40 günlük Böyük çillənin ardınca 20 günlük Kiçik çillə geridə qaldı. Boz ayın ilk günlərini yaşayırıq. Novruzun müjdəsi olan dörd ilaxır çərşənbədən birincisi də özünü yetirdi.
Qədimlərdən bu yana ulularımız sərt qışda yaz ümidi ilə yaşayar, Yeni günün - Novruzun gəlişini səbirsizliklə gözləyərdilər. Novruzqabağı dörd ilaxır çərşənbəni bacardıqca sevinclə qeyd edər, ocaq çatar, süfrə açardılar.
Göz açıb yumunca Boz ay gələrdi. Gah bozarardı, gah qızarardı. Amma Boz ayın dəymədüşərliyi heç kimin xətrinə dəyməzdi.
İnanclara görə, Novruz öncəsi dörd ilaxır çərşənbə özlüyündə dünyanın yaranmasını ehtiva edir.
Su, Od, Yel və Torpaq təbiətin oyanması, yenidən dirilməsi anlamını verir. Bu çərşənbələr həm də insanın dörd ünsürdən yaradılması haqqında dini-mistik görüşləri də özündə simvollaşdırır.
Ötən gecə (23 fevral axşamı) ilaxır çərşənbələrdən birincisini - Su çərşənbəsini qeyd etdik. Bütün mifik qaynaqlarda su həyat, dirilik, sağlamlıq və xoşbəxtlik mənbəyi sayılır.
Su çərşənbəsi xalq arasında həm də "əzəl çərşənbə", "gözəl çərşənbə", "gül çərşənbə", "sular Novruzu" adlandırılır.
Mifoloji dünya modelində su dünyanın özülü, həyatın başlanğıcıdır. Azərbaycan folklorunda su əzəli, əbədi həyat, ölümsüzlük, dirilik rəmzi kimi geniş yer tutur. Xalqımızın inamında suyun rəmzləşməsi onun əcdad sayılması, and yeri olması ilə də sıx bağlıdır.
Əski zamanlarda həmin gün insanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, azarım-bezarım suya” deyib onun üzərindən atlanır, bulaq başında niyyət edər, suyun ətrafında bir sıra mərasimlər keçirər, yeni günün gəlişini bayram edərdilər. Düzdür, indi yurdumuzda çərşənbələr, yüz illər öncə olduğu kimi, bütün ənənələrilə qeyd edilmir. Bunun başlıca səbəbi çağdaşlaşma və şəhərləşmə ilə bağlıdır.
Xalq arasında su ilə bağlı xeyli məsəllər var. İnanclara görə, süfrəyə su dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar, su içən adamı ilan çalmaz, lal axan sudan keçməzlər, su olan yerdə dirilik olar, su ehsandır. Bütün bunlar suyun müqəddəsliyini ifadə edir.
Su çərşənbəniz mübarək. Novruza üç çərşənbə qaldı...







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar