Azərbaycan Milli İncəsənət Muzeyi - 80


2016-cı il Azərbaycan Milli İncəsənət Muzeyinin yubiley ilidir. 80 il əvvəl Azərbaycanda ilk dəfə olaraq təsviri sənət profilli muzeyin yaradılması barədə qərar qəbul olunub. Ötən illərdə muzey zəngin fəaliyyət yolu keçərək bugünlərə gəlib çıxıb.

Bakının mərkəzində XIX əsrin məşhur memarlıq abidələri hesab olunan, vaxtilə “De Burun Sarayı” (1891-1895, memar Nikolay fon der Nonne) və “Marinski Qadın Gimnaziyası” (1884-1887, memar Mixail Denisoviç Botov) kimi tanınan binalarda yerləşən muzeyin yaranma tarixi 1936-cı ildən başlayır. Həmin il Azərbaycan Dövlət Muzeyinin incəsənət şöbəsi əsasında Azərbaycan Dövlət İncəsənət Muzeyi yaradılmış, 1937-ci ildə isə muzeyin rəsmi açılışı olmuşdur.
İlk vaxtlar muzeyin fondu Moskva və Leninqradda yerləşən muzeylərin fondlarından alınmış eksponatlar və şəxsi kolleksiyalardan toplanmış əsərlər əsasında zənginləşdirilmişdir. 1943-cü ildə muzeyə Azərbaycan teatr rəssamlığı sənətinin istedadlı nümayəndələrindən olmuş Rüstəm Mustafayevin adı verilmişdir.
Muzey ilk illərdə Milli Azərbaycan Tarixi Muzeyində, daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin beşinci mərtəbəsində yerləşmişdir. 1951-ci ildə “De Burun Sarayı” adlandırılan tarixi bina muzeyə verilmişdir. Bu illərdən başlayaraq müstəqil binaya malik olan Azərbaycan Dövlət İncəsənət Muzeyi əhatəli fəaliyyətə başlamış, muzeyin fonduna məxsus dünya və Azərbaycan incəsənətinin zəngin incilərindən ibarət eksponatlardan ayrı-ayrı zallarda daimi ekspozisiyalar təşkil edilmişdir. Həmçinin bu illərdən başlayaraq muzeydə gənc sənətşünaslar Rasim Əfəndiyev, Nurəddin Həbibov, Mürsəl Nəcəfov, Məmmədağa Tərlanov, Nataliya Miklaşevskaya və başqaları muzeydə elmi işlər aparmaqla Azərbaycanda sənətşünaslıq elminin inkişafına öz töhfələrini vermişlər.
Muzeyə 1937-ci ilin 13 fevral tarixinədək Əməkdar mədəniyyət işçisi Mövsüm Salamov (1905-1985), 1937-ci il 13 fevraldan 15 avqustadək Ağakərim Şərifov (1899-1942), 1937-1942-ci illərdə Xalq rəssamı Salam Salamzadə (1908-1997), 1942-1992-ci illərdə Xalq rəssamı Kazım Kazımzadə (1913-1992), 1994-2003-cü illərdə Xalq rəssamı İbrahim Zeynalov (1934-2008), 2003-2010-cu illərdə sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilov rəhbərlik etmişlər. 2010-cu ildən muzeyə Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev rəhbərlik edir.
90-cı illərdə muzeyin fəaliyyətinin daha da səmərəli təşkili məqsədilə “Marinski Qadın Gimnaziyası” muzeyin balansına verilmişdir. Hazırda muzeyin zəngin fonduna 17 mindən artıq eksponat daxildir. Buraya Azərbaycanın qədim və orta əsrlər incəsənətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir dekorativ-tətbiqi və xalq yaradıcılığı nümunələri (keramika, daş oyma, bədii metal, ağac işləmə, zərgərlik, xalçaçılıq, bədii tikmə və geyim), habelə XIX, XX əsr və müstəqillik dövrü Azərbaycan rəssamlarının, orta əsr Qərbi Avropa və Rusiya rəssamlarının, həmçinin Şərq ölkələrinin rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri daxildir.
Azərbaycan Milli İncəsənət Muzeyi çoxsaylı sərgi və digər mədəniyyət tədbirlərinə ev sahibliyi etməklə yanaşı, beynəlxalq layihələrdə davamlı şəkildə iştirak edir. Muzeyin kolleksiyasına daxil olan təsviri sənət nümunələri ilə dünyanın müxtəlif ölkələrində (Kanada, Kuba, Suriya, Fransa, Çexoslovakiya, Əlcəzair, İraq və s.) dəfələrlə mötəbər sərgilər təşkil olunmuşdur. Həmçinin Azərbaycan Milli İncəsənət Muzeyində bir sıra xarici ölkə muzeylərinin ekspozisiyalarından ibarət sərgilər (Fransa, Çin, Hindistan, İraq, Türkiyə, Kuba, Yunanıstan, Suriya) keçirilmişdir.
Muzeyin milli mədəniyyətimizdə əvəzsiz rolu respublika rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilmiş, sənət ocağına daima diqqət və qayğı göstərilmişdir. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev, həmçinin Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva dəfələrlə muzeydə təşkil olunmuş sərgi və tədbirlərdə iştirak etmiş, muzeyin fəaliyyəti ilə yaxından maraqlanmışdır. 2006-cı ildə ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə muzeydə əsaslı təmir işlərinə başlanılmış və 2013-cü ildə Prezidentin iştirakı ilə yeni ekspozisiyasının və yeni keçid korpusunun rəsmi açılışı olmuşdur.
Muzeyin şöbə və bölmələrinin fəaliyyəti muzeyşünaslıq elminin müasir tələblərinə cavab verən səviyyədə qurulmuşdur. Muzey işi və təsviri sənətin ayrı-ayrı sahələrinə dair müxtəlif layihələr hazırlanır, beynəlxalq və yerli əhəmiyyətli sərgilər təşkil olunur, kataloq, buklet və kitablar hazırlanaraq nəşr etdirilir. Bu gün özünün yeni inkişaf dövrünü yaşayan muzey ölkəmizdə mədəniyyət siyasətinin təşkili və təbliğ edilməsində yaxından iştirak edir.
Muzeyin önəmli rolunu təsdiq edən məqamlardan biri də odur ki, ölkəmizə təşrif buyuran bir çox rəsmi qonaq və nümayəndə heyətləri bu möhtəşəm sənət ocağını ziyarət edərək dünya və Azərbaycan incəsənətinin nadir sənət nümunələri ilə yaxından tanış olurlar. Muzey ölkəmizə gələn turistlərin də tez-tez ziyarət etdikləri, yüksək bədii estetik zövq ala bildikləri aparıcı mədəniyyət ocaqlarından biridir.

Əsəd Quliyev
sənətşünas, Azərbaycan Milli İncəsənət Muzeyinin böyük elmi işçisi, AMEA-nın dissertantı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar