Qədim tarix və mədəni turizm məkanı

Tarix boyunca müxtəlif mədəniyyətlərin kəsişdiyi və iz qoyduğu Ankaranın ən qədim tikililərindən biri Ankara qalasıdır. Şəhərə gələn turistlərin də ən çox axın etdiyi yer buradır.
Günün birində məşhur Ankara qalası ilə yaxından tanış olmaq üçün yolumuzu buradan saldıq. Qalanın ən hündür hissəsinə qalxdıqda böyük bir şəhər sanki ayaqlarının altında qalır. Ankarada qədim şəhərsalma ənənələrinin nümunəsi olan qalanı məşhur səyyah Evliya Çələbi 1640-cı ildə belə təsvir edir: "Ankarada yüksək bir dağın təpəsində ağ daşdan tikilmiş möhkəm bir qala var. Qala iç-içə üç qat divardan ibarətdir. İç qalanın ətrafı qayalıqdır. Bu yalçın qayalardan qalaya dırmaşmaq çox çətindir. Daxildə top, müxtəlif silah-sursat və 600 ev var. İç qala aşağılarda ikinci sıra divarlardan ibarətdir. Dağın ətəklərində isə üçüncü sıra - xarici divarlar yer alır. Bu xarici divarlar bütün şəhərin təhlükəsizliyini təmin edir".

Memarlıq ansamblı

Ankara qalası şəhərə meydan oxuyan böyük təpənin üzərində qərar tutub. Roma dövrünə aid III əsrdən qalma hamamlar, IV əsrə aid Yuli sütunu və II əsrdə inşa edilmiş imperator Avqust məbədi Ulus meydanının yaxınlığında, qalanın ətrafında yerləşir. Qala yaxınlığında Roma teatrı və həmin ərazidə XV əsrə aid Hacı Bayram məscidi və türbəsi var. Qaladan bir qədər aşağıda isə Anadolu Mədəniyyətləri Muzeyi və Etnoqrafiya Muzeyi yerləşir. Qala ətrafında yerləşən qədim tikililər də qalaya əlavə gözəllik, zənginlik bəxş edir.
Qalaya gedən yol tarixi Saman bazarından keçir. Bazar isə özünəməxsus, qədim memarlıq üslubuna malik dükanlardan ibarətdir. Qədim əşya, əl işləri almaq istəyənlər bu bazara üz tutur. Burada alıcıların çoxu xarici turistlərdir. Yuxarıya doğru xeyli qalxdıqdan sonra, nəhayət, qalaya çatırsan və tarixi abidənin möhtəşəmliyinin, əzəmətinin şahidi olursan.
Dörd mərtəbədən ibarət olan daxili qalanın iki böyük qapısı var: biri xarici qapı, digəri isə hisar qapısı adını daşıyır. Qapı üzərində islam dinini qəbul edən ilk türk tayfası Elxanilərə aid daş kitabə var. Şimal-qərb hissəsində isə qalanın Səlcuqlar tərəfindən tikildiyini göstərən başqa bir yazıya rast gəlmək olar.
Onu da qeyd edim ki, daxili qalada çalıb-oxuyan, rəqs edən xeyli sayda qaraçıya rast gəlmək olur. Deyilənə görə, onlar elə bu ərazidə yaşayırlar. Bu səbəbdən son vaxtlar abidəni ziyarət edən turistlərin təhlükəsizliyini təmin etmək üçün qalaya gedən yolda polis nəzarəti artırılıb. Qaladan şəhəri seyr edən zaman qarşında qədim dövrlə və müasir dövrün yaratdığı bir mənzərə açılır. Əsl Ankara təsəvvürü də məhz buradan yaranır.

Qalanın tarixi

Qalanın tikilmə tarixi dəqiq bəlli deyil. Belə versiya irəli sürülür ki, qala şəhərdə hərbi qarnizon saxlayan Hit tayfaları tərəfindən tikilib. Lakin arxeoloji qazıntılar bu fikri doğrultmur. Məlum olan odur ki, eramızdan əvvəl II əsrin əvvəllərində Qal tayfalarının Ankaraya yerləşməsi zamanı qala mövcud olub. Roma imperatoru Karakallanın Anadolu səyahəti zamanı Ankaranın divarları təmir edilib. Belə ki, Roma imperiyasının zamanında qalanın divarları bugünkü qaladan çox aşağıda olub. Tikili sonralar da Roma, Bizans, Səlcuq və Osmanlı zamanında bir neçə dəfə təmir-bərpa olunub. Qala quruluşunda rast gəlinən heykəl, qəbir, sütun başlıqlar qalanın tikilməsi və təmirində ətrafda olan inşaat qalıqlarından, o cümlədən zamanla xarabalığa çevrilmiş qədim Roma abidələrinin mərmər daşlarından istifadə olunub.
Araşdırmalardan bəlli olur ki, tikili həm müdafiə, həm də yaşayış məqsədilə istifadə olunub. Elə qalanın günümüzə qədər yaxşı formada gəlib çıxmasının səbəbi də burada müxtəlif zamanlarda təmir-bərpa işlərinin aparılmasıdır. Qala divarları 6-10 metr yüksəkliyə qədər blok daşlardan, yuxarı hissələri isə kərpicdən inşa edilib. Daxili qaladakı qüllələrin yüksəkliyi isə 14-16 metr arasındadır.
Qeyd edək ki, xarici qala qədim Ankara şəhərini əhatə edir və 20-yə yaxın qülləsi var. Xarici divarlar şimal-cənub istiqamətində təxminən 350 metr uzanır.
Qalada Roma dövrünə aid qalıqlar diqqəti çəksə də, onun böyük hissəsi Bizans dövründə inşa edilib.

Qalanın mədəni-turizm əhəmiyyəti

Son illər Ankara qalasında və ətrafında aparılan təmir-bərpa işləri onun mədəni-turizm əhəmiyyətini daha da artırıb. Türkiyə paytaxtının əhəmiyyətli tarixi məkanlarından olan, ancaq illər içərisində bu özəlliyini qismən itirən qala Ankara Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə yenidən mühüm turizm obyektlərindən birinə çevrilib. 2014-cü ildə həyata keçirilən layihə çərçivəsində 88 tarixi tikilinin dam, pəncərə və qapıları, fasadı tarixi özəllikləri, istifadə materialları və s. nəzərə alınmaqla yenilənib. Bu gün qalanın içərisində bir çox qədim üslublu Ankara (Osmanlı) evlərinə də rast gəlmək olar ki, onlar da əraziyə turist marağını artırır. Qalanın yolu üzərindəki Saman bazarı da bu layihə çərçivəsində bərpa olunub, tarixi abidəyə aparan 11 küçə daha əlverişli vəziyyətə gətirilib. Qala son illər müxtəlif festivallara, mədəni tədbirlərə də ev sahibliyi etməkdədir.

Mehparə Sultanova
Ankara