bəşəriyyətin öz mənəvi azadlıq və rahatlığı naminə imtina edə bilməyəcəyi gözəl “məhkumluq”...

Sonuncu ifadənin “açması”ndan öncə, bu mövzunun təsəvvürümdə nələr saçması barədə bircə cümlə: Vaxtaşırı olaraq dünyəvi və milli problemləri aspektual mətbu çözümünə (bu minvalla, həm də Azərbaycan jurnalistlərini maraqlı və aktual mövzularla qələm yarışmasına) cəlb edən KİVDF-nin budəfəki müsabiqə istiqamətlərindən biri - “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” məsələsi dünyamızın keçmiş ala-tala başağrısı, müasir qlobal problemi, gələcək “Olum, ya ölüm?!” taleyi...

Belə də, başlıqdakı qeyri-sinonim ifadələrin qarşılıqlaşdırılması təbii deyilmi? Necə ki özümüzün dözümlülük, yolagetməklik, dostdolanmaqlıq kimi kəlmələrimiz ola-ola, qəbul etdiyimiz bu gəlmə (lakin həm də çox qısa-konkret) “tolerantlıq” terminini məmnuniyyətlə işlədirik. Doğma “məhkumluq” ifadəsi isə, burada, bir çox insani, maddi, siyasi, nəticə etibarilə inzibati məhkumluqların qarşısının alınmasına məxsusi bir işarət...
Əslində, bu istək, bu arzu-dilək bütün müqəddəs kitabların da “əzəl mübtədası”; - cəmi-bəndələr bərabərdir, inam, iman, dil, din, irq fərqlərindən asılı olmayaraq, hamı biri-birinə mehriban, dost-qardaş münasibətlərilə yanaşmalıdır...

Bəs, dünyəvi aləmdə?..

Yəni dünyəvi kitablarda, düşüncələrdə, diskussiya, konfrans, forumlarda...
Xoşbaxtlığımızdan, bu sahədə dünya üzrə daha öndəyik və bu, bəndənizə özümüzdən başlamaq fürsəti verir. Ancaq, öncə, bu mətləbə müxtəsərcə bir “giriş”.
Yaxşı bilirik ki, böyük elmi-texniki inkişafda, elitar-humanitar yüksəlişdə, “polifonik”-demokratik çağırışlarda olan dünyamız, həmin bu mövzu ilə ilgili yeni-yeni sosio-psixoloji əksliklər, etno-demoqrafik kataklizmlər də doğumaqda. Mənbəyini “arxaik”liklərdən götürmüş bu “yeni”likləri çiçəkləndirən “neo-demokratlar” da ki, hamıya bəlli...
Bu məsələdə bizim yerimiz, layiq-ləyaqətimiz isə hamı üçün daha aydın, daha bəlli. Yəni, dünya necə və nə qədər tədqiqat aparır-aparsın, nə bu həqiqətimizin əksinə olan bir fakt tapa, nə bir “elmi-gümana” gələ bilər. Nədən ki, bunu bu xalqın “ədəbi-bədii gümanları” da inkar edir; hətta, hamımızın “dabbaqda gönünə bələd olduğumuz”, ötən əsrin əvvəllərində bütün dünyaya bəlli türk-müsəlman qırğınları törətmiş ermənilərə münasibətdə belə! Mirzə Ələkbərimiz “Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir, Ülfəti-ünsiyyətə dair xitabət vəqtidir!” (“Beynəlmiləl”) kimi poetik çağrıları, Mirzə Cəlilimiz isə... qarşısındakı “kafər”in yanıqlı bir muğam parçası çalğısına uyumuş yüzbaşımızın dilindən verdiyi “Ay erməni, dur burdan rədd ol! Yoxsa, vallahi, bu saat səni də öldürrəm, özümü də!..” (“Kamança”) kimi publisistik əfvi ilə...
Yaxud, təkallahlılıq barədə hamıdan çox və obrazlı danışanların öz ölkələrindəki Allah evlərini - məscidləri yıxıb-dağıtmalarının, “müqəddəs” adlandırdıqları peyğəmbərlərinin müsəlman həmkarını mətbu səhifələrində literatur-karikatur təhqirlərinin, küçə, meydan və digər həyat səhnələrində “fundamentalizm”, “fobiya” kimi ariyalarının qarşılığında bizim onlara məxsus ibadətgahlara ümumxəlqi mehrimiz, həmin binaların təmirində, yenilərinin inşasında və öz iştirakı ilə onların keçirdiyi tədbirlərin daha da şərəflənməsində ölkə başçımızın qayğı-sayğıları...

Belə...

Bunlar bizim keçmiş beləliklərimiz - başqa din və millətlərə münasibətdə ümumxəlqi fəlsəfəmiz.
Bəs, dünya gözündə özlərinin “yazıq”, “fağır” və “lider”, “derjava” obrazlarını yaratmaq istəyənlərin səfsətələri?! Məsələn, bir vaxtlar məlum ərazimizə daraşıb, nəhayətdə dövlətləşmiş gəlmə bir etnosun növbəti Qarabağ qəsbkarlığı və... hazırkı monoetnikliyi! Yaxud, məlum qitələrin bütün dünyaya “tolerantlıq”, “milli münasibətlər”, “milli muxtariyyət hüquqlarının tanınması” kimi siyasi etiket paketləri ixrac etmələri və sair...
Deyirlər, “Ailə kiçik dövlətdir”. Belədirsə, ayrı-ayrı dövlət, ölkə vahidlərinin hər birini də “kiçik dünya” hesab etmək mümkün. Bu halda, hər bir ailə başçısı ilə hər bir dövlət başçısının idarəçilik qabiliyyətlərini də paralelləşdirmək məqbul. Belədə, birincilərin öz “kiçik dövlət”ini - evini idarəetmə qaydaları ilə eşik əks-sədaları arasındakı mütənasibliyi ikincilərin öz “kiçik dünya”larını - ölkələrini idarə etmələrilə adekvatlaşdırmaq olar.
Bizdə bu sarıdan da dünyəvi bir alın açıqlığı, üz ağlığıdır! Bunun təsdiqi üçün ölkəmizin başçısı İlham Əliyevin bu sahə ilə bağlı saysız-hesabsız işlərindən, dünyanın mötəbər yığıncaqlarında irəli sürdüyü ali təşəbbüs, layihə və çıxışlarından yalnız birini - “Dini tolerantlığın möhkəmləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətindən bəzi məqamlara diqqət yetirmək kifayətdir.
“Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Razılıq hissi ilə qeyd etmək istərdim ki, bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur”.
Tarixi qaynaqlar da göstərir ki, milli münasibətlərə “quruluş”u, əsasən, dini münasibətlər verir. Bu, tamamilə təbii; yalnız və yalnız bəsirət gözü ilə görülə bilən - Tanrı, bioloji gözlə görünənlərin hamısının fövqündədir! Və bu ulu Varlıq yolunu uzun əsrlər boyu bir-birinə qısqana-qızırğalana gələn bəndələr zaman-zaman elə öz əqli seçkinlərinin (məsələn; “Ey millət! Bil ki, ən düzgün, ən gerçək təriqət sivilizasiya təriqətidir!” - Atatürk) fikirləri sayəsində dini dərk qloballaşmasına qədəm qoysalar da, bir çox “dünyəvi” inanclılar öz məqsədləri üçün bunu da siyasiləşdirdilər...
Xeyli vaxtdır sağlam ümumdünya məntiqindəki “Azərbaycan tolerantlıqda Avropaya nümunə ola bilər” ehtimalı artıq təsdiqi bir həqiqətə çevrilib. Tək elə siyasi baxımdan deyil, dini və milli mənsubluq sarıdan da həssaslıqlar yaşayan regionumuzda ölkəmizin bu sahə üzrə də liderliyi etiraf edilir. Elə bu məqamda qeyd edim ki, digər sahələrdəki liderliklərimiz son illərin məhsuludursa, sözügedən öncüllüyümüz qədim milli ənənələr bünövrəmiz üstündə təşəkkül tapıb. Min illərdir milli mənşə, mədəni-məişət bərabərliklərində yaşadığımız azsaylı xalqlara doğma münasibət bəsləntilərimiz, mental xarakter-xasiyyət və “can!” dilimiz müqabilində eşitdiyimiz “can qardaş!”, “bəradərim!” kəlmələri, “Bayatı-türk” - “Bayatı-kürd” kimi mənəvi qayna-qarışlar üstdə bərqərar olub. Tolerantlıq - dini və milli münasibətlər heç zaman inzibati metodlar hesabına formalaşdırılmır (tarixdə buna az-çox cəhdlər edilmiş olsa da) və bu heç mümkün də deyil; bütün digər sevgi-rəğbət “parametr”lərində olduğu kimi, bu “qarşılıq” da zor qəbul etməz. Siyasətlər, dövlətlər, hökumətlər bu işin yalnız inkişafına qarışa bilərlər ki, hazırda Azərbaycan rəhbərliyi bunun, belə demək mümkünsə, brend-nümunəsini yaratmaqda...
Bəli, bizim ölkəmizdə dini və milli tolerantlıq o səviyyə və məşhurluqdadır ki, bu yaxınlarda Avropa dövlətlərinin ən inkişaflısı hesab edilən Fransadan deportasiya edilən qaraçıların bir qismi Azərbaycana gəlməyə çalışıb. Bizim sadə xalqımızın, rəsmi dövlət strukturlarımızın ölkəmizdə yaşayan dini və milli azlıqlara münasibətini dəyərləndirmək üçün müqayisələrə ehtiyac olmasa da, hər halda, bu gün Avropa və Amerikada bu zəmində baş verən münaqişələri, ərazi və əhalicə böyük Rusiyada skinhedlərin hətta öz vətəndaşları olan qeyri-rus sakinlərə qarşı aqressiv münasibətlərini xatırlayıb, öz milli böyüklüyümüzün fərqinə varmağa dəyər. Hələ... otuz milyondan çox soydaşımızın yaşadığı məlum ölkənin onlar üçün bircə anadilli məktəbin açılması tolerantlığına malik ola “bilməməsi”... Bütün bunlar (Mirzə Fətəlinin “Kimyagər”ində “yadasalınmaz”a bənzər qonşumuz başda olmaqla) region ölkələri ilə müqayisədə Azərbaycanın tolerantlıq modeli olduğunu bir daha təsdiqləmirmi? Bu kimi bir qədər ümumi suallara -

Konkret cavablar

Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə olmuş Roma Papası, Rus Pravoslav Kilsəsinin rəhbəri və Konstantinopol patriarxının müştərək qənaətləri: Azərbaycan tək elə neft deyil, tezliklə bütün dünyaya tolerantlıq ənənələri də ixrac edəcək bir ölkə ola bilər.
Bir dəfə telemüsahibələrinin birində yəhudilərin Azərbaycanda iki min ildən artıqdır yaşamasından, nə MDB məkanında, nə dünya miqyasında Azərbaycan kimi ikinci bir tolerantlıq nümunəsinin olmadığından, ata-babalarının da gözünü açıb Qubada və Bakıda kilsə gördüklərindən, BDU-da ivrit fakültəsi olduğundan danışan yəhudi əsilli deputatımız Yevda Abramov sözünü belə tamamladı: “Dünyada yəhudilərin kompakt yaşadığı iki yer var - biri Yerusəlim, biri də Quba”...
Ümummilli lider Heydər Əliyevin bu sahəyə dair fikirləri, əməlləri, qərar və göstərişləri isə bir yazılıq, bir qəzetlik yox, bir kitablıqdır ki, burada onun yalnız fəsillərinə toxunmaq mümkün. Məhz ulu öndər tərəfindən əsası qoyulan və hər il qeyd edilən “Tolerantlıq Günü”, milli vəsiyyətləri kimi həyata keçirilən “Sivilizasiyaların dialoqu”, “İslamda dözümlülük” mövzulu beynəlxalq konfranslar, 2009-cu ildə İSESCO-nun Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi...

Tahir Abbaslı

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar