Noyabrın 29-dan dekabrın 3-dək İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Bununla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti noyabrın 29-da İordaniyaya yola düşəcək.
    
   Azərbaycan Respublikası hökuməti ilə İordaniya Haşimilər Krallığı hökuməti arasında əldə olunmuş qarşılıqlı razılaşmalara əsasən keçiriləcək Mədəniyyət Günləri çərçivəsində Əmman və Zarka şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert, foto və kitab sərgiləri təşkil ediləcək. Mədəniyyət günlərinin təşkili iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək.
   Səfər çərçivəsində Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin İordaniyanın mədəniyyət, turizm və tarixi əsərlər nazirləri ilə görüşü planlaşdırılır.
   Mədəniyyət günləri çərçivəsində Xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblının kollektivi, Əməkdar incəsənət xadimi Məcnun Kərimovun rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı, xanəndələr İlkin Əhmədov, Vəfa Orucova, müğənnilərdən əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov və Elza Seyidcahan, Əməkdar artist, çəqanə ifaçısı Munis Şərifov, qarmon ifaçısı Etibar Qasımbəyli geniş konsert proqramları ilə çıxış edəcəklər.
   Bundan başqa, İordaniyada keçiriləcək tədbirlər sırasında «Azərbaycan ənənə və müasirliyin qovşağında» adlı fotosərgi də yer alacaq. Fotosərgidə ölkəmizin tarixi və mədəniyyəti, zəngin memarlıq ənənələri, turizm potensialı və təbiət mənzərələri, müasir inkişafı nümayiş olunacaq. Sərgidə nümayiş etdirilən fotoşəkillər Əməkdar incəsənət xadimi Leyla Axundzadə, Əməkdar rəssam Tahir Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Fərid Xayrulin və tanınmış «Yol» jurnalının fotomüxbiri, gənc, istedadlı fotoqraf Emil Xəlilov tərəfindən çəkilib.
   
   Fəxriyyə