Dini və milli tolerantlıq, fərqli mədəniyyətlərin yanaşı mövcudluğu müasir dünyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtlərindən biridir.
Tarix boyu tolerant ölkə kimi tanınan Azərbaycan həmişə dünyaya nümunə göstərilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması da ölkəmizin bəşəriyyətə örnək mesajıdır.


Respublikamızın ayrı-ayrı bölgələrində olduğu kimi, Qubada da tolerantlığın qədim ənənələri mövcuddur. Quba Azərbaycan tarixində müxtəlif xalqların və dinlərin birgə, qardaşcasına yaşadığı qədim mədəniyyət və təfəkkür mərkəzi kimi tanınır. Burada azərbaycanlılarla yanaşı dağ yəhudiləri, tatlar, ləzgilər, qırızlar, xınalıqlılar, ceklər, buduqlular, haputlular əsrlərdir mehribancasına yaşayır və öz milli mədəniyyətlərini, dinlərini, dillərini qoruyub saxlayırlar.
Quba rayonunda yerləşən və İsrail hüdudlarından kənarda yeganə yəhudi məskəni hesab edilən, dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbə xüsusi maraq doğurur. Ölkəmizdə yaşayan digər etnik qruplar kimi, dağ yəhudiləri də dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyev Qubaya səfərləri çərçivəsində Qırmızı Qəsəbənin əhalisi ilə də görüşür, buradakı icmanın milli-mədəni tərəqqisi ilə bağlı müvafiq göstərişlər verir.
5 mindən artıq sakini olan Qırmızı Qəsəbədə iki sinaqoq, dağ yəhudilərinin milli mədəniyyət mərkəzi fəaliyyət göstərir, “Birlik” qəzeti, “Qudyal” jurnalı nəşr olunur. Rayon və respublika miqyasında təşkil edilən bədii-kütləvi tədbirlərdə dağ yəhudilərinin folklor nümunələri də nümayiş etdirilir. Qırmızı Qəsəbənin yazarlarının əsərləri çap edilərək oxuculara təqdim olunur.
Qubada məscid və sinaqoqun yanaşı fəaliyyət göstərməsini, axundun ravvinlə bir yerdə çay içməsini, bayramlarda bir-birini təbrik etməsini, bir-birinin evinə qonaq getməsini görən xarici nümayəndələr təəccübləndiklərini və belə bir halı dünyanın heç bir yerində müşahidə etmədiklərini məmnunluqla bildirirlər.
Hələ 1918-ci ildə erməni-daşnak hərbi birləşmələri bölgədə bolşevik hökuməti qurmaq adı altında etnik təmizləmə siyasəti - soyqırımları həyata keçirərkən Quba qəzasında həlak olan 16 min dinc sakin arasında azərbaycanlılarla yanaşı dağ yəhudiləri, tatlar, qırızlılar və s. etnik xalqlar da vardı. Tarix boyu bu xalqlar vətənimiz Azərbaycanın toxunulmazlığı, ərazi bütövlüyü uğrunda səy göstərmiş, düşmənə baş əyməmişdir. Qırmızı Qəsəbədən olan Albert Aqarunov Qarabağ müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə getmiş və Milli Ordumuzun sıralarında tankçı kimi vuruşmuşdur. Daşaltı, Cəmilli döyüşlərində düşmənin xeyli hərbi texnika və canlı qüvvəsini məhv edən Albert 1992-ci ilin 8 may tarixində Şuşa uğrunda döyüşlərdə həlak olmuş və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Qubada yaşayan etniklərin mədəni inkişafından xəbər verən daha bir məkan dəniz səviyyəsindən 2360 metr yüksəklikdə, Quba şəhərindən 58 km aralıda yerləşən, cənubi Qafqazın ən ucqar yaşayış məskəni olan Xınalıqdır. Tədqiqatçılar Xınalıq kəndinin 5 min il yaşı olduğunu bildirirlər. Xınalıq kəndi sakinlərinin özünəməxsus mədəniyyəti, dili, əlifbası, adət və ənənələri mövcuddur. Xınalıq dili də maddi-mədəni abidələr qədər qiymətli hesab olunur və qorunur. Dünyada bu dildə danışan ikinci bir yaşayış məntəqəsi yoxdur. Kənddə orta əsrlərə aid Atəşpərəstlər məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslüm məscidləri, mağaralar və çoxlu sayda öyrənilməmiş arxeoloji abidələr var. Kəndin mərkəzində yaradılan Xınalıq Tarix Etnoqrafiya Muzeyi bu qədim yaşayış məskəninin tarixini, məişət və mədəniyyətini əks etdirən eksponatlarla zəngindir.
2006-cı ildə dövlət başçısının sərəncamına əsasən Qubadan Xınalığa asfalt yol çəkilib. Prezidentin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Quba rayonunun Xınalıq ərazisi “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu elan edilib.
Qubada təşkil edilən rayon, respublika və beynəlxalq miqyaslı mədəni-kütləvi tədbirlərdə burada yaşayan etnik qrupların mədəniyyəti, adət-ənənələri, məişəti öz əksini tapır. Hər il Qubada təşkil edilən tədbirlərdə, o cümlədən Novruz bayramında, ənənəvi “Alma bayramı”nda tatların, dağ yəhudilərinin, ləzgilərin, xınalıqlıların, Ahıska türklərinin folklor nümunələri geniş tamaşaçı kütləsi qarşısında nümayiş olunur. Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində 2015-ci il aprelin 6-da Bakıda, Rus Dram Teatrının səhnəsində Quba incəsənət ustalarının konsertində də rayonda yaşayan milli azlıqların folklor nümunələrinə üstünlük verilmişdi. Paytaxt tamaşaçıları həmin folklor nümunələrini böyük maraqla qarşıladılar. Rayonda fəaliyyət göstərən “Ay işığı” və “Gülüstan” ədəbi məclisləri bölgədə yaşayıb-yaradan, fərqli etnik qruplardan olan yazarları özündə birləşdirir.
Bu gün qədim mədəniyyəti, çoxsaylı etnik tərkibi, tolerantlığı, həm əsrarəngiz təbiəti, həm də müasir inkişafı ilə Quba Azərbaycanın multikultural mərkəzlərindən biridir. Odur ki, multikulturalizmin Azərbaycan modelinin təqdimatı ilə bağlı beynəlxalq səviyyəli tədbirləri Qubada da təşkil etmək maraqlı olardı. Bununla da xarici dövlətlərin nümayəndələri Azərbaycanın təkcə paytaxtında deyil, regionlarda da multikulturalizmin, tolerantlığın real nümunələri barədə geniş informasiya əldə edər, həm də respublikamızın regionlarının sosial-iqtisadi inkişafı sahəsində qazanılan nailiyyətlərlə yaxından tanış olarlar. Son illərdə Qubada həyata keçirilən infrastruktur layihələri burada irimiqyaslı, beynəlxalq tədbirlərin keçirilməsi üçün yeni imkanlar yaratmışdır. Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Heydər Əliyev Mərkəzi, “Yaşıl teatr”, Quba meydanı, Soyqırımı Memorial Kompleksi, Mədəniyyət sarayı, 5 və 4 ulduzlu hotellər, turizm mərkəzləri kütləvi tədbirlərin keçirilməsi üçün əlverişli məkanlardır. Bundan əlavə, Qubanın əsrarəngiz təbiəti hər kəsi heyran edir və müxtəlif məzmunlu tədbirlərin təbiətin qoynunda keçirilməsi üçün olduqca əlverişli təbii şərait mövcuddur.
Bəşəriyyətin müharibələrdən uzaq olmasının, birgə həyatının yeganə yolu məhz multikulturalizmdir. Çünki o, dünyanı sülhə çağırır. Bu gün yer üzündə yaşayan insanların qarşılıqlı ünsiyyətə ciddi ehtiyacı var. Öz mədəniyyəti ilə dünyaya qapı açan Azərbaycan multikultural, tolerant ənənələrinin digər ölkələr üçün bir model olduğunu göstərir. Bu model xalqların, dinlərin, ümumilikdə mədəniyyətlərin vəhdətində, qarşılıqlı ünsiyyətində və cəmiyyətin inkişafı naminə, sülhün bərpası və qorunması naminə birgə təşəbbüslərin həyata keçirilməsində öz əksini tapıb. Multikulturalizm sahəsində Azərbaycan modeli bu gün bütün dünya üçün ən səmərəli, sərfəli nümunədir. Bəşəriyyətin gələcəyi, inkişafı və sülhün təminatı məhz belə bir modelin tətbiq olunmasından asılıdır. Şübhəsiz ki, biz özünəməxsusluğumuzu da qorumalıyıq. Əslində isə tolerantlıq və multikulturalizm Azərbaycan xalqının özünəməxsusluğunun əsasını təşkil edir.

Ramiz Ramazanlı
B.Səfəroğlu adına Quba rayon Mədəniyyət mərkəzinin direktoru