Şimal küləyi və sovet tankları

20 Yanvar faciəsinin birbaşa özündən yox, bu qanlı olay ərəfəsində yaranmış situasiyadan söhbət açmaq istədim. Bir qədər də açıq desəm, yaşadığım Biləsuvar rayonunda baş verənlər barədə yazacağam. Bildiyiniz kimi, Biləsuvar İranla (Cənubi Azərbaycanla) sərhəddə yerləşir. Yanvar hadisəsi ərəfəsində və həmin günlər Biləsuvarda bir çox olayların şahidi oldum.

20 Yanvar; puşkinlilər və biləsuvarlılar

Hələ 1989-cu ilin dekabrın son günündən başlayaraq 1990-cı ilin yanvar ayının əvvəllərində İran Azərbaycanı ilə Sovet Azərbaycanı arasında olan tikanlı məftilləri xalq kütləvi şəkildə kəsib doğradı. Əvvəllər quşların belə yaxınlaşa bilmədiyi, insanların çevrilib baxa bilmədiyi bu sərhədi puşkinlilər və biləsuvarlılar məhv etdi. Biz onda bildik ki, yaşadığımız ərazinin əsl adı Puşkin yox, sən demə, Biləsuvar imiş. Çünki Cənubi Azərbaycanda Puşkinə Biləsuvar deyirdilər. Həmin gün on illərdən bəri biri-birinin üzünü görməyən qohum-əqrəba, nəhayət ki, qol-boyun ola bildilər.

Rus arağı və İran saqqızı

Məni də atam-anam özlərinə qoşub İran Biləsuvarına apardılar. Sovet əsgərlərinin bizə niyə toxunmadıqlarına mat qalmışdım. Çünki sovet idealogiyasından az-çox xəbərdar idim. 13 yaşım olmasına baxmayaraq, çox maraqlı şeyləri müşahidə etdim. Ən çox ona təəccüb etdim ki, İran dövləti ilə SSRİ arasındakı dəmir məftillər çox asanlıqla götürüldü. Sonra hadisələr heç də ikiyə bölünmüş Almaniyadakı kimi cərəyan etmədi. Həmin anlar heç kəs fikirləşmədi ki, bəs niyə buna rəsmi Moskva imkan verəsi oldu. Çünki bir güllə kifayət edirdi ki, camaat tikanlı məftillərin ətrafına gəlməsin. Hər şey 20 Yanvar günü aydın oldu. Lakin bu aydınlığa qədər bir-birilərinin ərazisində rahatca gəzib dolaşanlar tezcənə keçdilər ticarətə. Cənubi və Şimali Azərbaycan unuduldu. Məftillər sanki ticarət üçün qırılmışdı. Özü də nə ticarət! Şimallılar cənubdan ən çox saqqız, təsbeh və bir də İran xınası gətirirdilər, cənublular isə şimaldan rus araqları daşıyırdılar. Sərhədboyu eyni hadisələr davam edirdi. Özü də üzü 20 Yanvara.

Tanklar obamızda

Bizim evimiz sərhədə çox yaxın məsafədə yerləşirdi. Daha dəqiqi biləsuvarlıların parağ (oba) adlandırdığı kolxoz düşərgəsində yaşayırdıq. Sərhədə gedən yol bizim parağın qarşısından keçirdi. İrana gedənləri də, İrandan gələnləri də görürdük. Bakıda baş verən proseslərdən əyalətin uzaq qalması üçün Kremlin başbilənləri doğru və düzgün variant seçmişdilər: sərhədlər qırılsın və ticarətə meyilli azərilərin başı qarışsın. Onsuz da sərhədi yenidən bağlamaq sovet sərhədçilərinin əlində çox asan iş idi. Astaradan tutmuş Culfaya qədər İranla sərhəd olan rayonlar öz alverindəydi. 19-20 yanvarda Bakıda baş verən məlum hadisələrdən sonra əhalidə olan sərbəstlik hissi bir anda heçə endi. Elə bil iki gün əvvəl bütöv Vətən eşqi ilə coşub-daşan bunlar deyildi. Ardınca görün nə baş verdi? Gecədi. Hamı yatıb. Bizim parağa (obaya) yaxın (təxminən 1 km) balaca bir kənd var idi: adı Yuxarı Ağalı. Sərhədə gedən asfalt bu kəndin 5 metrliyindən keçirdi. Kənd səmtdən gələn gurultu səsinə evdəkilər oyandı. Hamı asfalt yola çıxdı. Uzaqdan göz qamaşdıran projektorların gəlib-gəlib nəyə çeviriləcəyini heyranlıqla gözləyirdik. Elə ki, atam gələnlərin tank olduğunu anlatdı, hamımız qaçıb evə doluşduq. Amma dəqiqə çəkmədi ki, atam eşiyə çıxdı. Həmin vaxt əhalinin bəzisi cənubda - İranda qalmışdı. Səhərisi başladı hay-küy ki, sərhədi bağlayacaqlar (yox bir, açıq qoyacaqlar!). Nə bilim, biri dedi qardaşım, biri dedi bacım, biri dedi atam, biri dedi anam, biri dedi arvadım, biri dedi ərim telin o tayındadır. Sərhəd bağlansa qalacaqlar o tayda. Rus-sovet "qardaş"larımız isə artıq gəlmişdi, özü də əliboş yox - tanklarla, kalaşnikovlarla...

Qorbaçovun portreti

Yadımdadır, bizdən aralı digər parağda (obada) yaşayan Balaxan əmim evindən Mixail Sergeyeviç Qorbaçovun portretini asmışdı. Elə ki, sərhədlər açıldı və ardınca da 20 Yanvar hadisələri baş verdi, əmim həmin portreti Alabaş adlı itinin boynundan asdı. Elə həmin gecə sovet əsgərləri gəldi. İndi portreti itin boynundan çıxarmaq lazım idi. Əks halda birinci qurban əmim olacaqdı. Əmimin axtarışı bir fayda vermədi - həmin gecə Alabaşı tapılmadı. Səhər açılan kimi əsgərlər bu şounu görüb itin sahibini axtaracaqdılar. İt tapılmadı, əmim də səhərəcən yatmadı. Arada onların həyətinə yığışmış adamlara deyirdi: "Ə, deyirəm onların avtomatlarının maqazinində güllə olmaz e... həəə..". Gecə sərxoş rus əsgərlərinin havaya boşaltdığı bir-iki daraq güllə bu təsəllinin üstündən xətt çəkdi.


Yuxarı Ağalı kəndi ilə sərhədə gedən asfalt arasından sovet vaxtı Muğan çölündəki pambıq və buğda sahələrini suvarmaq üçün Araz çayından beton kanal çəkilmişdi. Bu beton kanalın üstündən sərhəd yolun körpüsü keçirdi. Sovet əsgərləri də düz beton kanalla asfaltın kəsişdiyi yerdə - körpüdə düşərgə qurdular. Çünki sərhədə maşınların hərəkət edə biləcəyi asfalt yol bircə burdan keçirdi. Səhər açılan kimi başladıq iti gəzməyə. İt asfaltın o tayında - yenicə şumlanmış sahənin ortasında özü üçün gəzirdi, boynunda da Qorbaçovun portreti. Əmim Yuxarı Ağalı kəndinin cavanlarından da üç-dördünü iti qovub tutmağa çağırdı. Amma it nə çörəyə gəldi, nə sümüyə, boynundakı yükdən ürkək düşüb baş götürdü əsgərləri düşərgə qurduğu "Beton kanal" adlanan yerə.  Təsəvvür edin indi əmimin vəziyyətini. Bir də onu təsəvvür edin ki, Bakıda milləti qırıblar, biz isə düşmüşük bir itin arxasınca: bizi qırğına verən Qorbaçovun portretini itin boynundan çıxartmaq üçün. Bu millətin qanını tökən adamın portretini itin boynundan çıxartmaq üçün... Nəhayət, burada faciənin ilkin səbəbkarı ola biləcək Alabaş buna getmədi. Böyük bir qırğının qarşısını Alabaş aldı və əmimin ona verdiyi çörəyi ayaqlamadı. Sovet əsgərlərinə 200-250 metr qalmış  Alabaş, onun arxasınca düşmüş "kuçala-kuçala" hayqırtılarına və itləri fitlə çağıran səsə axır ki, dayandı. Məncə, it də anladı ki, sülhə görə Nobel almış şəxsin şəklini boynunda gəzdirən hər hansı bir canlı qana bais olmamalıdır. İt olanda nə olar...

Sovet əsgərləri və biz

Günlər keçdikcə əmimin bu əsgərlərlə yaxşı münasibəti yarandı. Onlarla aramız istiləşəndən sonra yalan-doğru gör nə deyirdilər: "Bizə əmr verilmişdi ki, Bakıdan Lənkəranacan yolboyu qarşınıza çıxanı qırın. Sonradan sizin bir zabitiniz (adın gizli saxlayırdılar) Moskvayla bu barədə danışaraq qan tökülməsinin qarşısını aldı. Biz əmrə tabeyik və İranla sərhədi bağlayıb gedəcəyik”. Belə də oldu.


Günün birində evdən həyətə çıxanda həyətimizdə çoxlu maşının dayandığını gördüm. Hələ ardı da gəlirdi. Onların ardınca isə sovet tankları... İnandırım sizi, jiqulilər tankların qarşısından qaça bilmədiklərindən, sürücülər maşınlarını bizim parağın geniş həyətinə sürmüşdülər. Üstəlik maşınlarından çıxıb üz qoyurdular şumlanmış sahələrə. Amma tanklar bizim parağın həyətinə dönməyib düz keçdilər. Bununla da İranla sərhəd bağlandı. Ssenari də tamamlandı...

İntiqam Hacılı