Xalqımızın əski inancına görə, fevral ayının 1-dən kiçik çillə başlayır. Bu isə o deməkdir ki, qışın 20 günlük sərt, ağrı-acılı dönəminə dözməli olacağıq.

Əski çağlarda insanlar üçün qış dönəmi sanki həyatın ölməsinə bərabər idi. Qışın girməsiylə, qarın yağmasıyla insanların yaşamı çətinləşir, çöl-bayırda hərəkət imkanları bütünlüklə məhdudlaşırdı. Onların bu çətinliyə dözməkdən başqa yolu qalmırdı. Düşünmək çətin deyil ki, çağdaş elmi-texniki imkanların olmadığı çağlarda insanlar qış fəslində hansı maddi və mənəvi əzabları çəkiblərmiş: aylarla davam edən cansıxıcı, darıxdırıcı soyuq hava, yeməyin tükənməsi, istiliyin yetərsizliyi və qarın əlindən qapıdan bayıra çıxmağın mümkünsüzlüyü...
Xalqımızın əski dünyagörüşündə qışın gəlməsi gerçək anlamda ağrı-acının, çətinliyin başlaması idi və buna ulularımız “çillə” deyirdilər. “Çillə”, “çilə” sözü əski türkcəmizdə dərd, ağrı-acı, çətinlik, iztirab deməkdir. Bu söz Türkiyə türkcəsində “çilə” biçimində daha işləkdir.
Dədə-babalarımız qışın gəlişini öz yaşamlarında ağrı-acının, çətinliyin başlaması kimi rəmzləşdirib, obrazlaşdırıblar. Bu sayaq obrazlaşdırma həm də qış fəslini mərhələlərə bölüb. İnsanlar hər dönəmi aşdıqca yaza yaxınlaşdıqlarına daha dərindən inanıblar. Bu istəkdən, düşüncədən yaranıb qışın çoxəsrlik çillə mərasimləri.
Əcdadlarımız qışın çillə dönəmlərini bu sayaq sıralayıblar: böyük çillə - 22 dekabr - 31 yanvar; kiçik çillə - 1-22 fevral. Bunun ardınca martın 22-dək davam edən dönəm isə el arasında “boz ay” adlanır. Bu ay su, od, yel, torpaq çərşənbələrinin keçirilməsilə yadda qalır.
Beləliklə, qış bitir, yazın gəlişilə təbiət yenidən oyanır, dirilir ki, bu da Novruz bayramıyla geniş qeyd olunur. Ümumiyyətlə, qışın girməsi ilə başlanan çillə mərasimləri çətinliyə, ağrı-acıya dözə-dözə Novruza doğru yol getməkdir, ona mərhələli şəkildə hazırlaşmaqdır.
Kiçik çillənin ən xarakterik əlaməti bu 22 günlük dönəmin çox sərt keçməsidir. El arasında buna “qışın oğlan çağı” da deyilir. Kiçik çillənin birinci ongünlüyü “Xıdır nəbi” (peyğəmbər) mərasimi adlanır. Belə bir ata sözümüz var: "Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı". Xıdır nəbi qışın dondurucu çağında çağırılarmış və bu münasibətlə ayrıca mərasim keçirilərmiş. Mərasimin hamı tərəfindən qeyd edilməsi üçün yoxsullara yardım olunarmış. Kiçik çillənin onuncu günü bayram edilərmiş.
Əski çağlarda "Xıdır nəbi" mərasiminə çillənin ilk günündən hazırlığa başlayarmışlar. Sacda qovurğa qovurar, qovurulmuş buğdadan qovut düzəldərmişlər. Çərəzlər, qurudulmuş meyvələr bayramda üzə çıxarılarmış, süfrəyə düyü və xəmir yeməkləri verilərmiş.
Bir sözlə, çillənin fəlsəfəsi qışın sərtliyinə dözmək, onunla döyüşə girmək, çətinlikdən qorxmamaq, qışı bir təbii gediş kimi yaşamaq, ötüb keçmək, yaza - işıqlı, isti günlərə qovuşmaqdan ibarətdir.

Soltan Soltanlı