Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, adət-ənənələrini, bu torpaqda ta qədimdən mövcud olmuş polietnik palitranı təcəssüm etdirən azərbaycançılıq məfkurəsinin qatları tariximiz qədər zəngin və dərindir. Xalqımızın böyük mütəfəkkirlərinin, ədiblərinin, dövlət xadimlərinin fəaliyyətində bu ideya hər zaman özünü göstərib.
Azərbaycançılıq öncə vətən, yurd deməkdir. Sonra ona vurğunluq, bu vətən naminə yaşayıb-yaratmaq, azərbaycançı olmaq. Bu vurğunluğu misraya çəkən şair də, ona mahnı qoşan bəstəkar da, vətəni tərənnüm edən melodiyalarla dünyanı gəzən müğənni də, yurdun gözəlliklərini kətana köçürən rəssam da, ölkəsinin adını ucaldan alim də, iş başında vicdanla çalışıb tər tökən fəhlə də azərbaycançıdır.
Amma bir var, bu məfkurə ilə fərd olaraq yaşamaq, onu sözündə-əməlində nümayiş etdirmək, bir də var, bunu bütün xalqı və ondan da ötəsi, dünya azərbaycanlılarını birləşdirən məfkurəyə çevirmək. Azərbaycançı olmağı ədəbiyyatdan, incəsənətdən, bir əməldən və sözdən daha ucaya qaldırıb ona dövlətçilik mahiyyəti vermək Heydər Əliyevin tarixi xidmətidir. Bu günlər böyük şəxsiyyəti vəfatının növbəti ildönümündə rəhmətlə anarkən onun milli məfkurə yolunda xidmətlərini də xatırlayırıq.
Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, siyasi-iqtisadi əsaslarını qurmaqla yanaşı, onun ideya təməlini də atıb, azərbaycançılığın banisi olub.
İkinci respublikanın 23 ayı və zamanın ibrət dərsi
“Biz 70 il marksizm-leninizm ideyalarının təsiri altında yaşamışıq. Həyatımız bu illərdə formalaşmış ictimai-siyasi, sosial-iqtisadi sistem əsasında qurulmuşdur. Bu 70 ildə Azərbaycan xalqının bir neçə nəsli təhsil almış, elm və mədəniyyətə sahib olmuşdur. İndi o ehkamlardan imtina etmişik və biz onlara qayıtmayacağıq. Ancaq eyni zamanda biz ideyasız yaşaya bilmərik. İndi təəssüf ki, cəmiyyətimizi, xalqı istiqamətləndirmək işində müəyyən qədər ideya çaşbaşlığı var”.
Heydər Əliyevin 1993-cü ilin 22 sentyabrında ölkə gənclərinin nümayəndələri ilə görüşdə dediyi bu sözlər o dövrün ictimai-siyasi qarmaqarışıqlığında bəlkə də xüsusi diqqət çəkməmişdi. Bu da təbii idi. Müstəqilliyimizin bərpasından 23 ay keçmişdi. Azərbaycan torpaqlarımızın işğalı, yüz minlərlə qaçqın-köçkün və ağır sosial-iqtisadi vəziyyətin doğurduğu dərin böhran içində idi. Birinci respublikamızın cəmi 23 ay ömrü olmuşdu. İndi isə ikinci respublika tarixin sınağından keçirdi. Bu zaman milli ideologiya barədə düşüncələr yəqin ki, ağlagələn son məsələ olardı. Amma tarixin taleyüklü dönəmlərində xalqın toparlanması üçün milli ideya birliyi digər şərtlərdən az önəm kəsb etmir. Müstəqil dövlətin gələcəyi üçün isə xalqın mənəvi dəyərlərinə söykənən məfkurə varlığı başlıca məqamdır.
Məhz buna görə də Heydər Əliyev gəncliyə və ümumilikdə Azərbaycan cəmiyyətinə xitab etdiyi həmin tarixi çıxışında düşdüyümüz ağır vəziyyətin əsas səbəblərindən birinin milli ideologiya sahəsində yaranmış boşluq olduğunu diqqətə çatdırmışdı: “Hazırkı keçid dövründə uzun illər ərzində mövcud olmuş sistemlər dağıdılmış, ancaq bunun yerində onlardan üstünü qurulmamışdır. Son illərdə biz nəyin nə olduğunu anlamağa başladıq. Bu ağır dövrdən düzgün nəticələr çıxarmağın vaxtı çatmışdır... İndiki ideyamız milli, tarixi ənənələrimiz, ulu babalarımızın yaratdığı ümumbəşəri dəyərlər əsasında formalaşdırılmalı və inkişaf etdirilməlidir”.
Müstəqilliyimizin ilk illərinin təcrübəsi bizə bir daha sübut etdi ki, xalq, cəmiyyət dəyər və məfkurə istiqamətlərini itirərsə, nəticəsi ağır olar. Uzun illər hakim olmuş ideologiyanın süqutundan sonra yeni qurulan dövləti kortəbii şəkildə, ictimai şüuru ideya baxımdan sterilizə edərək idarə etməyin fəsadları yaxın tariximizin yaddaşındadır.
Bizi özümüzə qaytaran zənginlik
Azərbaycançılıq tariximizin uzaq çağlarından gələn, xalqımızın ənənələrini, ana dilimizi, milli mədəniyyətimizi təcəssüm etdirən məfkurədir. Bu məfkurəni təbliğ etmək mahiyyət etibarilə Azərbaycan xalqının milli-mənəvi, mədəni zənginliyini dünyaya tanıtmaq deməkdir. Böyük azərbaycanlı Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə bunu özünün həyat amalı kimi qəbul edib, o cümlədən hələ SSRİ zamanında mövcud quruluşun çərçivələri daxilindəki imkanlardan istifadə edərək milli-mənəvi dəyərlərimizin təbliğatçısı olub. Həmin illərdə Azərbaycan ədəbiyyatında, incəsənətində xalqın tarixini, dəyərlərini tərənnüm edən əsərlərin yaranması, keçmiş ittifaqın şəhərlərində görkəmli şəxsiyyətlərimizin yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin təşkili məhz bu amala xidmət edirdi. Heydər Əliyevin bütün dövlətçilik fəaliyyəti, əslində, azərbaycanlı və azərbaycançı adına fəxarətdir. O, bu missiyadan doğan qürurunu illər sonra özünün məşhur kəlamı ilə ifadə edəcəkdi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
Bu qüruru, bu hissi vətəndən uzaqda yaşamaq və yaşatmaq müstəsna önəm kəsb edir. Çünki yad milli-mədəni mühitdə azərbaycanlılar üçün qloballaşma çağırışları qarşısında kimliyini saxlamaq, onu aşınmalardan mühafizə etmək çətindir. Buna görə Heydər Əliyev xarici səfərləri zamanı soydaşlarımızla görüşlərində bu məqama məxsusi diqqət verir, onları yaşadıqları ölkədə ictimai-siyasi, işgüzar həyata nüfuz etməyə, eyni zamanda tarixi Vətəni unutmamağa, milli-mənəvi dəyərlərimizi təbliğ etməyə çağırırdı.
“Mən azərbaycanlıların dünyada geniş yayılmasını istəyirəm. Başa düşürsünüzmü? Geniş yayılmasını arzulayıram”, - görkəmli dövlət xadiminin xaricdəki soydaşlarımızla son görüşlərindən birində (Ukrayna, 20 iyul 2002-ci il) xüsusi vurğu etdiyi bu sözlərə diqqət yetirək. Azərbaycanlıların dünyada geniş yayılmasını dedikdə o, sadəcə, demoqrafik göstəriciləri, azərbaycanlıların mənsəb, imkan sahibi olmasını nəzərdə tutmurdu: “Buralarda gərək bizim mahnılarımızı, adətlərimizi də bilsinlər. Azərbaycanlı olduğunuzu unutmayın. Bizim çox zəngin dilimiz var. Azərbaycan dili şeriyyət dilidir. Bu dili yaxşı bilmək lazımdır. Gərək sizin uşaqlarınız, nəvələriniz də bu dili bilsinlər. Evinizdə Azərbaycan adətləri, musiqisi çox olsun. Çünki mədəniyyət və dil qədər insanın millətini ucaldan şey yoxdur”.
Milli və bəşəriliyin təcəssümü
Bununla yanaşı, Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyası heç bir halda milli təcridolunmanı təlqin etmir. Bu məfkurə təkcə milli kimliyin ifadəsi, xalqın mənəvi irsinə hörmət, onun təbliği və tərənnümü demək deyil. O, eyni zamanda dünya irsinə, ümumbəşəri dəyərlərə açıqdır, onlardan bəhrələnir və qarşılıqlı olaraq zənginləşir.
Heydər Əliyev bu mühüm məqamı hələ 1993-cü ildə diqqətə çatdırmışdı: “Azərbaycanda müstəqillik meylləri artandan sonra hakim siyasət bir müddət bundan ibarət olub ki, Azərbaycan üçün hər şey Azərbaycanın içində olmalıdır. Kim Azərbaycan dilini bilirsə, öz kəndinin, şəhərinin mahnısını bilirsə, əsl azərbaycanlıdır. Müstəqilliyi milli məhdudiyyətdə görənlər unudurlar ki, 1918-ci ildə Azərbaycan dövlətinin yaradıcıları, bizim böyük yazıçılarımız, bəstəkarlarımız Rusiyada, Avropada təhsil almış adamlar idi. Bu olmasaydı, Üzeyir bəy klassik musiqinin Azərbaycan, Şərq musiqisi ilə sintezini yaradıb dünyaya belə gözəl nümunələr təqdim edə bilməzdi. Biz həm milli tariximizdən aldığımız mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik”.
İllər sonra böyük lider bu fikri lakonik şəkildə ifadə edərək azərbaycançılığın tarixi tərifini verdi: “Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir”.
Təbii ki, dünyada qloballaşmanın sürətlə getdiyi, milli eyniyyətin aşınmaya məruz qaldığı çağdaş zamanda millilik və bəşəriliyin sintezinə nail olmaq asan məsələ deyil. Bunu yalnız ifratçılıqdan uzaq duran, fərqli dəyərlərə açıq olan məfkurə özündə təcəssüm etdirə bilər. Azərbaycançılıq məhz belə bir ideyadır.
Heydər Əliyev ölkə rəhbərliyinə qayıdarkən 1993-cü ilin 15 iyununda Milli Məclisdə etdiyi ilk çıxışında bu məqamı xüsusi vurğulamış, respublikadakı çoxmillətliliyi Azərbaycanın sərvəti adlandırmışdı: “Biz bunu qiymətləndiririk və saxlayacağıq. Azərbaycan onun ərazisində yaşayan bütün millətlərin ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.
Bu yerdə azərbaycançı olmağın ən mühüm ideoloji nöqtəsinə gəlib çıxırıq.
Ölkəmizdəki polietnik zənginliyi özündə ehtiva edən azərbaycançılıq ideyası şovinist, monoetnik Ermənistanla apardığımız informasiya savaşında bizim güclü təbliğat silahımızdır. Ksenofobiya və özünütəcrid üzərində köklənən ermənilik ideologiyasından fərqli olaraq, azərbaycançılıq mütərəqqi bəşəri dəyərləri təcəssüm etdirən sağlam vətənpərvərlik məfkurəsidir. Onun kökündə başqa xalqlarla sülh içində yaşamaq fəlsəfəsi dayanır.
Mənəvi irsdən milli təhlükəsizlik üçün çıxarış
Azərbaycançı olmaq mahiyyət və məram etibarilə bölünməz Azərbaycanın ideya əsasıdır, çünki həm dövlətçiliyi, həm də vətənsevərliyi özündə birləşdirir. Müstəqilliyimizin ilk illərində ölkəmiz, Qarabağdakı separatçılıqla yanaşı, digər bölgələrdə də xaricdən qaynaqlanan bölücülük cəhdləri ilə üz-üzə qalmışdı. Belə zamanda Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq bu təhdidlərə qarşı mühüm ideoloji və siyasi sipər oldu.
Deyilənlərə yekun olaraq nələri qeyd edə bilərik?
Əvvəla, azərbaycançılıq bu torpaqda doğulan, kökü-soyu Azərbaycandan gələn insan üçün, harada yaşamağından asılı olmayaraq, tarixi vətənə bağlılıq, yurdsevərlik məfkurəsidir.
Azərbaycançılıq tarixi irsimizin, mənəviyyatımızın, mədəniyyətimizin, dil və ədəbiyyatımızın təcəssümüdür. Azərbaycançı olmaq bu dəyərləri uca tutmaq, təbliğ etmək, tanıtmaq deməkdir.
Azərbaycançılıq milli-etnik kimliyin fövqündə dayanan, ölkəmizdəki müxtəlifliyi, fərqlilikləri ayrılıq deyil, zənginlik olaraq görən ideyadır. Bu, çağdaş dünyanı təhdid edən etnik, dini zəmində ayrı-seçkiliyə qarşı qoyulacaq Azərbaycan nümunəsidir, ölkəmizdəki bütün konfessiya və etnosların birgəyaşayışının tarixi təcrübəsi, ümumi vətən anlayışıdır.
Və bütün bunların məcmusu olaraq azərbaycançılıq həm də milli təhlükəsizliyin mühüm şərtidir. Təsadüfi deyil ki, ölkə Prezidentinin 2007-ci il 23 may tarixli sərəncamı ilə təsdiq olunmuş “Milli Təhlükəsizlik Konsepsiyası”nda Azərbaycan Respublikasının milli maraqları sırasında (bölmə 2) Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq ideyasının təşviqi, dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan həmrəyliyin, mədəni-tarixi irsimizin, mənəvi dəyərlərin qorunması və ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi əsas müddəalar kimi qeyd olunub.
Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan xalqını əsrlər boyu yaşadan bizim dəyərlərimiz, mənəvi irsimiz olub və bu zəngin irs üzərində müstəqil dövlətimizi qurmuşuq: “Azərbaycan müasir dövlətdir, ancaq milli mənəvi dəyərlər üzərində qurulan bir dövlətdir. Biz öz dəyərlərimizə sadiqik, azərbaycançılıq ideologiyasını inkişaf etdiririk, zənginləşdiririk. Bu, möhkəm təməldir”.
Vüqar Əliyev
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur