Və ya dərd köhnəlmir ki
Bu həqiqətən də belədir. İllah ki, batmannan, selnən gələn millət, vətən, torpaq dərdi. İllər, əsrlərdir ki, bir millət olaraq başımıza gətirilən saysız bəlalardan, torpaqlarımızın, ərazi bütövlüyümüzün üzərində qurulan siyasi oyunlardan baş çıxarmamış 20 Yanvar adlı qanlı gün də qara kölgə kimi aldı başımızın üstünü. Beləcə, 70 il imperiya caynağında sızıldayan Azərbaycan xalqı ondan qurtulmaq üçün də qurbanlar verdi.
Bu məsələ haqqında artıq illərdir ki, danışılır, yazılır. Kimi faktın günahkarlarının cəzasızlığından, kimi imperiya maşınının işləmə mexanizminin amansızlığından, kimi çürük ideologiyanın ideoloqlarının son addımının ağılsızlığından danışdı. Amma o məşum gecənin, o qiyamət gününün müdhiş ağrılarını - şəhidlər və şahidlər yaşadı. Üstündən 19 il keçən qanlı gecəni daim eyni hərarət, həyəcan və bəlkə də qəlbinə sığmayacaq kədər və bütün qorxulara qalib gələn fəxarətlə yaşayanlar çoxdur. Məhz onların sayəsində biz qəhrəmanlıq, şəhidlik, azadlıq kəlmələri ilə tanış olduq. Biz vətənin bölünməzliyini, azadlıq hisslərinin ölümə belə qalib gəldiyini dərk etdik. Mən mübaliğəsiz olaraq, jurnalist Məzahir Süleymanlı başda olmaqla 1990-cı ilin 25 yanvarında işıq üzü görən "Səhər" qəzetinin bütün yaradıcı heyətini, yazarından sürücüsünədək, lap elə onlara tuşlanan tank lülələrinə məhəl qoymadan maşınlarda qəzet paylayanları da o zümrəyə aid edirəm.
Elə ona görə də bu dəfə Məzahir müəllimlə görüşmək qərarına gəldim. Əməkdar mədəniyyət işçisi, fəxri bədən tərbiyəsi və idman xadimi adlarının da daşıyıcısı olan Məzahir müəllim ömrünün 40 ilini Azərbaycan jurnalistikasına həsr edib. Hazırda "İzim qalmasa da sözüm qalacaq" adlı yeni kitab üzərində çalışır. Həyatının 20 Yanvar səhifəsinə ayrıca yer verdiyi kitabda "Taleyimdə 20 Yanvar" adlı bölmə də var. 19 ilin hələ də təzə, qanı qurumamış yarasına onun sözü, söhbəti ilə yenidən məlhəm qoymağa çalışdıq: "Bəlkə də çoxları bilmir ki, 20 Yanvar faciəsindən dərhal sonra nəşr olunan on iki səhifəlik "Səhər" qəzetinin tirajı 2.000.000 (iki milyon) nüsxə idi və bu qədər qəzet yarım günün içində əhaliyə pulsuz paylanmışdı. İndi bir eksperiment keçirsək, bəlkə də bu işin öhdəsindən gələ bilmərik. Ancaq o vaxt…
Bu barədə çox yazılıb. Şakir Yaqubovun "Mən şahidəm ki…" kitabında və "Bu, həmin "Səhər"dir ki…" adlı xatirələrində bizim jurnalist kollektivinin fəaliyyəti barədə geniş söhbət açılıb. Mən bu hadisələrin iştirakçısı kimi həmkarlarımın yazdıqlarını təsdiqləyirəm. Bununla belə, düşünürəm ki, o faciəli günlərin hər dəqiqəsi, hər məqamı bir söhbət mövzusu ola bilər və kim nə bilir, hökmən onu tarixin yaddaşına həkk etməlidir.
1990-cı ilin 20 yanvarından başlayaraq "Səhər" qəzeti qırx gün matəm çərçivəsində çıxıb. İnanın, o zaman bunu etmək o qədər də asan iş deyildi. Küçələrdən şəhidlərin qanı yuyulduqdan sonra - yanvarın axırlarında, fevralın əvvəllərində nə qədər günahsız adam öldürüldü, itkin düşdü? Fövqəladə vəziyyət şəraitində ancaq komendant Dubinyakın qanunları qüvvədə idi. İndi gəl qəzet burax, həqiqəti yaz. Amma əlimizi-qolumuzu yanımıza salıb otura da bilməzdik…
Xalqımızın ən ağır günlərini, bütün Azərbaycan informasiya blokadasına alındığı bir vaxtda biz iki milyon tirajla həqiqət dolu bir qəzet buraxa bilmişdik. 20-24 yanvar arası bəlkə də beş-altı görülməsi mümkün olmayan işləri görmüşdük. Allah-təala yaradıcı qrupumuza elə bir ilham, elə bir qüvvə vermişdi ki, sanki düşünmürdük, cümlələr mexaniki olaraq kağız üzərinə köçürülür, beş-altı adamın qələmindən çıxan yazılar Vaqif Bəhmənlinin bir cümləsi, bircə ifadəsi ilə bütövləşirdi. Oxuyub, göz yaşları içində sərlövhə qoydum: "Vətən bu gün ağı deyir…" Bu ağını bütün xalqın adından "Səhər"in beş-altı jurnalisti demişdi. Amma elə bil bir adamın qələmindən çıxmışdı. Çünki o gün hamı eyni cür düşünürdü.
Yorğunluq nədi, yemək nədi, boğazımızdan heç su da keçmirdi. Düşüncəmizdə olan yalnız bu idi: necə edək ki, "Səhər" çap olunsun. O vaxt "Kommunist" nəşriyyatında əyləşən Boris Leonidoviç Aleksandrov adlı bir general qəzetin çapına icazə verməli idi. Həqiqətən alicənab, ziyalı adam idi. Belorusiya SSR ali Sovetinə deputat seçilmişdi. Azərbaycan xalqının acısını çəkdiyini açıq-aydın hiss edirdik. Ancaq əmr adamı idi, aldığı tapşırığı yerinə yetirməli idi. Hadisələri qabaqlayıb onu da deyim ki, "Səhər" qəzetində şəhidlərin və yaralıların siyahısı dərc olunduğuna görə bu alicənab generala töhmət də elan edilmişdi. Boris Leonidoviç söyləyirdi ki, bu, onun uzun illər məsul vəzifələrdə fəaliyyəti ərzində ilk töhmətdir. Biz general Aleksandrovun insani xüsusiyyətlərindən istifadə edib Bakıdakı dəhşəti əks etdirən şəkillərdən bir qisminin dərc olunmasına razılıq ala bilmişdik. Amma bu, yarım günlük bazarlaşmadan, psixoloji mübarizədən sonra mümkün olmuşdu. Nəşriyyata getdik. Fəhlələr tətil etdikləri üçün mətni yığmağa, səhifələri bağlamağa adam yox idi. Nəhayət, bir-iki fəhlə tapdıq, onlar "Səhər"i buraxmağa hazır olduqlarını bildirdilər.
"Səhər" əllərdə gəzəndə
hamımız mənəvi rahatlıq duyduq
Bütün bunlar barədə uzun-uzadı danışmaq istəmirəm. Mən sadəcə onu xatırlatmağı özümə borc bildim ki, "Səhər"in çapını təşkil etmək yaradıcılıq prosesindən qat-qat çətin idi. Amma yanvarın 25-də "Səhər" əllərdə gəzəndə hamımız mənəvi rahatlıq duyduq. Yalnız bundan sonra hiss etdik ki, deyəsən yorulmuşuq, deyəsən, yeməyə, suya ehtiyacımız var. Kimsə təndir çörəyi, bir az da pendir gətirdi. Hərəmiz bir tikə kəsdik. Evə getmək üçün nəşriyyat binasından çıxdıq, amma hamımız bir istiqamətə - Şəhidlər Xiyabanına tərəf yollandıq. Yük maşınından dərdli camaata hələ rəngi qurumamış "Səhər" paylayırdılar. Adam bilmirdi, sevinsin, yoxsa göz yaşları töksün. Hər halda biz o anda yazıya gətirə bilmədiyimiz qəribə duyğular keçirirdik.
"Səhər" qəzeti barədə çox danışmaq istəmirəm. Ancaq bizim uşaqların hələ qəzet çıxmazdan əvvəl gördükləri işlərdən qısa da olsa söz açmaya bilmərəm. Yanvar qırğınından dərhal sonra redaksiyaya yığışmışdıq. Nə edəcəyimizi bilmirdik, amma nə isə etmək lazım idi. Kiminsə ağlına gəldi: başqa respublikalara zəng edək. Şakir Yaqubov bloknotunu vərəqlədi: "Nə vaxtsa bir özbək jurnalisti ilə seminarda olmuşam, Daşkəndə zəng vuraq". Sonra Gürcüstana, Belarusa, Ukraynaya, Moskvaya, ağlımıza gələn, yadımıza düşən bir çox yerlərə zəng vurduq. Qəzet redaksiyalarına, informasiya agentliklərinə məlumat verdik. Qəhər bizi boğurdu, telefonda qışqırışırdıq: "Bizi öldürürlər, Bakının küçələrindən qan sel kimi axır, kimə mümkünsə çatdırın, bizə kömək edin!" Sonra telefonçu qız bizə ehtiyatlı olmağı məsləhət gördü. Daha sonra həm hökumət telefonlarımızı, həm də şəhər telefonlarımızı kəsdilər.
Bir dəfə dördüncü mərtəbəyə, "Azərinform"a çıxdım. Buradan Moskvaya gündəlik operativ informasiya göndərildi. Bu işlərlə Soveli Abramoviç Perets məşğul idi. Yanvar hadisələri zamanı onun teletaypla Moskvaya göndərdiyi informasiyanın bir neçəsi əlimizə keçmişdi. Yalan, böhtan, inanılmaz iddialar… Öyrəndik ki, ona Moskvadan göstəriş veriblərmiş ki qoşunların Bakya yeridilməsini əsaslandırmaq üçün informasiya zəmini yaratsın. Bəzən onun Moskvaya, SİTA-ya göndərdiyi informasiyalar lazımi şəkildə redaktə olunub geri göndərilir, Saveli Perets isə həmin xəbərləri imzalayıb yenidən teletaypla paytaxta ötürürdü. Bir dəfə bizim uşaqlar onu "Azərinform" binasından qovub çıxardılar.
Faciədən dərhal sonra şəhidlərin və yaralıların natamam siyahısını tərtib etdik. O zamanadək məlum olan 114 şəhidin arasında qadınlar və uşaqlar, müxtəlif millətlərin nümayəndələri var idi. İndi qalırdı bu siyahıları "Səhər" qəzetində dərc etdirmək. Hazır səhifələri götürüb Boris Leonidoviçin yanına getdim. Ordan-burdan danışıb, seçkilərdən söz saldıq, bu millətin axırının necə olacağı barədə mülahizələr söylədik. Sonra bir psixoloji məqam tapıb səhifələri möhürləmək üçün qarşısına qoydum.
"Bu nə siyahıdır?" - deyə soruşdu. Ciddi görkəm alıb "Qarşıdakı seçkilərlə əlaqədar deputatlığa namizədlərin siyahısıdır" dedim. Söhbəti çox uzatmayıb möhürünü vurdu, amma imzalamadı. "Bizim mayor indi gələcək, verərsən qol çəkər" dedi. Həmin azərbaycanlı mayoru yaxşı tanıyırdım, öldürsən də qol çəkməzdi. Yazıq görkəm alıb: "Axı, qəzetin çapı gecikir, başqa vacib işlərimiz də var" - dedim. Gözlənilmədən "Nu xoroşo rebəta" deyib vurduğu möhürün yanına imza atdı. Artıq iki saatdan sonra 500.000 tirajla çap olunan "Səhər" qəzeti əllərlə gəzirdi. Ertəsi gün "Bakı" qəzeti də bu siyahını dərc etmək istəyib, deyiblər olmaz: Bildiriblər ki, bu, artıq dərc olunmuş siyahıdır, bəs necə olur ki, "Səhər" qəzetinə icazə verirsiniz, bizə yox? Bizim qəzeti general Aleksandrova göstərirlər, deyir ki, axı, bu, deputatlığa namizədlərin siyahısıdır...
İki əsgər məni komendant Dubinyakın yanına apardı. Yol boyu düşünürdüm ki, yəqin bir daha geri qayıtmayacağam. Amma belə olmadı. Dubinyak general Aleksandrovun imzasına və möhürünə baxıb sakitcə "Siz gedə bilərsiniz", - dedi.
Səhəri gün qəzetin növbəti nömrəsi ilə bağlı general Aleksandrovla görüşdüm. İncik halda dedi: müxtəlif vəzifələrdə işləmişəm, general rütbəsinədək yüksəlmişəm, hələ fəaliyyətimdən narazı qalan olmamışdı. Yazılı surətdə iki töhməti "Səhər" qəzetinə görə aldım...
Partiya bileti məni xilas etdi
"Səhər"də sovet əsgərlərinin Bakıda xuliqanlığından, köşkləri sındırıb oğurluq etdiklərindən bəhs edən bir yazı dərc olunmuşdu. Bununla bağlı Daşkənddən xüsusi dəvət olunmuş bir polkovnik mənimlə fərdi söhbət etdi, üstümə şər atdı ki, qəzetə vurulan senzor möhürü və imzası saxtadır. Nə yaxşı yazının makina səhifələrinə də senzor möhürü vurdurmuşduq. Onları göstərdim, dedim ki, imzası var. Nə isə, silahlı əsgərlərin müşayiəti ilə general-leytenant Ovçinnikovun yanına getdik. Məni görən kimi özünədən çıxdı: "Bu "Səhər" qəzeti bizi boğaza yığıb, şəhərdə sabitlik yaratmaq əvəzinə təxribat xarakterli yazılar verirsiniz. O nədir, yazırsınız ki, əsgərlər oğurluq edirlər, niyə sizi ekstremistlərdən qorumağa gələn əsgərləri gözdən salırsınız?". Dedim ki, bütün bu faktlar Daxili İşlər Nazirliyində rəsmi qeydiyyatdan keçib. Çığırdı: "Lap tutaq ki, belədir, qəzetə niyə yazırsınız?". Cavab vermək istədim, qoymadı, dedi ki, bəsdir, səninlə bağlı birinci hadisə deyil. Dubinyaka zəng vurdu ki, ekstremistin böyüyü elə burada imiş. Açığını deyim ki, çox qorxdum. Birdən ağlıma nə gəldisə, cibimdəki partiya biletini çıxarıb stolun üstünə atdım:
- Partiya biletlərindən tonqal qalandığı bir vaxtda Azərbaycanda bu bileti ürəyinin başında gəzdirən bəlkə də yeganə adamam. Mən "Kommunist" qəzeti redaktorunun müaviniyəm, rəsmi şəxsəm, siz məni həbs etdirə bilməzsiniz. Mən bu barədə Siyasi Büroya, Qorbaçova məlumat verəcəyəm!
Beləcə, partiya bileti məni həbsdən xilas etdi. Yoxsa, kim bilir, başıma nələr gələcəkdi…"
Bəli, bizim jurnalistlər 20 Yanvar faciəsinin salnaməsini yazmaq üçün az iş görməyiblər. Bundan sonra da görüləcək işlərimiz var. Məsələn, Şəhidlər Xiyabanı adlı genişhəcmli, rəngli kitab nəşr etməyi planlaşdırmışıq. Bu kitab "Səhər" qəzetinin matəm nömrələri kimi şəhidlərimizin ruhuna dərin ehtiramımızın ifadəsi olacaq".
Şəhidə söz abidəsi
Çağdaş tariximizin ən müsibətli və eyni zamanda ən rəşadətli səhifələrindən olan 20 Yanvar faciəsi həm də bir azərbaycanlının dar günündə Vətən üçün nə etməli olduğunu və nə edə biləcəyini göstərdi. 90-cı ilin o qanlı-qadalı günlərində kimi xalqının aşkar qatilinə çevrildi, kimi bu faciədən özünə siyasi kapital toplamaq istəyində oldu. Minlərlə insan isə həyatını, siyasi karyerasını, sosial mövqeyini girov qoyaraq, Azərbaycanın dövlət müstəqilliyini daha bir addım bizə yaxınlaşdırdı.
O vaxtın əsas dəlil-sübutlarından biri kimi, hamımız "Səhər" qəzetinin 25 yanvar 1990-cı il tarixli növrəsini göstəririk. Xalqın o ağır günündə, respublikanın hər tərəfdən möhkəm informasiya blokadasına alındığı, televiziyanın işləmədiyi, radionun hərbçilərin əlində olduğu, respublikada heç bir qəzetin çıxmadığı bir vaxtda o vaxtkı "Kommunist" qəzetinin bir qrup əməkdaşı öz həyatını təhlükə altına qoyaraq, əslində iqtisadi əlavə olan və adətən kiçik formatda 4 səhifə həcmində nəşr olunan "Səhər"i 12 səhifə həcmində nəşr etdirmişdilər. "Səhər" o vaxt böyük faciəmiz barədə ilk dəfə söz açan, şəhidlərimizə ağı deyən, gözü yaşlı qalan xalqa təsəlli verən birinci qəzet oldu. Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq qəzetin həmin nömrəsi 2 milyon nüsxə tirajla nəşr olunub bütün respublikada, habelə Rusiyada, Türkiyədə, Orta Asiyada yayılmışdı. Elə həmin nömrədə qəzet Azərbaycan mətbuatında ilk dəfə "şəhid" kəlməsini işlətmiş, azadlığımız uğrunda qurban gedənlərin dəfn olunduğu məzarlığı Şəhidlər Xiyabanı adlandırmış və həmin xiyabanda şəhidlərə abidə kompleksi yaradılması təşəbbüsünü irəli sürmüşdü.
"Səhər" qəzetinin həmin nömrəsi faciəli yanvar günlərində jurnalistlərin də qeyrətli Vətən oğulları ilə bir sırada dayandığını, vicdanlı mətbu sözün düşmən gülləsindən kəsərli olduğunu sübut edən dəyərli nümunədir.
Həmidə Nizamiqızı