Ölkədə qeyri-neft sənayesinin şaxələndirilməsi üçün mühüm işlər görülür
Dünya neft bazarında baş verən son proseslər göstərdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasət öz bəhrəsini verməkdədir. Belə ki, 2015-ci ilin birinci rübünün yekunlarına əsasən Azərbaycan iqtisadi artım səviyyəsinə görə dünya ölkələri arasında ön sıralardadır. Prezident İlham Əliyev ilin ilk rübünün yekunlarına həsr olunmuş hökumət müşavirəsində bu məqama xüsusi diqqət yetirib: «Birinci rübdə ümumi daxili məhsul 5 faizdən çox artıb. Bu, çox gözəl göstəricidir, həm region, həm dünya üçün. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır».
Ölkə başçısı bildirib ki, Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektoru ilin əvvəlindən 7 faiz artıb: «Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olub. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməyib. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir».
Qeyd edək ki, qeyri-neft sektorunun, azad sahibkarlığın inkişafı Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin başlıca istiqamətlərindən biri olmaqla, eyni zamanda iqtisadi və sosial problemlərin həllində mühüm amildir. Ötən illər ərzində ölkədə sahibkarlığın inkişafı üçün vacib olan qanunvericilik bazası yaradılıb, sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsini, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, sahibkarlıq mühitinin sağlamlaşdırılmasını təmin edən normativ hüquqi aktlar qəbul edilib. Bu baxımdan, sahibkarlıq subyektlərinin qeydiyyatı, idxal-ixrac əməliyyatları sahəsində «Bir pəncərə» prinsipinin tətbiqi mühüm əhəmiyyətə malikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, «Bir pəncərə» sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 3 günə endirilib.
Ölkədə biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sağlam rəqabətin təmin edilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, sahibkarların maarifləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində 2014-cü ildə ümumi daxili məhsulun həcmində özəl sektorun payı 81,9 faiz təşkil edib. Aqrar sektor, sənaye, ticarət, mehmanxana və iaşə xidməti, tikinti, nəqliyyat, rabitə kimi istehsal və xidmət sahələrində qeyri-dövlət bölməsinin payı 70-99 faiz arasında dəyişir. Məşğulluğun 73,4 faizi özəl sektor tərəfindən təmin edilir. 2014-cü ildə özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 79,5 faizini təşkil edib.
Ölkədə sahibkarlıq subyektlərinin sayı 614423 vahid olmaqla, 37,2 faizi Bakı şəhərində, 62,8 faizi regionlarda qeydiyyatdan keçib. 2014-cü il ərzində 9130 yeni hüquqi şəxs qeydiyyata alınıb.
Sahibkarlara verilən güzəştli kreditlərin həcmi 1,5 milyard manatı ötüb
Qanunverici bazadakı mühüm dəyişikliklərlə yanaşı, Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxış imkanları genişləndirilir. Bu sahədə dövlətin sahibkarlara dəstəyi mühüm yer tutur.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin sözlərinə görə, Prezident İlham Əliyevin sənayeləşmə siyasəti çərçivəsində Azərbaycanda qeyri-neft sənayesinin şaxələndirilməsi istiqamətində mühüm işlər görülür. Həyata keçirilən tədbirlər mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni sənaye məhsulları istehsalı sahələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi və sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi baxımından öz nəticəsini verir.
İcraçı direktor deyir ki, 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə sahibkarlığın inkişafına əvvəlki ilə nisbətən daha çox - 295 milyon manat güzəştli kredit verilib. Bu kredit hesabına 5570-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilib. Həmin layihələrin reallaşdırılması 12500-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. 2013-cü illə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 24,6% artıb. Güzəştli kreditlərin 77%-i respublikanın regionlarının, 23%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. 2015-ci ilin ötən dövrü ərzində isə 2400-dən çox sahibkara 83,6 milyon manat güzəştli kredit verilib ki, nəticədə 5800-ə yaxın yeni iş yeri yaradılıb. Ötən il ərzində bu kreditlər hesabına maliyyələşdirilmiş yeni texnologiyalara əsaslanan 40-a yaxın istehsal, emal və aqrar sektora xidmət infrastrukturu müəssisəsi istifadəyə verilib. O cümlədən «Sənaye ili» elan olunan 2014-cü ildə 27 yeni sənaye müəssisəsinin yaradılması istiqamətində investisiya layihəsinin maliyyələşdirilməsinə 69,2 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə SKMF xətti ilə sahibkarlara verilən kreditlərin həcmi 1,5 milyard manatı ötüb.
İdxal və ixrac prosedurlarının sadələşdirilməsinə ehtiyac var
Azərbaycanda sahibkarlığın inkişafı sahəsində görülən işlər müxtəlif beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Beynəlxalq aləmdə biznes mühitinin rahatlığı göstəricilərini özündə əks etdirən hesabatlardan sayılan «Doing Business» reytinq hesabatı ölkəmizdə əldə edilmiş nailiyyətləri bir daha təsdiq edib. Beynəlxalq Maliyyə Korporasiyasının Dünya Bankı Qrupu tərəfindən açıqlanmış «Doing Business 2015» reytinq hesabatında Azərbaycan 189 dünya ölkəsi arasında 8 pillə irəliləyərək 80-ci yerdə qərarlaşıb. Son bir il ərzində biznes mühitinin təkmilləşdirilməsi sahəsində mövcud qanunvericiliyini daha da yaxşılaşdıran ölkəmiz «Doing Business 2015» hesabatında ən çox islahat aparan 10 ölkə sırasına daxil olub və bu sıralamada 8-ci olmaqla bir çox dövlətləri qabaqlayıb. Hesabatda Azərbaycanın 3 indikator üzrə («Əmlakın qeydiyyatı», «Biznesə başlama» və «Vergilərin ödənişi») həyata keçirdiyi islahatlar nəzərə alınıb. Ümumiyyətlə, Azərbaycanda 2007-ci ildən indiyədək ardıcıl olaraq 9 indikator («Biznesə başlama», «Tikinti icazələrinin alınması», «Əmlakın qeydiyyatı», «Kreditlərin alınması», «İnvestorların maraqlarının qorunması», «Vergilərin ödənişi», «Müqavilələrin icrası», «Xarici ticarətin aparılması» və «İşçilərin işə qəbulu») üzrə reallaşdırılan 19 islahat «Doing Business» hesabatlarında nəzərə alınıb.
İqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanın son illər «Doing Business» və bir sıra digər hesabatlarda böyük irəliləyişlər əldə etməsinin səbəblərindən danışarkən ölkəmizdə «ASAN xidmət»in yaradılmasını və əmlakın qeydiyyatının elektronlaşmasını xüsusi vurğulayır. Ekspertin fikrincə, gələcəkdə bu kimi fəaliyyətlərin daha da genişləndirilməsinə ehtiyac var: «Qonşu ölkələrlə müqayisədə Azərbaycanda bir sıra prosedurların sayı yaxşıdır, amma bəzilərinin də təkmilləşdirilməsinə ehtiyac var. Məsələn, biznesə başlama indiqatoruna uyğun olaraq Azərbaycanda tələb edilən prosedurların sayı 3, günlərin sayı 5-dir. Qeyd etmək istərdim ki, inkişaf etmiş ölkələri birləşdirən İqtisadi İnkişafla Əməkdaşlıq Təşkilatında bu göstərici uyğun olaraq 5 və 9-dur. Mərkəzi Asiya və Mərkəzi Şərqi Avropa ölkələrində bu göstərici 5 və 12-dir. Yəni praktik olaraq Azərbaycan həm İqtisadi İnkişafla Əməkdaşlıq Təşkilatının, həm də region göstəricilərinə əsasən daha yaxşı mövqeyə malikdir. Eyni zamanda əmlakın qeydiyyatı, vergi ödənişləri ilə bağlı prosedurlar digər ölkələrlə müqayisədə Azərbaycanda daha yaxşı hesab olunur. Amma sözsüz ki, biznesin inkişafı aspektindən bir sıra digər prosedurların və xüsusən də günlərin sayının azaldılmasına ehtiyac var. Buraya, məsələn, elektrikdən istifadə edilməsi və elektriklə təmin edilməsi ilə bağlı xidməti daxildir. İdxal və ixrac prosedurlarının sadələşdirilməsi vacibdir».
Həmsöhbətimiz deyir ki, Azərbaycan gənc ölkə olduğundan sahibkarlığın inkişafı ilə bağlı müəyyən çətinliklər və problemlər də müşahidə olunur. Onun sözlərinə görə, əslində bu gün sahibkarlığın inkişafına səbəb olan ciddi çətinliklərdən biri sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının yetərli olmamasıdır: «Praktiki olaraq bu onunla bağlıdır ki, kommersiya banklarının real sektora yönəltdiyi maliyyənin həcmində kəskin artımlar müşahidə edilmir, ayrılan kreditlər yüksək həcmdə deyil. Təbii ki, bu eyni zamanda sahibkarlara imkan vermir ki, alternativ maliyyə mənbələrindən tam olaraq faydalana bilsinlər. Ölkə başçısı da bununla bağlı müvafiq tapşırıqlar verib. Prezidentin çıxışlarında sahibkarlara verilən kreditlərin həcminin artırılması əsas məqamlardan biri kimi qeyd olunur. Bu baxımdan, sahibkarlıq subyektlərinə verilən kreditlərin həcminin artırılması və tənzimlənməsinə, sahibkarların maliyyə mənbələrindən istifadə etməsinin yaxşılaşdırılmasına ehtiyac var. Sahibkarlığın inkişafı ilə bağlı problemlərdən danışarkən xüsusilə regionlarda sahibkarlıq subyektlərinin fəaliyyətlərinə bəzi hallarda olan yersiz müdaxilələri də qeyd etmək lazımdır. Baxmayaraq ki, bu gün əvvəlki illərlə müqayisədə yoxlamaların elektronlaşması müdaxilələrin ciddi şəkildə azalmasına gətirib çıxarıb, amma, təəssüflər olsun ki, belə hallar yenə var».
* * *
Bu gün ölkə iqtisadiyyatı qarşısında duran mühüm vəzifələrdən biri qeyri-neft sektorunun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, təkmilləşdirilməsi, onun dövlət tərəfindən müasir bazar iqtisadiyyatının prinsipləri əsasında daha səmərəli tənzimlənməsidir. Dünya maliyyə-iqtisadi böhranı bir daha sübut etdi ki, bütün ölkələr üçün eyni inkişaf reseptləri, tövsiyələr qəbul edilə bilməz. Müasir bazar iqtisadiyyatın bütün sahələrinin qarşılıqlı təsirindən ibarət olan mürəkkəb, çoxsahəli sistemdən ibarətdir. Bazar iqtisadiyyatını isə azad rəqabətə əsaslanan sahibkarlıq fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın hazırkı və gələcək iqtisadi tərəqqisi də məhz sahibkarlığın hansı səviyyədə inkişaf etdirilməsindən asılıdır.
Fəxriyyə Abdullayeva
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir