İki ilə yaxındır ki, fəaliyyət göstərən Avto FM 107.7 radiosu dinləyicilərə müxtəlif səpkili proqramlar təqdim edir. Yeni mövsümdən isə radio daha maraqlı və rəngarəng layihələrlə onların görüşünə gələcək. Radionun yaradılmasında əsas məqsəd vətəndaşları yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırmaq, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən təqdim edilən informasiyanı ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin nəzdində fəaliyyət göstərən radionun baş koordinatoru Rövşən Həsənov yeni mövsümdə baş verəcək yeniliklər barədə danışdı. Bildirdi ki, Fərid Rzayev, Cavid Nemətzadə və Ülviyyə Ağayevanın təqdimatında fərqli formatda həftə içi beş gün səhər saat 08:00-dan 11:00-a kimi efirə gedəcək əyləncə və informasiya xarakterli “Şirin çay” verilişində müxtəlif rubrikalar, dinləyicilərə ötən gün ərzində dünyada baş verən maraqlı hadisələr, faktlar, musiqi və mədəniyyət aləmindən olan yeniliklər təqdim olunacaq. Məzmun və fərqlilik baxımından dinləyicinin maraqlarına cavab verən rubrikalar əsasən informasiya yüklüdür. Bununla yanaşı veriliş boyunca musiqilər də səsləndiriləcək.
Avto FM-in maraqla dinlənilən verilişlərdən biri də “İnspektor”dur. Sürücü və piyadaların maarifləndirilməsi, yollarda təhlükəsizliyin təmin edilməsi üçün Dövlət Yol Polisi ilə birgə layihə olan verilişin məqsədi yol nişanları, yol-nəqliyyat hadisələri və onların baş vermə səbəbləri, yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyəti müəyyən edən qanunvericilik aktları və nəqliyyatla bağlı digər məlumatlar, bundan başqa, sürücülük vəsiqəsi, texniki baxış, nəqliyyat vasitələrinin qeydiyyatı və s. haqqında qanunlara edilən dəyişikliklər barədə sürücüləri xəbərdar etməkdir. Veriliş həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 18:00-dan 20:00-dək Aydın Əliyevin və Rövşən Həsənovun təqdimatında efirdə yayımlanır.
Həftə ərzində efirə gedən, Nəqliyyat Nazirliyi və Avto FM-in birgə layihəsi olan “Dispetçer” verilişində ictimai nəqliyyat, taksilər, yeni yollar, beynəlxalq marşrutlarla bağlı yeniliklər, yeni marşrut istiqamətlərinin açılması və ya dəyişdirilməsi haqda məlumat çatdırılır. Verilişdə vətəndaşların ictimai nəqliyyatla bağlı təklif və rəyləri də səsləndirilir.
“ASAN xidmət”lə birgə layihə olan “Asan cavab”, günorta saatlarında efirə gedən “Avtogid”, ötən illərin musiqisini özündə əks etdirən “80-cilər” və “90-cılar”, “Muğam dünyası” kimi verilişlər də radionu dinləyicilərə sevdirə bilib. Avto FM-in efirində hər saatın tamamında ölkəmizdə və dünyada baş verən hadisələr haqda informasiya buraxılışı da təqdim edilir. Qeyd edək ki, verilişlərə qoşulmaq üçün *1077 nömrəsinə zəng və ya bütün mobil operatorlardan 1077 nömrəsinə SMS göndərmək kifayətdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar