XX əsr bir çox gözəlliklərlə yaddaşımıza həkk olunsa da, bizlərə faciəli, fəlakətli günlər də yaşatdı. 1990-cı ilin 20 Yanvarı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Həmin gün şəhidlik zirvəsinə ucalan Vətən övladları öz ölümləri ilə Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsini yazdılar...

Şəhidlər xiyabanı. Bura hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs məbədgahdır. Çünki burada uyuyan hər bir Azərbaycan övladının qanı öz vətəninin, torpağının, xalqının azadlığı uğrunda axıdılıb.
1990-cı ildə Bakıda təhsil alırdım və tələbə yoldaşlarımla o qanlı gecənin qırxıncı günündə Şəhidlər xiyabanına getdik. Burada qəlbinə dağ çəkilən anaların ürəkparçalayan fəryadlarını, iniltilərini eşitdim. Qayınatalarının, qayınanalarının yanında qısılıb için-için ağlayan ismətli gəlinlərimizi gördüm. Bir anlıq mənə elə gəldi ki, bu gəlinlər öz həyat yoldaşlarının məzarları üzərinə əyilib hıçqırıqlar içində sanki “Arxayın yat, mən sənin adına layiq övlad böyüdəcəyəm” - deyə pıçıldayırlar. Şəhidlər xiyabanında onu da gördüm ki, hələ həyatda bərkə-boşa düşməyən uşaqlar öz atalarının məzarlarına böyük fəxrlə baxaraq, elə bil, şəhid övladı olmaları ilə fəxr edirdilər...
Mədəniyyət işçiləri ilə birlikdə rayonumuzdakı Şəhidlər xiyabanını ziyarətə getmişdik. Nakam ruhların dolaşdığı məkana yaxınlaşanda bir neçə ananın fəryadlarını, ağılarını, laylalarını eşitdim. Nədənsə, bir ananın səsi məni daha çox tutdu. Elə bildim ağır bir yük altına düşdüm.
Bütün şəhidlərin məzarını ziyarət etdik. Bilmirəm, nə üçünsə bayaq səsi məni ox kimi yaralayan ananın yanında ayaq saxladım. O da qəlbinə od düşmüş digər analar kimi öz oğlunun daşa döyülmüş şəklini qucaqlayıb oxşayır, ağılar deyir, layla çalırdı. Mən göz yaşları içərisində dayanıb məzarlar üzərindən boylanan şəkillərə və bir də bu məzarlar qarşısında qan-yaş tökən analara baxıb fikirləşdim ki, insan dünyaya gələndə ona layla çalınır. Həyatın nə olduğunu bilməyən, sözün, cümlənin nə olduğunu başa düşməyən bu körpələr laylaların sehrinə düşərək xumarlanır və yuxuya gedirlər. Maraqlıdır ki, dünyadan köçən insanlar üçün də laylalar çalınır. Kim bilir, bəlkə də dünyasını dəyişən insanların ruhu da laylaların sehrində rahatlıq tapır...
Yanında dayandığım ana arıq, zərif əllərini oğlunun məzarına tərəf uzadıb hey ağlayır, ağılayırdı. Şəkildən boylanan oğul isə sanki anasına baxıb belə deyirdi: “Mən belə etməyə bilməzdim, ay ana. Çünki sənin insanları mərdliyə, cəsarətə səsləyən laylalarını, bayatılarını dinləyə-dinləyə, onlardan qidalanaraq böyümüşəm. Buna görə də mənim mayam qəhrəmanlıqdan, mərdlikdən yoğurulub. Sən məni belə böyütmüsən, ay ana!”
Mənə elə gəldi ki, payız leysanıtək yaş tökən bu anaların gözlərində bir inam, bir rahatlıq var. Düşündüm ki, bu anaların vüqarı, əzəməti qarşısında heç kəs, heç nə tab gətirə bilməz. Bu o analardır ki, oğullarını hərbi xidmətə yola salarkən “Get, oğlum, yolun uğurlu olsun! Əgər qorxsan, Vətənə xəyanət etsən, südümü sənə halal etmərəm!” söyləyirlər. Bu həmin analardır ki, min bir əziyyətlə, gözlərinin nuru, ürəklərinin təpəri ilə böyütdükləri balalarını Vətənə qurban deyirlər. Bəlkə buna görədir ki, tankların, mərmilərin qarşısında sinələrini sipər edən, heç nədən qorxmayan igidlər bir ana örpəyi qarşısında baş əyirlər. Bu örpəyi dünyanın ən müqəddəs bir qüvvəsi hesab etdikləri üçün onu uca tuturlar. Ana adının müqəddəsliyi də məhz bundadır və hər zaman Vətənlə qoşa çəkilir...
Şəhidlər xiyabanından ayrılarkən dönüb bu müqəddəs məkana bir daha baxdım. Fikirləşdim ki, bu cür anaları, belə oğulları olan bir torpaq düşmən tapdağında qala bilməz...

Məryəm Əliyeva
Kürdəmir rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı