Ürək! Sən insan köksünün çırpınan, sirlərlə, dərdlərlə dolu bir aləmisən. Sən, hər insanın yumruğu boyda olsan da, sirlər, sehrlər, arzular, istəklər, niyyətlər məskənisən...

Dünyada hər bir şeyi sənlə dəyərləndirib, onun qiymətini sənin adınla verirlər. Yaxşı oxuyana gözəl səsin, gözəl ürəyin var, deyirlər. Yaxşı yazana gözəl qələmin, böyük ürəyin var, deyirlər. İnsan birinə yaxşılıq edəndə “onun nə böyük ürəyi var imiş” - deyirlər. Kövrək, həlim insana, “kövrək ürəkli”, qəddar, amansız insana isə “daşürəkli”, yaxud “ürəksiz” deyirlər...
İnsanın bütün işini, hər amalını, arzu və niyyətlərini səninlə bağlayırlar, ay ürək!
Sən insanın həm də güvən yerisən. İnsan heç kimlə bölüşə bilmədiyi, heç kimə deyə bilmədiyi arzusunu, niyyətini, dərdini, sirrini sənə etibar edir, sənlə bölüşür, səndən kömək, imdad diləyir. İnsan çətinə düşəndə sən olursan onun ən yaxın təsəllisi, ən yaxın məsləkdaşı, ən yaxın dostu, həmdəmi. Bir işi görmək istəyən zaman insan ilk dəfə sənlə dərdləşir, öz içində götür-qoy edib bir nəticə hasil etməyə çalışanda sən olursan onun yanında. Sən insan fikirlərini, insan duyğularını yerli-yerində bölüşdürməkdə insanın ən yaxşı məsləkdaşı, ən yaxşı köməkçisi olursan, ay ürək!
Ürək, mən isə səni tənhalığın ən yaxın dostu, həmdəmi adlandırmaq istəyirəm. Həyatı boş olan tənha insanları sən heç vaxt tək qoymadan, gecə də, gündüz də onların yanında olub, darıxmağa, inciməyə qoymursan. İnsan darıxıb dərdini sənə deyəndə, ona həmdəm olursan. Bəzən heç kimə göz yaşlarını göstərməyən insanlar bu yaşları ürəyinə axıdanda sən yenə də öz qollarını açaraq bu yaşlara bələnirsən, onu tək qalmağa, acı çəkməyə qoymursan...
Sən insan daxilinin ən etibarlı sirdaşısan. Axı insan istəsə belə, səni heç nə ilə əvəz edə bilməz. Sən insanın ən əvəzsiz parçasısan. Elə bir parçası ki, onun qiyməti heç bir yerdə yoxdur. Sən istədiyin vaxt insanı sevindirib güldürür, istədiyin vaxt isə kədərləndirib ağlada bilirsən.
Sən ağrıyanda, sən sızlayanda isə insan bu ağrıdan çox qorxub sənə əlac etməyə çalışır. Sənin inciməyini, möhkəm çırpınıb çapalamağını istəmir heç kəs. Axı insan dünyasının səndən etibarlı dostu, səndən böyük güvən yeri yoxdu. Yumruq boyda olduğun halda hardandı səndə bu boyda etibar, bu boyda dəyər, bu boyda sevgi-məhəbbət, hardandı, axı?!
İnsan səninlə sevir, səninlə sevilir, ürək. İnsan sevdiyi insanı səninlə sevəndə, səni ona verəndə bu sevgi daimi, əbədi, əlçatmaz, ünyetməz olur. Ürək verilən sevgi daimi, qibtə olunan, nümunəvi olur. Ona görə də deyirlər ki, ”Əgər sevirsənsə, ürəklə sev, onda bu sevginin istisi qəlbini daim hərarətli və təravətli edəcək”. Əgər səndə xoş niyyət, böyük sevgi, yaxşı duyğular varsa, səni daşıyan insan öz gözəlliyini, təravətini və cavanlığını qoruyub saxlaya bilir, onun siması sanki işıq saçır aləmə.
Ürəklə görülən işin həmişə gözəl nəticəsi olur. “Ürəksiz” görülən iş heç vaxt insanı sevindirib ona başucalığı gətirə bilmir...
Səni sevməyənin dəlisi olub, onun vurğununa çevrilirsən, nədən?! Onda sən nə qədər yanıb-yaxılsan da, ağlayıb-sızlasan da, içinə yazdığın adı oradan qoparıb ata bilmirsən, nədən?! O sevgi ilə, o duyğu ilə içdən daim sızlaya-sızlaya çırpınırsan, heç kimə anlatmadan, heç kimə bildirmədən. Bəs o zaman sənin dağlar boyda olan qürurun harada qalır ki, bir hiss, bir duyğu ilə bacara bilmirsən... Sən nə qədər müəmmalı, nə qədər sirli, nə qədər duyğulusan?!
Bilə-bilə ki, sənsiz insan heçdi həyatda, nədən susub insanları yarıda qoyub onların arzu-istəklərini puç edirsən?! Axı necə qıyırsan buna, ürək? Sən insan duyğusu, insan arzusu, insan amalının həyatvericisi olduğun halda bəs nədən onların bu niyyətlərinin, arzu-istəklərinin həyata keçməsinə imkan vermədən, susub dayanaraq onları yarıda qoyursan? Axı sən böyük sevgilər, böyük dözümlər məskəni olduğun halda, nədən susub insanın həyata əlvida deməsinə imkan yaradırsan?! İnsan səndə bir dünya gəzdirdiyi halda sən sonda bir insanı saxlaya bilmirsən. İnsan sənlə dünyaya gəlir, nə qədər ki, sən köksündə döyünürsən sənlə yaşayır, sən susub dayananda isə gözlərini yumaraq bu həyata əlvida deməli olur. Demək, sən insanın həm yaxın dostu, sirdaşı, sonda isə ən etibarsız yoldaşı olursan, ürək!..

Məryəm Əliyeva,
Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar