Su həyat mənbəyi, yaradılışın başlanğıcıdır. Bu nemət zaman-zaman neçə sənətkar əsərinə mövzu, neçə mütəfəkkir sözünə qüvvət olub. Dahi Nizami bir inci saflığı gördüyü sudakı zərifliyi söz hikmətinin dəyəri ilə müqayisə (“Sözün də su kimi lətafəti var”) edib. Məşhur rəssam, eyni zamanda müxtəlif mühəndis qurğuların ixtiraçısı, eləcə də çayların axması və boru xətlərinin döşənməsinə dair elmi mülahizələrin müəllifi sayılan Leonardo da Vinçi suyu Yer kürəsində həyatın şirəsi adlandırıb.

Su yetirənə alqış - su qədər ömür diləyi

Su bir nemətdirsə, onu insanların istifadəsinə vermək, dağ-dərələrdən keçirib şəhər-kəndlərə yetirmək, evlərə-həyətlərə daşıyıb, sonda süfrəmizin nemətinə çevirmək ən böyük savabdır. Necə ki, ulularımız su yetirənə bu alqışı deyib - su qədər ömrün olsun! Ötən əsrin əvvəlində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakıya Şollar su kəmərini çəkəndə də bu alqışı eşitmişdi.
İllər keçdi, şəhər böyüdü, əhalisi ilə bərabər suya tələbatı da getdikcə artdı. 60-cı illərin Bakısı artıq milyonluq şəhər, böyük sənaye mərkəzi idi. Ən böyük sosial problemi isə su təchizatı idi. 1969-cu ildə respublikaya rəhbərliyə başlayan Heydər Əliyevin öncəlik verdiyi məsələlərdən biri də Kür çayından Bakıya çəkilən su kəmərinin inşasını sürətləndirmək oldu. Təcili tədbirlər görüldü və bir il sonra 135 kilometrlik kəmərin ilk qolu istifadəyə verildi. “1970-ci ilin payızında Bakıya su verdiyimiz günü özüm üçün xoşbəxt gün sanıram. Bu, böyük bir bayram idi. Şollar su kəmərindən sonra Kür su kəməri Bakı şəhərinin su təchizatı üçün ikinci iri su kəməri idi. Bu, sadəcə boru deyildi, çayın sahilində böyük təmizləmə qurğuları, nasos stansiyaları və şəhərdə paylayıcı şəbəkə demək idi. Sonrakı illərdə su kəməri sisteminin gücünü artırdıq, ikinci qolu çəkdik, sonra üçüncü kəməri inşa etdik”, - deyə sonralar Heydər Əliyev xatırlayırdı.
Tale elə gətirdi ki, sovet dövründə bu böyük layihələri həyata keçirən Heydər Əliyevə illər sonra artıq müstəqil Azərbaycanın rəhbəri kimi xeyirxahlıq və savab dolu işi davam etdirmək təkrar qismət oldu. 90-cı illərdə əhalisi 30 il əvvələ nisbətən ikiyə qatlanan Bakının əsas problemlərindən biri yenə su ilə bağlı idi. Şəhərə yeni mənbədən suyun gətirilməsi ilə bağlı müzakirələr başlandı. 2002-ci ilin dekabrında Prezident Heydər Əliyevin sədrliyi ilə keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsi üçün Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar verildi. Müvafiq işlərdən sonra layihə hazırlandı. Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasının digər istiqamətləri kimi, bu sahədə işlərin davamı, paytaxtın və respublikanın su təsərrüfatının yenidən qurulması ilə bağlı kompleks tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi.

“Onilliklərlə reallaşması mümkün olmayan layihəni həyata keçirdik”

2004-cü ildə ölkə başçısının sərəncamı ilə respublika üzrə istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və kanalizasiya xidmətləri göstərən qurum olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. 2005-ci ilin sentyabrında Prezident İlham Əliyevin yanında paytaxtın su təchizatının yaxşılaşdırılması ilə bağlı müşavirədə Oğuz-Qəbələ-Bakı layihəsi ətraflı müzakirə edildi və işə başlanılması qərara alındı. 2007-ci ilin martında kəmərin təməli qoyuldu. Dörd il ərzində diametri 2000 mm olan 262,5 km uzunluğunda özüaxımlı su xətti çəkildi, eyni zamanda kəmərin su təminatı üçün Oğuz rayonunda 78 istismar quyusu qazıldı.
2010-cu il dekabrın 28-də ölkə başçısının iştirakı ilə su kəmərinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyev həmin mərasimdə demişdi: “Bu, doğrudan da tarixi hadisədir. Oğuz-Qəbələ zonasında təmiz su mənbələrinin mövcudluğu haqqında hələ bir neçə onillik bundan əvvəl məsələ qaldırılmış və o bölgədən Bakıya suyun gətirilməsi üçün təkliflər irəli sürülmüşdü. Ancaq o illərdə bu layihəni reallaşdırmaq mümkün olmamışdı. Biz bu gün şəhərimiz, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edən bu layihəni həyata keçirdik. Bu onu göstərir ki, müstəqil Azərbaycan hər şeyə qadirdir”.
8 rayonun ərazisindən keçən, suburaxma gücü saniyədə 5 kubmetr olan kəmərin özaxınlı, təzyiqli olması nəql üçün xərcləri də qat-qat aşağı edir. Məhsuldarlığı eyni olan Kür su kəmərləri ilə müqayisədə Oğuz-Qəbələ-Bakı kəmərinin enerji sərfi 7 dəfə azdır.
Qeyd edək ki, həmin vaxtadək paytaxt əhalisinin 40 faizi fasiləsiz, 60 faizi isə müəyyən cədvəl üzrə su ilə təmin olunurdu. Oğuz-Qəbələ-Bakı kəmərinin işə düşməsindən sonra fasiləsiz su təchizatı 75 faizə çatdı. Sonrakı illərdə “Azərsu” tərəfindən həyata keçirilən tədbirlər sayəsində bu göstərici daha da artıb.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun sözlərinə görə, dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su təminatı ilə bağlı tapşırıqlarına uyğun olaraq 2015-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın 29 şəhər və rayon mərkəzində və kəndlərdə layihələr icra edilib. Görülən tədbirlər nəticəsində ölkə üzrə 200 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb, 186 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 102 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Ölkə üzrə fasiləsiz rejimdə su ilə təmin olunan əhalinin xüsusi çəkisi 64,5 faizə, Bakı şəhəri üzrə 79,2 faizə yüksəlib. Qurum hazırda respublika üzrə 1 milyon 387 mindən çox abunəçini içməli su ilə təmin edir. Bunlardan 1 milyon 331 mini əhali, qalanı qeyri-əhali istehlakçılarıdır.

Suyun hesabı və keyfiyyəti

Ötən illərdə su təchizatı yaxşılaşdırılmaqla yanaşı, digər mühüm məsələ - sayğaclaşma da böyük ölçüdə həllini tapıb. Bu, su sərfiyatının normaya salınması, sudan qanunsuz istifadə və itkilərin qarşısının alınması, ən əsası, istehlak üzrə ödənişlərin tam və şəffaf şəkildə təmin olunmasının başlıca şərtidir.
Məlumdur ki, sovet dövründə iqtisadiyyatın və konkret olaraq kommunal sistemin ən axsayan tərəfi belə bir nəzarət sisteminin yoxluğu idi. Halbuki inkişaf etmiş ölkələrdə bu sistem illər öncə qurulmuşdu. Azərbaycanda da bu işlər müstəqillik dövründə reallaşdı. Vaxtilə Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Gəncədəki “Cihaz” İstehsalat Birliyində su sayğaclarının kütləvi istehsalı başlandı. Abşeron Regional Səhmdar Su Cəmiyyəti ilə müqavilə əsasında illik istehsal 10 min ədədə çatdırılmışdı. 2000-ci ilin mayında zavodla tanış olan Heydər Əliyev demişdi: “Əgər siz 70-ci illərdə keçirdiyimiz müşavirələrdə mənim çıxışlarımı götürüb baxsanız, görərsiniz ki, su itkisinin qarşısının alınması üçün nə qədər tədbirlər görməyə çalışmışam. Amma o vaxt bizim belə cihazlarımız yox idi. Vaxtilə nə qədər su itirirdik. İndi bunu tətbiq etmək lazımdır. Bunlar olanda su təchizatı yaxşı olacaqdır”.
“Azərsu” ASC yaradıldıqdan sonra bu proses paytaxt və Abşeron yarımadası ilə bərabər digər şəhər və rayonlarda da genişləndirildi. Nəticədə 2016-cı ilin birinci rübündə respublika üzrə sayğaclaşma 62,5 faizə yüksəlib. 2015-ci ildə 52 mini smart tipli olmaqla 80 mindən çox su sayğacı quraşdırılıb, göstərilən xidmətlər üzrə yığım səviyyəsi 93,6 faizə çatıb.
Ölkə başçısı tərəfindən “Azərsu” qarşısında qoyulan vəzifələrdən biri də fasiləsiz su təchizatı ilə yanaşı, içməli suyun keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırılmasıdır. Bu baxımdan 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və 2015-ci ilin oktyabrında açılışı keçirilən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ölkənin su təsərrüfatı tarixində mühüm hadisədir. Kompleks saniyədə 6,6 kubmetr (sutkada 570 min kubmetr) sutəmizləmə gücünə malikdir və gələcəkdə əlavə modullar qurmaqla gücü daha da artırmaq mümkündür. Qurğunun ən böyük üstünlüyü suyun təbii mineral tərkibini saxlamaqla, onu bakteriya, virus, bəzi həll olunmamış duz və ağır metallardan təmizləməsi, bulanıqlıq və xoşagəlməz iyin aradan qaldırılmasıdır. Ultrasüzgəclərdə emal edilən su Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara tam cavab verir. Prezident İlham Əliyev açılış mərasimində bu məqamı xüsusi vurğulamışdı: “Bu sutəmizləyici qurğular kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir. Burada ən müasir texnologiyalar tətbiq olunur. Biz hamımız istəyirik ki, bütün şəhərimizdə hər bir vətəndaş kranı açıb oradan suyu birbaşa içə bilsin. Artıq biz buna yaxınlaşırıq və bu qurğu bizə bu imkanı yaradacaq”.

Bölgələrdə layihələr və qarşıdakı hədəflər

Ötən illərdə “Azərsu” tərəfindən regionlarda da böyük işlər görülüb. Cəmiyyətin balansında 18244 km uzunluğunda su xətləri var. Təkcə 2015-ci ildə 866 kilometr içməli su xətti çəkilib, 35 su anbarı tikilib, 6 subartezian quyusu qazılıb. Ötən il Astara, Daşkəsən, Tərtər və Qobustan şəhərlərində su təchizatı sistemlərinin yenidən qurulmasına başlanılıb. Ucar və Göyçay şəhərlərində yeni sistemlər istismara verilib. Mingəçevirdə yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 55 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatıb. Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 16,5 kilometr uzunluğunda magistral kəmər istismara verilib. Eləcə də Kürdəmir, Ucar, Yevlax, Yardımlı, Zaqatala, Füzuli, Tovuz, Quba, Şəmkir, Şəki, Beyləqan rayonlarının 66 min nəfər sakini olan 29 kəndində içməli su təchizatı yaxşılaşdırılıb. 2016-cı ilin birinci rübündə isə daha 170 kilometr içməli su xətti çəkilib, 2 su anbarı tikilib, 4 subartezian quyusu qazılıb.
Bir sıra layihələr yerli və xarici şirkət və təşkilatlarla işbirliyində həyata keçirilir. Ölkə başçısı Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında dövlət investisiyalı infrastruktur layihələri arasında içməli su layihələrini xüsusi qeyd edərək bu işə tenderlər vasitəsilə yerli və xarici şirkətləri cəlb etməyin vacibliyini bir daha diqqətə çatdırıb. Ötən il “Azərsu” Britaniyanın “Biwater” və onun yerli tərəfdaşı “Nobel Oil” şirkətləri ilə əməkdaşlıq sazişləri imzalayıb. Bu yaxınlarda Bakıda olan Fransanın “Sidem” şirkətinin təmsilçiləri “Azərsu”nun layihələrinə maraq göstərdiklərini bildiriblər.
Beynəlxalq layihələr çərçivəsində Qusar və Tərtər şəhərlərində görülən işlər son mərhələyə qədəm qoyub. Uzun illər içməli sudan əziyyət çəkən Salyan şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərindən magistral xəttin tikintisinə başlanılıb. Masallıda 5 kəndin keyfiyyətli içməli su ilə təminatı üçün layihənin icrası yekunlaşmaq üzrədir.
Ölkə başçısı perspektivdəki infrastruktur layihələri içərisində içməli su layihələrinin xüsusi əhəmiyyət daşıdığını hər zaman qeyd edir. Odur ki qarşıda reallaşdırılası yeni layihələr, görüləcək çox işlər var: “Bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Qarşıya məqsəd qoyulmuşdur ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz və bütün əhaliyə verilsin. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və burada əsas rolu “Azərsu” icra edir. Şadam ki, son illər ərzində bu sahədə görülən işlər əhali tərəfindən də yüksək qiymətləndirilir. Təmiz içməli su sağlam həyat deməkdir”.

Vüqar Əliyev

Yazı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar