Deyirlər, şəhərlər də insanlar kimidir. Hər biri öz taleyini yaşayır - böyüyür, inkişaf edir, şöhrəti dillərdə dolaşır. İnsanın tale yolu kimi, şəhərlər də bəzən yarımçıq qalan, bəzən də əbədiyyətə qədər uzanan ömür yoluna sahib olurlar. Azərbaycanın tarix və mədəniyyətində özünəməxsus yeri olan Gəncə şəhəri də keçmişi ilə əfsanələşən, zaman-zaman yadellilərin basqın və talanlarına qarşı mətanətlə dayanan, qəhrəmanlıq salnaməmizə adını yazan yurd yerlərimizdəndir.
Gəncə tarixin özüdür
Gəncənin əsasının qoyulması haqqında tarixi qaynaqlarda müxtəlif məlumatlar mövcuddur. Bəzi mənbələrdə bu tarix eramızdan əvvələ gedib çıxır. Dəlillərin müxtəlifliyi təbiidir, çünki Gəncə torpağının hər addımı tarix çağırır.
Qədim Azərbaycan dövləti - Qafqaz Albaniyasının tarixi salnaməsini bizlərə ərməğan edən Musa Kalankaytuklu (VII əsr) Gəncənin o dövrdəki inkişafı haqqında yazırdı: “Gəncədən artıq qədim zamanlardan Azərbaycanı Gürcüstan və Ön Asiya ilə birləşdirən yol keçirdi. Bu zəngin ərazidə təşəkkül tapan möhtəşəm və qədim şəhərlərdən biri də Gəncə idi”.
«Kitabi-Dədə Qorqud»da adı keçən Gəncə ümumən türk xalqlarının inkişafında, təşəkkülündə və dövlət quruculuğunda müstəsna rol oynamış, ticarət, sənətkarlıq, mədəniyyət beşiyi olmuşdur. Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Əbül-üla Gəncəvi... Gəncənin söykəndiyi dağlar qədər uca adlar. Mirzə Şəfi Vazeh, Əli Nəzmi, Abdulla Sur, Fikrət Əmirov, Adil İsgəndərov, Həmid Araslı, Məmmədrza Şeyxzamanov, Xudadat bəy Rəfibəyli və digər adlı-sanlı şəxsiyyətlər bu torpaqda yetişərək Azərbaycan mədəniyyətinə, ictimai fikrinə töhfələr vermişlər.
Gəncə bu gün Azərbaycanın sənaye, elm, təhsil, mədəniyyət mərkəzlərindən biridir. Tarixi, adət-ənənələri, sənətkarları ilə tanınan, Azərbaycanın dünyaya çıxan əsas yollarından birinin üzərində yerləşən Gəncə ölkəmiz üçün strateji əhəmiyyətə malikdir.
Qədim və müasir mədəniyyət mərkəzi
Bu gün ölkənin hər yerində həyata keçirilən sürətli quruculuq-abadlıq işləri, sosial-iqtisadi proqramlar bu bölgəmizin də inkişafına böyük zəmin yaradıb. Gəncə ildən-ilə gözəlləşir və müasirləşir. Bütün bu yeniliklər Gəncənin tarixi özəlliyini kölgədə qoymur, əksinə, tarixilik və müasirlik bütün görülən işlərdə vəhdət təşkil edir. Dövlət başçısının xeyir-duası ilə təməli qoyulmuş Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının möhtəşəm binası buna bariz nümunədir. Yeddi mərtəbədən və 4 zaldan ibarət filarmoniya ümumilikdə 3 minədək tamaşaçı qəbul edə biləcək. Binanın fasadında tanınmış şəxsiyyətlərin heykəlləri yerləşdiriləcək.
Bu gün Gəncədə Dövlət Dram Teatrı, Kukla Teatrı, 5 musiqi məktəbi, incəsənət məktəbi, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, musiqi evi, kitabxanalar, rəsm qalereyası fəaliyyət göstərir. Şəhərin müasir memarlığına rəng qatan Heydər Əliyev Mərkəzi isə öz möhtəşəm memarlığı ilə diqqəti daha çox çəkir. 2014-cü ildə açılışı olan Məhsəti Gəncəvi Mərkəzində şairənin yaradıcılığına həsr olunmuş rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı, musiqi studiyası, not kitabxanası, muğam, fortepiano şöbələri və iclas zalı fəaliyyət göstərir.
Prezident İlham Əliyev şəhərə səfərlərinin birində demişdir: “Gəncənin mədəni həyatı zəngindir. Həmişə belə olubdur. Bu, əlbəttə ki, məni sevindirir, çünki Gəncə Azərbaycanın qədim şəhəridir, ikinci şəhəridir, Nizami yurdudur”.
Şəhərin mərkəzində yerləşən Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyi də Gəncənin maraqlı məkanlarındandır. Muzeyin binası vaxtilə Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olub. 1924-cü ildən fəaliyyət göstərən muzeydə Gəncəbasar zonasından tapılmış Daş dövrü abidələrindən günümüzə qədər 30 mindən çox eksponat saxlanılır.
Gəncənin teatr və konsert müəssisələri paytaxt Bakı ilə daim sıx əlaqədə fəaliyyət göstərirlər. Ötən ilin noyabrında Beynəlxalq Muğam Mərkəzində Xan Şuşinski Fondunun təşkilatçılığı ilə Gəncənin “Göygöl” mahnı və rəqs ansamblı geniş konsert proqramı ilə çıxış etdi. Xalq artisti, tarzən Fikrət Verdiyevin bədii rəhbəri olduğu kollektivin ifasında səslənən bir sıra xalq və bəstəkar mahnıları, muğam və təsniflər paytaxt tamaşaçıları tərəfindən alqışlarla qarşılandı. Həmin ilin dekabrında Bakıya qastrol səfərinə gələn Gəncə Dövlət Dram Teatrı Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyasını nümayiş etdirdi. Gəncə teatrı və konsert müəssisələri, xüsusilə Dövlət Kukla Teatrının aktyor heyəti Bakıda keçirilən Novruz şənliklərində mütəmadi olaraq iştirak edir.
Turizm imkanları
Gəncə bu il Avropa gənclərinin paytaxt şəhəri elan edilmişdir. Qədim və müasir Gəncə Avropa Gənclər Forumunun beynəlxalq layihəsi olan “Avropa Gənclər Paytaxtı 2016” seçimində 12 ölkənin şəhərlərini geridə qoyaraq MDB məkanında bu adı ilk qazanan şəhər olmuşdur. Xatırladaq ki, Gəncə 2012-ci ildə Azərbaycanın “Gənclər Paytaxtı” kimi çoxsaylı yerli və beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. “Avropa Gənclər Paytaxtı 2016” tədbirləri isə daha genişmiqyaslı və zəngindir.
Bu istiqamətdə atılan bütün addımlar Gəncənin mədəni turizm imkanlarının tanıdılmasına da zəmindir. Məlum olduğu kimi, ölkəmizin turizm potensialının beynəlxalq aləmdə təbliği, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir infrastrukturun yaradılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Turizm sektorunun iqtisadiyyatın prioritet sahəsi kimi inkişaf etdirilməsi dövlətimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Prezident İlham Əliyevin turizm potensiallı bölgələrə etdiyi səfərlər zamanı, demək olar ki, hər dəfə yeni hotellər, istirahət və əyləncə məkanları və s. istifadəyə verilir. Bütün bunlar regionlarda turizmin inkişafına stimul verirsə, digər tərəfdən əhalinin məşğulluğunun artırılmasına əlavə imkan yardır. Bu baxımdan Gəncəbasar bölgəsinin turizm inkişaf planının hazırlanması xüsusi önəm kəsb edir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin öyrənilməsi və təbliği istiqamətində yeni turizm marşrutlarının yaradılması diqqət mərkəzindədir. Bu mənada “Aleksandr Düma Qafqazda” və “Şərab yolları” adlı turizm marşrutlarının layihəsi işlənib hazırlanmışdır. Onu da qeyd edək ki, 2013-cü ildə Gəncə şəhərində “Turizmin inkişafı və gənclər” mövzusunda forum keçirilib. Forumun keçirilməsində əsas məqsəd “2011-2015-ci illərdə Azərbaycan Gəncliyi” Dövlət Proqramı və “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının müvafiq bəndlərinin icrasına dəstək göstərməklə yanaşı, ölkənin turizm potensialından istifadə imkanlarının öyrənilməsi, regionların sosial-iqtisadi inkişafında turizm sektoru vasitəsilə gənclərin rolunu artırmaq, bu sahədə yeni kadrların formalaşmasına şərait yaratmaq olub.
Əsrarəngiz təbiəti, mülayim və saf dağ iqlimi, zəngin fauna və florası, meşələri, habelə ləziz mətbəxi və yüksək qonaqpərvərliyi ilə seçilən Gəncə bölgəsinə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Gəncənin dini abidələri də turistlərin diqqətini cəlb edir. Prezident İlham Əliyevin “İmamzadə” tarixi-dini kompleksinin bərpası ilə əlaqədar imzaladığı sərəncamla burada yenidənqurma işləri xüsusi layihə əsasında həyata keçirilir. Hazırda ziyarətə gələnlərin ibadəti və istirahəti üçün bütün şərait yaradılmışdır. Bu da dini turizmin inkişafı üçün yeni imkanlar açır.
Gəncə Regional Turizm İnformasiya Mərkəzinin fəaliyyəti də bölgəyə turist səfərlərinin artmasında mühüm rol oynayır. Gəncənin respublikamızın ən mühüm nəqliyyat qovşağı olması da bu prosesdə önəmli yerə sahibdir. Bu mənada TRASEKA layihəsi əsasında Avropadan Asiyaya gedən yolların buradan keçməsi turizm axınının intensivliyinə müsbət təsir edən amil kimi qiymətləndirilməlidir.
Gəncənin turizm potensialından səmərəli istifadə etmək üçün son dövrlərdə əhəmiyyətli addımlar atılıb. Dahi Nizami Gəncəvinin məqbərəsinin yenidən qurulması da bu işlərin tərkib hissəsidir. Kompleks və ətrafı qədim ornamentlər əsasında yenidən qurulub ki, bu da şəhərə üz tutan yerli və xarici turistlərdə Gəncə barədə unudulmaz təəssüratlar yaradır. Şəhərin tarixi ünvanlarından olan Cavad xan küçəsi də turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Burada da tarixi abidələr bərpa edilməklə geniş abadlıq işləri həyata keçirilib, şəhərin qədimiliyini əks etdirən lövhələr vurulub. Gəncədə sayı artan mehmanxanalar şəhərin turizm potensialından maksimum yararlanmağa münbit şərait yaradır. Bu gün ölkənin ikinci böyük şəhərində dünya standartlarına cavab verən 10-a yaxın mehmanxana fəaliyyət göstərir.
Gəncənin turizm potensialından bəhs edərkən Hacıkənd istirahət zonası xüsusi vurğulanmalıdır. Yerli əhalinin ən çox üz tutduğu bu istirahət məkanı indi xarici turistlərin də diqqətini çəkir. Buna görə də Hacıkənd istirahət guşəsində əsaslı yenidənqurma işləri aparılıb, müasir tələblərə cavab verən infrastuktur qurulub. Gəncə üçün müxtəlif turizm növlərindən, o cümlədən ekoturizm, macəra turizmi, trekinq və ya piyada turizmi, aktiv turizm, atla gəzintilər və təbii-tarixi turizm növlərindən istifadə imkanları, Murovdağın şimal yamaclarında dəniz səviyyəsindən 1566-1902 metr yüksəklikdə yerləşən Göygöl Milli Parkının turizm baxımından istifadə imkanları çox böyükdür. 1925-ci ildə Azərbaycanın ilk qoruğu olan Göygöl Kiçik Qafqazın orta dağlıq, meşəlik, subalp qurşağındakı dağ çəmənliklərini və unikal ekosistem kimi formalaşmış Göygöl, Maralgöl və digər kiçik göllərin mühafizəsi məqsədilə yaradılmışdır. Göygöl qoruğu 2008-ci ildən milli park statuslu xüsusi mühafizə olunan əraziyə çevrilmişdir.
Son illər əfsanəvi şəhərin mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində bir sıra mühüm addımlar atılır. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramına əsasən Gəncə 2010-cu ildə “Azərbaycanın əfsanələr paytaxtı” elan edilmişdir. Bundan əlavə, nazirliyin "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində 2015-ci ilin dekabrında Akademik Milli Dram Teatrında Gəncə bölgəsinin turizm imkanları, mədəni mirası, sənətkarlıq nümunələri təqdim olunmuşdur. Rəsm və dekorativ-tətbiqi sənət sərgiləri, Gəncənin mətbəx nümunələri, şəhərdə fəaliyyət göstərən sənətkarların əl işləri paytaxt sakinləri tərəfindən maraqla qarşılanmışdır.
Gəncə bu gün, sözün əsl mənasında, özünün intibah dövrünü yaşayır. Şəhərin sosial-iqtisadi və mədəni həyatı dinamik surətdə inkişaf edir, qədimliklə müasirliyin vəhdət təşkil etdiyi bu unikal məkan şöhrətini bütün dünyaya yayır. Bir sözlə, Gəncə bu gün də tarixləşir, müasirləşir və əbədiliyini qazanır.
Lalə Azəri
Yazı Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.