İncəsənət xadimlərindən Silahlı Qüvvələrimizə dəstək

Son günlər cəbhə xəttində atəşkəs rejiminin pozulması və işğalçı Ermənistan ordusunun törətdiyi təxribatlara Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavab verməsi, hərbçilərimizin şücaəti və igidliyi, bütün ölkə əhalisində olduğu kimi, sənət adamları arasında da böyük ruh yüksəkliyi yaradıb. Tanınmış incəsənət xadimləri son günlər cəbhə xəttində baş verənlərlə bağlı fikirlərini bölüşüblər.

Xalq artisti Arif Babayev:
Cəbhədə baş verən hadisələrlə bağlı fikirlərim o qədər geniş, sevincim o qədər hədsizdir ki, sözlərə belə sığmaz. Ordumuzun cəbhə xəttində irəliləməsi mənə böyük ruh yüksəkliyi verdi. Bu günlər xalqımızı belə həmrəy, yumruq kimi birləşərək görmək hamımızda qürur doğurur. Küçələrdə gənclərin orduya dəstəyini, könüllüləri gördükdə sevinc göz yaşlarımı saxlaya bilmirdim. Mən o torpaqda, Qarabağda doğulmuşam, böyümüşəm. İnanın ki, bu yaşımda da döyüşə hazıram. Prezidentimiz hər zaman deyirdi ki, bizim güclü ordumuz var və biz qələbəyə qadirik. Biz bunun şahidi olduq. Azərbaycan var olsun! Bayrağımız Şuşada ucalsın, inşallah!

Xalq artisti Canəli Əkbərov:
Çox şadam ki, bütün mədəniyyət müəssisələrində əsgərlərimizə, orduya dəstək aksiyaları keçirilir. Biz sevinirik ki, belə uzaqgörən, iradəli ölkə rəhbərimiz var və hamımız onun ətrafında birləşməliyik. O, televiziya ilə çıxışları zamanı öz cəsarətini, ölkə rəhbəri, Ali Baş Komandan kimi iradəsini nümayiş etdirdi. Bu çıxışlar hər birimizdə ruh yüksəkliyi yaratdı. Ordumuz da öz möhtəşəmliyini göstərdi. İndi cəbhədə atəşkəs elan olunub. Bu qərar da Prezidentimizin uzaqgörən siyasətidir. Biz gec-tez torpaqlarımızı geri alacağıq. Bu gün biz bir olub yaxşını-pisdən ayıra bildik. Həqiqət qalib gələcək və biz qələbə qazanacağıq. O gün uzaqda deyil.

Xalq artisti Səkinə İsmayılova:
Bugünlərdə hamımız sevinc içindəyik. Silahlı Qüvvələrimiz düşmənə öz gücünü göstərdi. Prezidentimizə, Ali Baş Komandana ümidimiz, inamımız böyükdür. Hər zaman da onun arxasındayıq. Biz sənət adamları əsgərlərimizə hər zaman dəstək olmağa hazırıq. Onlara ruh yüksəkliyi, mənəvi dayaq olmaq bizim borcumuzdur. Çox təəssüf ki, müharibə şəhidsiz olmur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ordumuzun cəbhədə irəlilədiyi xəbərini eşidəndə hər birimiz qürur duyduq. Bu, bizim torpaqlarımızın qaytarılmasının başlanğıcıdır.

Xalq artisti Mənsum İbrahimov:
Son hadisələr bir vətəndaş kimi hamımızı qürurlandırdı. Biz ordumuzla, dövlətimizlə birlikdəyik. Ölkə rəhbərliyinin, Ali Baş Komandanın qətiyyətini təqdir edirik, biz də hər zaman onun yanındayıq. Düzdür, müharibə itkisiz olmur. İgid oğullarımız şəhid olur. Onlar həm də bizim balalarımızdır. Allah şəhidlərimizin yaxınlarına səbir versin. Vətən oğlu vətəni qorumalıdır. Bu gün biz hamımız əsgərik və Ali Baş Komandanın əmrini gözləyirik. Bizim torpaqlarımızı geri almağa güclü ordumuz var və torpaqları azad etməyə hər zaman hazırıq. İnşallah gün o gün olsun, qələbə sevincini Cıdır düzündə Ali Baş Komandan qarşısında “Qarabağ” şikəstəsini ifa etməklə qeyd edək!

Xalq artisti Mələkxanım Əyyubova:
Cəbhədə baş verənlər göstərdi ki, xalqımız döyüş əzmindədir. Bu gün hamı səfərbər olub. Hər yerdə böyük ruh yüksəkliyi var. Bu bir vətəndaş kimi hamımızı sevindirir. Cavandan-qocaya kimi xalq bir olaraq yumruq kimi birləşdi. Bu, çox sevindirici haldır. Hətta bəzi ölkələrin bizə dəstək olması da bir daha sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və biz həqiqət uğrunda savaşırıq. Bu yolda xalqıma qalibiyyət arzulayıram. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. 1990-dan bu günə kimi bütün cəbhə boyu əsgərlərimiz qarşısında çıxışlarım olub. Bundan sonra da hər zaman onlara mənəvi dəstək olmağa hazıram. Xalqımız Ali Baş Komandana arxayındır və inanırıq ki, qələbə gec-tez bizimlə olacaq.

Əməkdar artist Təyyar Bayramov:
Cəbhədə baş verənlər xalqımızın döyüş ruhunda, qələbə əzmində olduğunu göstərdi. Əsgərlərimiz bir sıra yüksəklikləri azad etdilər, cəbhədə irəliləyiş oldu. Bu bir tərəfdən sevindirici olsa da, digər tərəfdən oğullarımız şəhid oldu. Onlar öz şəhidlikləri, qəhrəmanlıqları ilə bizim qələbəyə yaxın olduğumuzu sübut etdilər. Millət orduya güvənir, inanır. Qarabağlı olaraq biz ikiqat sevindik. Ona görə ki, ata-baba torpaqlarımıza, bir addım da olsa yaxınlaşdıq. Gün o gün olsun bayrağımız bütün Qarabağda dalğalansın.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar