Dəfələrlə Qaradağ rayonuna gəlmişəm, vəziyyətlə tanış olmuşam. Bu gün ölkə Prezidenti kimi çalışıram ki, Bakının ən böyük rayonu olan Qaradağ rayonunun inkişafı üçün öz köməyimi göstərim”.

Xəritədə yeni işıqlar yanır

Qaradağ rayonunun həyatında da yeni dövr Heydər Əliyevin neft strategiyası ilə təməli qoyulan iqtisadi yüksəlişlə başlandı. Bu tarixdən Qaradağın payına düşən əlamətdar günlər var.
18 sentyabr 2002-ci il - Qaradağ rayonundakı Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməli qoyulur, Azərbaycanın neft salnaməsində yeni səhifə açılır. İki il səkkiz ay sonra, 25 may 2005-ci ildə burada “əsrin kəməri”nə ilk neftin vurulması mərasimi keçirilir. Bu hadisə bir vaxtların kiçik balıqçı qəsəbəsinin adını dünyaya duyurur. “Üç dəniz əfsanəsi”nin gerçəkləşməsi ilə Səngəçal dünyanın neft xəritəsində parlayan nöqtəyə çevrilir. Və bu salnamədə hələlik axırıncı tarix - 20 sentyabr 2014-cü il. Səngəçal terminalında Azərbaycanın iqtisadi potensialına güc qatacaq yeni layihənin - “Cənub” qaz dəhlizinin təməli atılır.
Azərbaycanın yeni neft strategiyasının gətirdiyi sürətli inkişaf bu layihələrdə xüsusi yeri olan Qaradağ rayonunun sosial-iqtisadi mənzərəsini də əsaslı şəkildə yeniləyir. Qaradağ artıq təkcə Bakının deyil, ümumilikdə respublikanın ən böyük sənaye mərkəzlərindən birinə çevrilib. Bu gün buradan Azərbaycanın neft-qaz kəmərləri ilə yanaşı, yeni nəqliyyat arteriyası da dünyaya açılır. Bu inkişaf tempinin zaman miqyasında ən mühüm göstəricisi Prezident İlham Əliyevin rayona səfərləridir. Dövlət başçısı son 10 ildə Qaradağ rayonuna 22 dəfə baş çəkərək müxtəlif sənaye və infrastruktur obyektlərinin açılışında iştirak edib. Təkcə bu ilin xronikasına nəzər salaq: əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışı (may 2014), Cənubi Qafqazda ən böyük sement istehsalçısı olacaq “Norm" sement zavodunun açılışı (iyul 2014), Ələt qəsəbəsində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı (sentyabr 2014).
Sonuncu xronikal fakt Azərbaycanı Avropa-Asiya, Şimal-Cənub nəqliyyat arteriyalarında başlıca mərkəzə çevirəcək möhtəşəm layihənin başlanğıcıdır. Yeni limanın birinci mərhələdə yükaşırma qabiliyyəti ildə 10 milyon ton yük və 50 min konteynerdir. İkinci mərhələdə bu göstərici 17 milyon ton yük və 150 min konteynerə, üçüncü mərhələndə 25 milyon ton yük və 1 milyon konteynerə çatdırılacaq. Beləliklə, Səngəçal terminalının ardınca Xəzər hövzəsində ən böyük logistika mərkəzi kimi Ələt limanı da dünyanın iqtisadi xəritəsində yeni nöqtə olacaq. Bu yükləri daşıyacaq yeni gəmilər də burada - Qaradağ rayonunda ötən il istifadəyə verilən gəmiqayırma zavodunda hazırlanacaq.
Prezident İlham Əliyev zavodun açılışında bu məqamı xüsusi vurğulayaraq yaxın illərdə ARDNŞ tərəfindən 130, Xəzər Gəmiçiliyi tərəfindən 20 gəminin sifariş ediləcəyini bildirmişdi: “Biz artıq bu zavodun timsalında yeniləşən, sənayeləşən Azərbaycanı görürük. Zavodun sifarişlər portfeli təxminən 4-5 milyard dollardır. Yəni, əgər zavod tikilməsəydi, bu vəsait kənara gedəcəkdi. Mən dəfələrlə demişəm, Azərbaycanın bir neçə sənaye mərkəzi vardır ki, onlardan biri Qaradağ rayonudur. Burada yaradılan yeni sənaye müəssisələri - ölkəmizin ən böyük sement zavodunun, metal konstruksiyalar zavodunun, Səngəçal terminalının, dəniz limanın fəaliyyətə başlaması Qaradağ rayonunun inkişafına da bir töhfədir. Burada minlərlə yeni iş yeri açılacaq”.

İnkişafın sosial mənzərəsi

Rayonda həyata keçirilən sənaye layihələrinin nəticəsini 2014-cü ilin statistik göstəricilərində, sosial infrastrukturda da görmək mümkündür. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun ilin doqquz ayının yekunlarına dair hesabatında qeyd olunur ki, bu dövrdə sosial-iqtisadi sahələr üzrə ümumilikdə 403,7 milyon manat investisiya qoyuluşu həyata keçirilib və bunun 312,3 milyon manatı tikinti-quraşdırma işlərinə sərf olunub. Bu müddətdə 1086 yeni iş yeri açılıb. Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya komplekslərinin inşası üçün 3850 hektar sahə ayrılıb və bu tikintidə 2 minədək insan işlə təmin olunacaq. Əhalinin su təchizatı, kommunal xidmətlərlə təminatı yaxşılaşdırılır. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən bu istiqamətdə işlər davam etdirilir. Qəsəbələrarası və məhəllədaxili küçə və yollar yenidən qurulur. Ekoloji sabitliyin qorunması məqsədilə çirkablı göllər qurudulur, bu il 42 min kv. metr ot və yaşıllıq sahələri salınıb.
İl ərzində təhsil, mədəniyyət, səhiyyə sahələrində də çox işlər görülüb, 8 körpələr evi-uşaq bağçasında əsaslı təmir başa çatıb, 2 uşaq bağçası üçün yeni bina, 2 məktəb üçün əlavə tədris korpusu, 7 nömrəli peşə məktəbi üçün yeni bina tikilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 3 qəsəbədə uşaq bağçası tikilir. Bu il Müşfiqabad qəsəbəsində mədəniyyət evinin, Lökbatan qəsəbəsində Cabbar Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin yeni binası istifadəyə verilib. Sahil qəsəbəsində “Gənclər” evi tikilib. Qızıldaş mədəniyyət evinin tikintisi davam etdirilir. Qobustan qəsəbəsində 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Lökbatan qəsəbəsində yeni xəstəxana binalarının inşası başa çatdırılıb.
Qarşıdakı illərdə görüləcək işlər daha çox, imkanlar daha geniş olacaq. “Əminəm ki, Qaradağ rayonu bundan sonra Azərbaycanın iqtisadiyyatında daha da böyük rol oynayacaq” - ulu öndərin 15 il əvvəl dediyi sözlər növbəti onilliklər üçün də inkişaf hədəfidir.

Vüqar Əliyev

Yazı Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar