Zamanında dahi Üzeyir bəy "ən böyük yaradıcı xalqdı"- demişdi. Ancaq xalq mahnılarının ilkin vaxtlarda yaradıcıları - müəllifləri olub.
   
   Xalqın ürəkdən sevib bəyəndiyi bu bəstəkar təyinə tuş gəlib: xalq mahnıları. Hamısı da muğam ladları üzərindədir. "Segah", "Şur", "Bayatı-Şiraz", "Çahargah" və b. Məhz ona görə də "Apardı sellər Saranı", "Aman ovçu", "Bəh-bəh", "Xumar oldum", "Şirvanın yolları", "Sona bülbüllər", "Sarı gəlin" və s. melodiyaları unudulmur. Və düzünə qalsa, "pasportuna" xalqın adı yazılmış həmin mahnıların müəllifi olub, müxtəlif səbəblərdən müəllifləri unudulub. Bizim müasirimiz olan, on iki il əvvəl dünyasını dəyişmiş Bəhram Nəsibovun həyat verdiyi mahnılar kimi. Hərçənd rəhmətliyin qoşduğu nəğmələri sovet dövründə, bilavasitə dövlət nəzarətindəki yerlərdə - televiziyada, konsert salonlarında tanınan müğənnilər ifa edib. Bununla belə müəllifin adı çəkilməyib. Sanki mahnı anonimdi, konkret yaradıcısı yoxdu. Hətta, müəyyən hallarda onun əməyinin bəhrəsinə "xalq mahnısı" yarlığı da yapışdırıblar. Təəssüflər ki, mahnılar Bəhram müəllimsiz günlərdə "yetimlik" taleyi də yaşamalı olub. Ölkəmizin müstəqilliyə çıxmasına baxmayaraq, bəstəkarın əsərləri əsarətdən qurtula bilməyib. Elə bil hansısa naməlum qüvvə sovet dövrünün qoruq-qaytağının aradan götürülməsinə maraqlı deyil. Belə olmasaydı, sağlığında bəstəkarlıq təhsilinin yoxluğu üzündən mahnılarının sahibi olmaq xoşbəxtliyini dadmayan bu insana hələ də müəlliflik haqqı qaytarılmayıb. Amma yox, bədii şuranın, senzuranın, sosrealizmin arxivə göndərildiyi, müstəqilliyin dadını-tamını hiss elədiyimiz vaxtda Bəhram Nəsibovun fiziki cəhətdən yoxluğu belə onun yaratdıqlarına sayğılı, doğma münasibətimizin yaranması, sənətçiyə mənəvi borcumuzun qaytarılmasıyla nəticələnməyib.
   Haqqında bəhs etdiyimiz Bəhram Nəsibov kimiydi? 1942-ci ildə Füzuli rayonunun Rəfədinli kəndində doğulub. Orta təhsilini Füzulidə alıb. Ali təhsil arzusuyla Bakıya gəlmiş Bəhramın yolunu tale o zamankı Teatr İnstitutuna salmışdı. Musiqili komediya teatrı aktyoru olacaqdı Bəhram. Ancaq qismət deyilmiş. Müəyyən səbəblərə görə diplom müdafiəsinə az qalmış təhsiliylə, aktyorluqla vidalaşmalı olur. Sonradan ona edilən təkliflərə baxmayaraq, imtahan verib diplomunu almaq fikrindən də vaz keçir. Bir neçə illik fasilədən sonra ona yaxşı tanış olan institutun mədəni-maarif fakültəsinin tələbəsinə çevrilir. Təhsilini tamamlayır, hətta bir müddət institutda dərs də deyir. Həyatının əksər hissəsini o, azad yaradıcılığa həsr edir. Dövlət musiqi kollektivlərinin demək olar heç birisində çalışmır. Bütün bunlar Bəhram Nəsibovun yazıya köçən ömürlüyündən fraqmentlərdir. Ancaq Bəhramın həyatı daha dolğun və yaddaqalandı. Müəllimsiz-filansız tar çalmağı öyrənən, muğamı, əruz janrını, klassik ədəbiyyatı yetərincə bilən, gənc yaşlarından son günlərinədək mahnılar qoşmaq məharəti ilə seçilən bu insanın müəllif kimi imza atdığı "Deyin hardadır?", "Qal, sənə qurban", "Ay dəli ceyran", "Yadigarındır", "Qarabağ", "Səni qəmli görəndə", "Xatırla məni", "Xatirəsən" və s. mahnıları, xeyli sayda təsnifləri yarandığı gündən dillər əzbəridi.
   Onun mahnıları Tükəzban İsmayılova, Arif Babayev, Süleyman Abdullayev, Teymur Mustafayev, Elmira Rəhimova, mərhum İslam Rzayev, Nəzakət Məmmədova, Məmmədbağır Bağırzadə və başqalarının repertuarında xüsusi yer tutur. Bir faktsa çox maraqlıdı. Adlarını çəkdiyimiz və burada qeyd etmədiyimiz mahnı və təsniflərin əksəriyyətinin sözlərini də Bəhram Nəsibov özü yazıb. "Şur", "Şahnaz", "Şüstər", "Segah", "Bayatı-Şiraz", "Çahargah" və b. muğamlarından məharətlə bəhrələnən və onların əsasında mahnılar, təsniflər bəstələyən sənətçi özündən sonrakı nəsil üçün olduqca qiymətli miras qoyub. Onun yaratdığı əsərləri nəzərdən keçirəndə və istedadlı insan ürəyinin çırpıntılarını duyur, hərarətini hiss edirsən. Və onun tar, sonralarsa dolanışıq xatirinə gitara çalmağı nəinki təəccüb doğurur, əksinə təbii görünür. Bəli, haqsız söyləmədim bu sözü. Milli bəstəkarlıq məktəbimizin ən görkəmli nümayəndələrinin əksəriyyətinin yaradıcılğa tar, kamança ifaçısı kimi başladığı faktını yadınıza salın. Milli musiqi alətlərində çalmağı öyrənənlərin muğamı dərindən bilməsi təzə fakt olmadığından Bəhram Nəsibovun bəstələrinin sevilməsi və uzunömürlük qazanması məncə adi qarşılanmalıdı. Bəhram Nəsibova qarşı laqeydlik, soyuqqanlılıq buzu tam əriməyib, tilsim son həlqəsinəcən sınmayıb. Əlli beş illik həyatında bəstəkar kimi adının çəkilməməsinin acısını "doyunca" yaşayıb, ürəyi qubar bağlayan və nisgillə dünyadan köçən bəstəkarın adı yenə biganəliyə tuş gəlib.
   Mahnı və təsniflərin ifası zamanı müəllifin adını çəkməyə xəsislik edirlər. Ən acınacaqlılısı odur ki, Bəhram Nəsibovun bəstələrinin əksəriyyəti indiyədək rəsmən müəlliflik şəhadətnaməsi almayıb. Buna müəyyən səbəb sovet dönəmində sənədləşmə problemləri, sənətçinin əsərlərinin notla yazılmaması və s. ilə bağlıydı. Ancaq hazırda onun halal haqqının öz yerini alması istiqamətində imkanlar yox deyil. Yetər ki, mərhumun övladları və yaxın həmkarları nəsə eləmək fikrinə düşsünlər. Bu mənəvi haqqın bərpası bəstələrin nota salınmasından keçir. Sonra Müəllif Hüquqları Agentliyinin qapısını döymək asan olacaq. Və bundan sonra ölməz mahnı və təsniflərin yiyəsinin kimliyi hamıya əyaniləşəcək. Bununla istedadlı bəstəkarın uzun illər pozulmuş haqqını özünə qaytarmış olarıq. Bununla bəstəkarın narahat ruhu şad olar, bizlər də mənən dincələrik. Axı o bu günü çox arzulamışdı. Noleydi, bircə deyəydilər, filan mahnı, musiqisi və sözləri Bəhram Nəsibovundu...
   Necə ki, bu xatırlama da məhz onundu - Bəhram Nəsibovun...
  
   Seymur Elsevər
  

   P.S. Şükürlər ki, axır vaxtlar mərhum bəstəkarın yaradıcılığına diqqət bir qədər artıb. Bu işdə İctimai TV-yə xüsusi çox sağ ol düşür. Həmişəyaşar nəğmələri nota köçürdüb, qeydiyyata aldıran, yaxınlarda onları kitab və disk şəklində ictimaiyyətə çatdırmaq istəyən sənətkarın övladları da təşəkkürə layiqdi.