milli bütünçülük, əlbir-dilbirçilik, əbədiçilik...

Bu, tarixi formasiyalar boyu ümummilli ideya-ideolojiləri deformasiyalara uğradılmış xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, polietnik palitrasını nəhayət ki, stabilləşdirməkdə olan ictimai-siyasi bir mayak!
Əsrlərdir xalqımızın mədəniyyət, ədəbiyyat, siyasət xadimlərinin arzu, xəyal və əməli fəaliyyətlərində xeyli müxtəlifliklərlə təzahür etsə də, hədəfə yetməyən bu ideya ulu öndər Heydər Əliyev tərəfindən təməlləndi.

Bu ideya hər bir “mən”dən başlayıb, “yurd”dan keçib, “vətən”ləşib” “MİLLƏT” olmaq deməkdir. Bunları sevmək, bunlara vurulmaq, bunlar uğrunda yaşayıb-yaratmaq... sonrakı məsələdir...
Hər hansı bir milli ideya daşımadan hər hansı fərdin işi, peşəsi ürəyincə başa varmaz. Bunsuz ən alovlu bir şairin misrası da, ona qoşulan mahnı, bunları dünya turunda ifa edən müğənni, ölkəsinin gözəlliklərini kətanlarla həkk edən rəssam, fəhmli alim, vicdanlı fəhlə, halal kəndli də öksüz-köksüz görünər. İlkin-ibtidasındanca göründüyü kimi, əbədilik təməlli bu ideya - Azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən bir məfkurə!
İndilər hər bir azərbaycanlıya məlumdur ki, Azərbaycançı olmağı ayrı-ayrı fərdiliklərdən, ədəbiyyatın söz, incəsənətin saz, jurnalistika-publisistikanın söz-yoz qatlarından daha uca mərtəbələrə qaldırıb, ona ictimai-dövlətçilik mahiyyəti verilməsi işi məhz ümummilli lider Heydər Əliyevə məxsusdur; bu, onun tarixi xidmətlərindən biridir. 1993-cü ildə hakimiyyətə qayıdan ulu öndər Azərbaycanın müstəqilliyini möhkəmləndirib, siyasi-iqtisadi əsaslarını qurmaqla yanaşı, onun vahid ideyaçılıq təməlini də ataraq, tarixə Azərbaycançılığın da banisi kimi düşdü.
Ölkəmizin saysız-hesabsız problemlərini həll edən bu böyük siyasət nəhəngi onların hər biri barədə tarixi sözlər də söylədi, çıxışlar, nitqlər etdi. Onun mövzumuzla bağlı dediklərindən bir parça: “Biz 70 il marksizm-leninizm ideyalarının təsiri altında yaşamışıq. Həyatımız bu illərdə formalaşmış ictimai-siyasi, sosial-iqtisadi sistem əsasında qurulmuşdur. Bu 70 ildə Azərbaycan xalqının bir neçə nəsli təhsil almış, elm və mədəniyyətə sahib olmuşdur. İndi o ehkamlardan imtina etmişik və biz onlara qayıtmayacağıq. Ancaq eyni zamanda biz ideyasız yaşaya bilmərik. İndi, təəssüf ki, cəmiyyətimizi, xalqı istiqamətləndirmək işində müəyyən qədər ideya çaşbaşlığı var”. Ölkə gənclərinin nümayəndələrilə görüşdə (22 sentyabr 1993) dediyi bu sözlər, ola bilsin, o dövrün ictimai-siyasi qarmaqarışıqlığında o qədər də xüsusi diqqət çəkməmişdi və bu, təbii idi; müstəqilliyimizin bərpasından 23 ay keçmişdi, torpaqlarımızın işğalı, yüz minlərlə qaçqın-köçkün, ağır sosial-iqtisadi vəziyyətdən dolayı çeşidli böhranlar və s. Üstəgəl, ilk Cümhüriyyətimizin cəmi 23 ay ömür sürməsi faktı ilə “səsləşmə” ehtimallı növbəti müstəqilliyimiz...
Belə bir durumda xalqa göstəriləsi bütün humanitar, maddi, sosial-psixoloji dəstəklə yanaşı, millətin söykənəcəyi milli-ideoloji dayağa da ehtiyac vardı. Tarix çoxdan sübut etmişdir ki, taleyüklü dönəmlərdə xalq mütləq toparlanmalıdır və bununçün onun vahid milli ideya ətrafında birləşməsi qaçılmazdır. Bu vacibatı nəzərə alan Heydər Əliyev həmin çıxışında sözünə belə davam edirdi: “Hazırkı keçid dövründə uzun illər ərzində mövcud olmuş sistemlər dağıdılmış, ancaq bunun yerində onlardan üstünü qurulmamışdır. Son illərdə biz nəyin nə olduğunu anlamağa başladıq. Bu ağır dövrdən düzgün nəticələr çıxarmağın vaxtı çatmışdır... İndiki ideyamız milli, tarixi ənənələrimiz, ulu babalarımızın yaratdığı ümumbəşəri dəyərlər əsasında formalaşdırılmalı və inkişaf etdirilməlidir”.
Bu sözlərin deyildiyi vaxtdan bir qədər əvvəlki təcrübə bizə aydınca sübut etmişdi ki, xalqın, ümumictimaiyyətin öz dəyər, milli məfkurə istiqamətlərini itirdiyi məqamlarda nəticələr necə ağır olur...
Sözügedən ideyanın yaranışından sonra -

Nələr yarandı...

Artıq, yuxarıda dediyimiz kimi, milli tarix-təfəkkürümüzün uzaq çağlarından başlayaraq qımıldanan bu ideya ötən əsrin sonlarında ən müasir və əbədi şəxsiyyətin dili ilə ucadan səsləndi, ümumxalq ənənələrini, dilini, mədəniyyət və siyasətini təcəssüm etdirən məfkurəyə çevrildi. Bu məfkurənin təbliğ-təşviqi isə, məram-mahiyyət etibarilə, Azərbaycan xalqının küll-mənəviyyatını dünyaya tanıtmaq deməkdir. Bunu özünün həyat amalı kimi qəbul edən, bütün gələcəyin böyük azərbaycanlısı sayılası Heydər Əliyev, hələ SSRİ zamanında mövcud quruluşun çərçivələri daxilindəki imkanlardan istifadə edərək milli-mənəvi dəyərlərimizin təbliğatçısı olmuşdur. O illərdə Azərbaycan ədəbiyyatı və incəsənətində xalqın tarixi dəyərlərini tərənnüm edən əsərlərin yaranmasına sövqetmə, İttifaq şəhərlərində görkəmli soydaşlarımızın sərgi, təqdimat, yubiley və digər tanıtım tədbirlərinin keçirilməsi, Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin təşkili məhz bu amala xidmət edirdi. Bu missiya və görəvlər illər sonra ona bu məlum və məşhur kəlamları hədsiz fəxarət və qürurla söyləməyə mənəvi haqq verəcəkdi: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”...
İndi... kim bu milli qürur və hissi vətəndən uzaqlarda da yaşamağın və yaşatmağın əvəzsiz bir var-dövlət olduğuna “amin” söyləməyə bilər?! Özü də “qloballaşma!” çağırışları qarşısında milli kökən-kimliyi saxlamağın çətinləşdiyi, aşınmaların baş alıb getdiyi bir zəmanədə! Bunları bütün digər gözlülərdən yaxşı görən Heydər Əliyev xarici səfərləri zamanı soydaşlarımızla görüşlərində bu məqama xüsusi diqqət verirdi. Onun 2002-ci il iyulun 20-də Ukraynada yaşayanlarımızla görüşündə iştirakçılara çox səmimi bir xitabla dediyi sözlər böyük, alovlu Azərbaycançılıqdan xəbər verirdi: “Mən azərbaycanlıların dünyada geniş yayılmasını istəyirəm. Başa düşürsünüzmü? Geniş yayılmasını arzulayıram!..” Azərbaycanlıların dünyada geniş yayılmasını tək elə bir demoqrafik göstəricilikdən, mənsəb-imkan sahibliyindən ibarət olmadığını yaxşı bilən ulu öndər orada sözünü belə incələyirdi: “Azərbaycanlı olduğunuzu unutmayın. Gərək sizin uşaqlarınız, nəvələriniz də bu dili bilsinlər. Evinizdə Azərbaycan adətləri, musiqisi çox olsun. Milləti mədəniyyət və dil qədər ucaldan şey yoxdur...”

Amma bu, təcridçilik deyil...

Yəni, bu məfkurə, bəzi millətlər kimi, tək elə milli “mənəm-mənəm”liyin ifadəsi, “özündənmüştəbeh”lik demək deyil. Bu ideya, eyni zamanda, dünya irsinə, ümumbəşəri dəyərlərə açıq olan, bəhrələnib-bəhrələndirərək qarşılıqlı zənginləşməyə mail bir meyldir. Bu mühüm və həmişəvacib məqamı ulu öndər hələ 1993-cü ildə diqqətə çatdırmışdı: “Azərbaycanda müstəqillik meylləri artandan sonra hakim siyasət bir müddət bundan ibarət olub ki, Azərbaycan üçün hər şey Azərbaycanın içində olmalıdır. Kim Azərbaycan dilini bilirsə, öz kəndinin, şəhərinin mahnısını bilirsə, əsl azərbaycanlıdır. Müstəqilliyi milli məhdudiyyətdə görənlər unudurlar ki, 1918-ci ildə Azərbaycan dövlətinin yaradıcıları, bizim böyük yazıçılarımız, bəstəkarlarımız Rusiyada, Avropada təhsil almış adamlar idi. Bu olmasaydı, Üzeyir bəy klassik musiqinin Azərbaycan və Şərq musiqisi ilə sintezini yaradıb dünyaya belə gözəl nümunələr təqdim edə bilməzdi. Biz həm milli tariximizdən aldığımız mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik”.
Bir müddət sonra dahi siyasətçi bu fikri ümumiləşdirərək, azərbaycançılığın tərif-düsturunu da verdi: “Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir”...
Bəllidir ki, son yüzilliklərdə öz milli şovinizm eqolarını qloballaşma polit-rubrikaları altında “sadəcə” dövlətləşmə prosesi keçirən ölkələr var. Belə bir siyasi “fabrik”də milli aşınmaya məruz qalmamaq da çətin, elələrindən tam üz döndərib, təcrid-tənhalanmaq da müşkül. Bizim şüur və əməlimizdəki Azərbaycançılıq isə, daxili multikulturalizmi ehtiva etməklə yanaşı, bəşəri sintetizmə də rəvac verir. Əlbəttə, bu, mənəvi idxal-ixracda hər cür ifratçılıqdan uzaqolma sayəsində bərqərar olmuşdur ki, sözügedən milli ideyamız məsələyə daim təkan verən bir işdir. Bu nüansı Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisdəki ilk çıxışında da vurğulamış, respublikadakı çoxmillətliliyi Azərbaycanın sərvəti adlandırmışdı: “Biz bunu qiymətləndiririk və saxlayacağıq. Azərbaycan onun ərazisində yaşayan bütün millətlərin ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.
“Azərbaycançılıq” ifadəsinin dolayısı ilə “multikulturalizm” terminilə leksik duallığı haqda danışmağa ehtiyac olmasa da, yalnız coğrafilik sarıdan qonşu saydığımız ermənilərə rəğmən bir neçə söz deyək. Belə ki, özündə polietnik zənginlik ehtiva edən Azərbaycançılıq ideyası həmin o şovinist, monoetnik qonşumuzla apardığımız informasiya savaşında da güvən-güclü bir təbliğat silahıdır. Bu, əsrlərdir (yardım və ağlaşma üçün müraciət-müsahib etdikləri insanlar istisna edilməklə) ksenofobiya və özünütəcrid üzərində köklənmiş ermənilik ideologiyasından fərqli olaraq, mütərəqqi bəşəri dəyərləri təcəssüm etdirən sağlam, mayasında başqa xalqlarla sülh, əmin-aman yaşam fəlsəfəsi dayanan vətənpərvərlik-dünyadaşlıq məfkurəsidir.
Bu, həm də bütün soydaşlarımızın vahid, bütöv, bölünməz Azərbaycanının -

İdeya-siyasi əsası!..

Fəxri bir güvən-öyünclə “vətəndaş”, “dövlətim” ifadələrini işlətməyimizə hədəf olan bir əsas. Bu torpaqda doğulan, harada yaşamağından asılı olmayaraq kökü-soyu özümüzdən olan hər bir insanın “yurdum, yuvam, məskənimsən” dediyi Azərbaycan adlı əsas. Tarixi irsimizin, mədəniyyət, dil, ədəbiyyat, incəsənət və neçə-neçə digər maddi-mənəvi varidatlarımızın mənsub olduğu şəriksiz məkan və sahibkarlıq əsası...
Bu ideya mənsub olduğumuz milli-etnik kimliklərin hamısının fövqündə dayanır, ölkəmizdəki müxtəlifliyi fərqlilik kimi deyil, zənginlik gözündə görür. Son qərinələrdə dünyanı daha təhqiramiz şəkildə təhdid edən etnik və dini ayrı-seçkiliyə qarşı qoyulası, “bütün konfessiya və etnosların xoş birgəyaşayışı” devizi ilə dünya üzünə çıxarılası bir Azərbaycan nümunəsidir - Azərbaycançılıq!..

Tahir Abbaslı

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar