Türk dünyasının düşmənləri tərəfindən süni sürətdə ortaya atılmış «erməni məsələsi» beynəlxalq konfransların gündəliyinə və barış sazişlərinin mətninə daxil edildikcə, bu qalmaqallı toplumun yaşamı, öz milli-dini dəyərlərini mühafizə edib-etməmə durumu, iqtisadi vəziyyəti və s. istər-istəməz, maraq doğurur. Doğrudanmı, ermənilər tarixən «vəhşi» türklərdən saysız-hesabsız zülmlər görmüş, dini inanc, milli gələnək və mədəniyyətləri özgələşmə təhlükəsi ilə üzləşmişdi?
   Bu məsələlərə aydınlıq gətirmək məqsədilə, hər şeydən öncə, oxucularımıza ermənilərin türklərlə münaqişədən əvvəlki durumunu əks etdirən bir neçə vacib məqamı, dünyanın ən müxtəlif dinlərinə və millətlərinə mənsub olan müəlliflərin dilindən çatdırmaq istərdik:

  
   «Erməni etnosu Qafqazın hüdudlarından kənarda formalaşıb». (İ.M. Dyakonov)
   * * *
   «Ermənilər işğalçılar kimi gəlmiş və yerli əhalini əsarət altına almışlar». (R. Hovannisyan)
   * * *
   «Ermənilər İsveçrədən gəliblər». (R. Kiriyan)
   * * *
   «Ermənilər səkkiz əsr ərzində əvvəlcə Səlcuq, sonra isə Osmanlı hökmranlığını məmnuniyyətlə qəbul etmiş, idarə sistemindən qətiyyən şikayət etmədən, öz dininə asudə itaətlə məşğul olmuş, dövlətdə mühüm vəzifələr tutmuş və ticarətdə hakim mövqeyə nail olmuşlar. Faktlar belədir».
   (Fransız alimi, jurnalist və hüquqşünası Jorj de Malevil)
    * * *
   «Biz həyatımız boyu türk millətinə borcluyuq, türklər olmasaydı, bu gün nə erməni milləti olardı, nə də erməni mədəniyyəti». (Erməni yazıçısı Torkum Stepanyan)
   * * *
   «Ermənilər indiki dövrdə milli varlıqlarına görə həqiqətən səlcuq və osmanlı türklərinə borcludurlar. Bizanslıların və ya digər Avropalıların əlində qalsaydı, erməni adı bu gün sadəcə olaraq tarix kitablarında saxlanılan bir ad ola bilərdi». (Levon Dabağyan)
   * * *
   «Erməni milləti (Bizans imperiyasının tərkibində ikən) zülm-əsarət altında qalmışdı. Bütün məmləkətimiz qan içindəydi. Bu qanlar vətənimizin bir ucundan o biri ucunadək dərya kimi aşıb-daşırdı».…
   «(Bizans hökmranlığı altında ikən) Məzhəbini dəyişmək istəməyən ermənilərin boğazına əridilmiş qurğuşun tökərək, ən faciəli ölümlərə mübtəla edirdilər...»
   (Qədim erməni tarixçisi Urfalı Matevos)
   Bizanslılar «erməni kralı Qaqiqin əl-qolunu bağlatdırıb köpəklərə parçalatdırmışdılar...» (Bax: Süleyman Qocabaş. «Erməni məsələsi nədir və nə deyildir».)
   * * *
   «Ermənilər Frikyadan gəlmədirlər. Onlar tədricən Frikyadan şərqdə yerləşən yüksəkliklərə yiyələnib, oradan qədim urartuluları sıxışdırıb, onların adına, dilinə və rəvayətlərinə yiyələnib, özlərininki ilə əvəz etdilər».
   (Lenorman)
   * * *
   “Ermənilər həmişə yaşadıqları yerlərin yaramaz sahibləri olublar, öz yaxınlarını sataraq, həmişə güclü qonşularına məharətlə qulluq ediblər”.
   (Akademik Kerop Patkanyan)
    * * *
   «Ulu şahım... Beynənnəhreyndən (Mesopotamiyadan) Van gölü sahillərinə, oradan da Qafa (Qafqaza ) - oğuz-türk torpaqlarına 5-5, 10-10 gələn ermənilər saziş şərtlərinə görə sənətkarlıqla məşğul olmaq əvəzinə, məskunlaşmağa can atır, ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürünü yaradırlar ki, bu da istiqbalda nəsillərimizə baş ağrısı verəcək...
   Bu işləri indi Ağkilsə ( Əçmiədzin) kəndində əyləşən dünya ermənilərinin katalikosu II Qriqori maliyyələşdirir... Qarışıq nikahlar məni qorxudur, Şahım! Mənə səlahiyyət ver, cəmi 15 min gəlməni mövsümi işçilər kimi qisim-qisim qaytarım Vətənin dışarına. Sənin qulun Rəvan Xan».
   (İrəvan əyalətinin icmal dəftəri, 1519. İrəvan qalabəyisi və Qərbi Azərbaycan bəylərbəyi Rəvan xanın Şah İsmayıl Xətaiyə məktubundan)
   * * *
   Ermənilərlə əlaqəli tarixi mənbələrdən məlum olan bu iqtibasları sadaladıqdan sonra, ermənilərin tarixi keçmişi ilə bağlı bəzi zəruri məqamlara diqqət yetirək.
   Ermənilərin tarixində dönüş nöqtələrinin ən vacibi kimi, heç şübhəsiz, onların 301-ci ildə xristian dinini qəbul etmələri sayıla bilər. VI əsrdə Roma kilsəsindən ayrılan ermənilər Qüds şəhərində yeni bir patriarxlıq yaratdılar. Məzhəblərin zidd gəlməsi və dava ilə nəticələnməsindən sonra, 993-994-cü illərdə Roma ordusu böyük qüvvə ilə ermənilərin üzərinə hücuma keçərək onları qılıncdan keçirdi, qalanlarını isə əsarət altına aldı.
   Erməni kilsəsi və onların dini lideri olan erməni katalikosu öz xalqını ölümcül təhlükədən xilas etmək üçün Səlcuq hökmdarı Sultan Alp Arslana müraciət etdi. 26 avqust 1071-ci ildə Malazgirt vuruşunda Bizans İmperatoru Roman Diogeni məğlub etmiş ünlü Səlcuq sultanı Alp Arslan erməniləri də himayə edərək, onları Bizans zülmündən qurtarmışdı.
   1091-ci il fevralın 26-da erməni katalikosu Barsesin müraciətindən sonra isə türk sultanı Məlikşah erməni kilsəsi və monastırlarının, erməni din xadimlərinin vəziyyətini yaxşılaşdırmağa dair sərəncam imzaladı. Bir qədər əvvəl ermənilərin dəfələrlə bizanslılarla birləşərək döyüş meydanında türklərə qarşı vuruşduqlarına baxmayaraq, Səlcuq və Osmanlı idarəçiliyində onların dini inanclarına, gələnəklərinə, milli dəyərlərinə nəinki zərər gəlmir, hətta aciz, kiçik bir xalq kimi onlar hərtərəfli himayə olunurdu. Belə ki, o tarixi dövr və Sultan Məlikşahın rəftarı haqqındakı qeydlərində erməni katalikosu Vasil yazırdı: «O ( yəni Məlikşah - X.İ.) hər tərəfdən barış və hakimanə bir idarə qurmuşdu... Bildiklərimizin hamısından adil olduğuna görə heç bir insana kədər vermədi... Hərb və zorakılıqla deyil, könüllərə yol tapmaqla indiyədək heç bir hökmdarın əldə edə bilmədiyi məmləkətlərə sahib oldu».
    Qədim erməni tarixçisi Urfalı Matevos da Sultan Məlikşahın xalqlara ədalətli bir hami olması haqda yazırdı: «Məlikşahın səltənəti Allahın lütfünə nəsib oldu. Hakimiyyəti uzaq ölkələrə qədər yayıldı və ermənilərə sakitlik verdi... Qəlbi xristianlara qarşı şəfqətlə dolu idi. Keçdiyi ölkələrin xalqları ilə ata kimi rəftar edirdi».
   Erməni tarixinin həmin dövrünə münasibətdə çağdaş erməni müəllifi Ter Çersisyanın 1972-ci ildə qələmə aldığı mülahizələr də qədim türk dünyasının ədalətindən xəbər verir: «Ermənilər Bizansın öldürücü ilhaq siyasətinin xeyli davam etdiyi və ermənilərə qarşı düşmənçiliyin artdığı bir vaxtda Şərqdə səlcuq türklərinin zühur etdiyi göründü... Bizansın Malaskert (Malazgirt - X. İ.) fəlakətinə uğramağı üzündən bütün ermənilər 1071-ci ildə Səlcuqların idarəsinə keçdilər... Səlcuqların köməyi ilə hürriyyət qazanan ermənilər Qriqoryan idarəsində tərəqqi etdilər»...
  
   Xaqani İSMAYIL,
   yazıçı, tədqiqatçı