Multikulturalizm ili - 2016

Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək Qlobal Forumu ölkəmizdəki bu zəngin irsi dünyaya daha geniş tanıdacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-27-də ölkəmizdə Birləşmiş Millətlər Təşkilatı (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcək. Ölkəmizin sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfələri, eləcə də Sivilizasiyalar Alyansının Qlobal Forumunun Bakıda keçirilməsinin önəmi nəzərə alınaraq Prezident İlham Əliyev tərəfindən 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.

Beynəlxalq tədbir ölkəmizə hansı üstünlüklər qazandıracaq, Azərbaycanın dünya üçün önəmi nə olacaq? Bu və başqa suallarla bağlı mütəxəssislərin düşüncələrini öyrənməyə çalışdıq.

Forumun mühüm töhfələri olacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov ölkəmizin ev sahibliyi edəcəyi növbəti beynəlxalq tədbirin həm siyasi, həm də mədəni baxımdan böyük önəm daşıdığını bildirir.
Onun sözlərinə görə, indi dünyada gərginlik ocaqları çoxdur. Belə tədbirlərin məqsədi dünyanı çətin durumdan çıxarmaq üçün yollar aramaqdır: “Harvard Universitetinin Strateji Araşdırmalar Mərkəzinin keçmiş direktoru Samuel Hantinqton “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" əsərində sivilizasiyaların etnomədəni prinsiplər əsasında qarşıdurması konsepsiyasını irəli sürmüşdü. O deyirdi ki, yaşadığımız dünyada daha çox mədəni münaqişələr baş verəcək. Bununla bağlı dünyanı düzgün idarə eləmək gərəkdir. Dünya kulturologiyasının korifeylərindən Arnold Toynbi isə deyirdi ki, istənilən ölkə müəyyən bir təhlükə ilə qarşılaşa bilər. Bunu dayandırmaq üçün mütləq həmin xalqın ziyalıları bir araya gəlməlidirlər. Neçə illərdir, Azərbaycanda beynəlxalq humanitar tədbirlər keçirilir. Həmin tədbirlərdə müxtəlif ölkələrdən tanınmış siyasi, ictimai xadimlər, alimlər, mədəniyyət xadimləri iştirak edirlər. Bütün bunlar ölkəmizi dünyada tanıdır. Qarşıdakı forum da bu baxımdan bizə böyük töhfələr verəcək, ölkəmizin nüfuzu dünyada daha da artacaq”.
Bu il ölkəmizdə “Multikulturalizm ili” elan edilməsinin əlamətdar fakt olduğunu deyən həmsöhbətim bildirir ki, dünyanın bir çox ölkələrində multikulturalizm siyasəti baş tutmadı. Ona görə ki, çox ölkələrdə etniklər hegemon xalqın içində “əridilir”: “Multikulturalizm ölkədəki müxtəlif dinləri, etnosları bir ahəngə gətirmək, milli maraqlara uyğun onları inkişaf etdirməkdir. Ölkəmizin multikulturalizm sahəsindəki uğurları dünyaya yayılır. Azərbaycanda azsaylı xalqlar, etnik qruplar çox sərbəst şəkildə adət-ənənələrini, mədəni irslərini yaşadır, inkişaf etdirirlər. Multikulturalizm Azərbaycanda tarixi hadisədir. Qədimdən bizdə türk, ellin, zərdüştilik, xristian, eləcə də müsəlman mədəniyyətləri birgə inkişaf edib, müxtəlif etnoslar bir ailə kimi yaşayıblar və bu gün də yaşayırlar. Bu, dünyaya örnəkdir. Təsadüfi deyil ki, artıq bır sıra ölkələrdə ali məktəblərdə Azərbaycanın multikulturalizm modeli tədris olunur”.
Professor F.Məmmədov deyir ki, mədəniyyətlərin harmoniyasını təmin etmək üçün dünyada böyük kulturoloji işlər aparılmalıdır. O, ağıllı insan tipindən mədəni insan tipinə keçilməsi ideyasının müəllifidir və bunu çıxışlarında, yazılarında təbliğ edir: “Multikulturalizmin açarı kulturologiyadır. Kulturologiya insanın həyat fəaliyyəti haqqında elmdir. Ölkədə mədəni insanların sayı nə qədər çox olsa, təhsil və elmin yardımıyla dünyada qüdrəti daha da artar. Mədəni insanın beş göstəricisi var: bilik, bacarıq, mütəşəkkillik, mənəviyyat və yaradıcı fəaliyyət. Çox adam mədəniyyəti dar anlamda anlayır. Əslində isə insan fəaliyyətinin bütün sahələri mədəniyyətdir. Mədəni insan səviyyəsinə yüksəlməklə fərdlər çox nöqsanlardan qurtula biləcəklər. Çağdaş insanın mədəni olmağa gücü çatır”.

Azərbaycan-alman dostluğu ölkəmizdəki multikultural mühitin tarixi örnəyidir

Bakı Slavyan Universitetinin professoru, “Alman-Azərbaycan Cəmiyyəti”nin sədri Çingiz Abdullayev isə hesab edir ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanın qarşısında hər mənada geniş imkanlar açacaq: “Birinci böyük imkan elə tədbirin ölkəmizdə təşkilidir. Bu, dünyanın ölkəmizə olan inamının təsdiqidir. Forum dünya miqyasında böyük tədbirlərdən sayılır. Tədbirdə dünyanın müxtəlif ölkələrindən çox nüfuzlu şəxslər iştirak edəcəklər. Onların ölkəmiz haqqında həqiqətləri canlı eşitmək və görmək imkanı olacaq. Bu bir fürsətdir ki, özümüzü dünyaya bir daha tanıdaq. Bu işdə forum iştirakçıları ilə təmasda olacaq hər birimizin, eləcə də qonaqlarla işləyəcək könüllülərin üzərinə böyük vəzifələr düşür”.
Həmsöhbətim qeyd edir ki, dünyada qloballaşmanın gücləndiyi bir çağda ölkəmizdə multikultural dəyərlər inkişaf etdirilir. Diqqətlə baxanda bu iki anlayış arasında böyük təzad görünməkdədir. Çünki dünyada böyük güclər kiçik xalqları, mədəniyyətləri sıradan çıxarmağa çalışırlar. Tarixən bizim də mədəni sərvətlərimizin dəyərli bir hissəsi daşınıb aparılıb, indi dünyanın məşhur muzeylərində saxlanılır: “Böyük Britaniyadakı Viktoriya və Albert Muzeyində çoxlu etnoqrafik örnəklərimiz, qədim xalçalarımız saxlanılır. Bu haqda ötən il İngiltərədə çıxan kitabımda yazmışam. Almaniyanın Mayns şəhərindəki Quttenberq Muzeyindəki xalçalarımız öncələr farslarınkı kimi təqdim edilmişdi. Müstəqillikdən sonra onların Azərbaycana aid olduğu qeyd edildi”.
Ç.Abdullayev bildirir ki, orta yüzillərdə Qərb ölkələrindən Azərbaycana gələn səyyah və diplomatlar çox olub. Azərbaycanda olan multikurtural mühit qərbliləri valeh edib, onlar tarixi şəhərlərimizdə çox olub, xalqımızın tarixini, mədəniyyətini dərindən öyrəniblər. Sonrakı dönəmdə bu, Simenslərin, Nobellərin ölkəmizə gəlmələrinə zəmin yaradıb: “1817-ci ildə böyük alman icması Qafqaza köç edib. Əvvəl Gürcüstan ərazisində məskunlaşıblar, sonra Azərbaycanın qərbinə köçüblər.
1819-cu ildə 5 min alman ailəsi indiki Göygöl və Şəmkir ərazisində yerləşib. Sonralar onların sayı 30-40 minə çatıb. Onlar ölkəmizdə çox rahat şəraitdə yaşayıblar. Yeri gəlmişkən, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə almanların Cənubi Qafqazda yerləşmələrinin 200 illiyi gələn il UNESCO səviyyəsində qeyd ediləcək”.
Qeyd etdiyimiz kimi, Ç.Abdullayev “Alman-Azərbaycan Cəmiyyəti”nin sədridir, iki xalq arasındakı mədəni münasibətlərin tarixini dərindən öyrənib. Müsahibim bildirir ki, Azərbaycanda tarixən multikultural mühit çox güclü olub: “Almanların ölkəmizdə ilk kilsəsi 1854-cü ildə Göygöldə tikilib. 1898-ci ildə Bakıda alman kirxası inşa edilib. 1911-ci ildə isə Şəmkirdə kilsə tikiblər. İndi müxtəlif ölkələrdən yaşamaq üçün insanlar Almaniyaya gedirlər. Vaxtilə almanlar Azərbaycana yaxşı yaşamaq üçün gəlmişdilər. Onlar həmişə bizim xalqdan razı qalıblar. Almanlar 1941-ci ildə Stalinin əmri ilə buradan Qazaxıstan çöllərinə sürgün olundular. Amma onların tarixi irsi, abidələri bu gün də qorunur. 2003-cü ildə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Almaniyanın Mayns şəhərində Azərbaycan mədəniyyəti günlərini keçirdik. Azərbaycan Milli Kitabxanasında saxlanılan 2000 qədim alman kitabının kartotekasını hazırlayıb təqdimatını eləmişik. Bu yaxınlarda hər iki xalqın dostluğuna həsr olunan “Simenslər Azərbaycanda və Gədəbəydə” adlı elmi konfrans keçirəcəyik. Çalışdığım Bakı Slavyan Universitetində “Alman dili və mədəniyyəti mərkəzi” fəaliyyət göstərir. Bir sözlə, hər iki xalq arasında mədəni əlaqələr çox yüksəkdir və bu fakt da özlüyündə ölkəmizdəki tarixən bərqərar olmuş multikultural mühitin bu gün də davam etməsinin bir göstəricisidir”.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar