XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi tarixə düşən və azərbaycanlılarla yanaşı, bütünlükdə bəşəriyyətə qarşı vandalizm aktı olan Xocalı faciəsindən artıq 17 il ötür. Yerlə yeksan edilən şəhər, xüsusi amansızlıqla qətlə yetirilən yüzlərlə azərbaycanlı, olmazın işgəncələrə məruz qalan minlərlə əsir vətəndaşımız, hələ də taleyi bəlli olmayan onlarla sakini 1992-ci ilin şaxtalı, məşum 26 fevral gecəsinin yadigarıdır. Elə həmin vaxtdan Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan milyonlarla azərbaycanlı faciənin həqiqi qiymətini alması və beynəlxalq miqyasda tanınması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir. Artıq fevralın ikinci ongünlüyündən start götürən bu aksiyalar sırasında xarici ölkələrdəki diaspor təşkilatlarımızın işləri üstünlük təşkil edir.
   
   Belə ki, hər il olduğu kimi bu il də fevralın 26-da Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası Xocalı soyqırımının 17- ci ildönümünə həsr olunmuş anma mərasimi və fotosərgi keçirəcək. Manisada Azərbaycan Kültür və Dayanışma Dərnəyi də bu faciə ilə bağlı tədbir düzənləyəcək. İzmirdə təshil alan azərbaycanlı tələbələr isə Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi ilə birgə konfrans keçirəcəklər. Diaspor ilə İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, Türkiyədəki anma tədbirləri sırasına İzmirdəki Kocaeli Azərbaycan Evi Dərnəyinin təşkil edəcəyi konfrans və bir həftəlik sərgi də daxildir.
   Şimali Kiprdə Doğu Ağdəniz Universitetində fəaliyyət göstərən İqtisadi və Mədəni Əməkdaşlıq Mərkəzinin keçirəcəyi anma tədbirində rəsmi qonaqlar, universitetin tələbə və müəllim kollektivi iştirak edəcək. Bundan başqa, Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyindəki Azərbaycan Cəmiyyəti, Misir Ərəb Respublikasında fəaliyyət göstərən «Vətən» Tələbə Cəmiyyəti, Sidneydəki Avstraliya-Azərbaycan Türk Dostluq Birliyi də Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı anma tədbirləri reallaşdıracaq.
   Komitədən verilən məlumata görə, Tailand Krallığındakı Azərbaycan Mədəniyyət Evi Xocalı soyqırımı ilə bağlı Bankonq şəhərində yerləşən Assumtion Universitetində konfrans keçirəcək. Tədbirdə faciəni əks etdirən fotoşəkillər də sərgilənəcək.
   Bundan başqa, Yeni Zelandiyanın Okland şəhərində fəaliyyət göstərən “Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyəti Xocalı soyqırımının ildönümü ilə bağlı ən çox oxunan iki qəzetdə məqalələrin yer almasını razılaşdırıb. Onu da qeyd edək ki, məqalələr artıq qəzetlərin redaksiyalarına təqdim olunub. Təşkilat, həm də bir neçə ali təhsil ocağında soyqırım ilə bağlı məlumat xarakterli aksiyalar da planlaşdırır.
   Tədbirdə Heydər Əliyev Fondunun göndərdiyi təbliğat materiallarından geniş istifadə olunacaq.
   Anma tədbirlərinin növbəti mərkəzi Strasburq olacaq. Belə ki, sabah (fevralın 26-da) Strasburqda Avropa Parlamentlər Assosiasiyasının binasında XX əsrin ən dəhşətli faciələrindən biri - Xocalı soyqırımına həsr olunmuş anma mərasimi keçiriləcək. Tədbirdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin, Azərbaycan və türk diaspor təşkilatlarının, yerli və xarici qurumların nümayəndələri və bu şəhərdə təhsil alan gənclərimiz, iştirak edəcəklər. Mərasim iştirakçılarına Xocalı soyqırımı, Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi barədə Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdiyi materiallar təqdim olunacaq, ermənilərin xalqımıza qarşı törətdiyi terror və soyqırımı aktlarına dair geniş məlumat veriləcək, faciədən bəhs edən film və fotostend nümayiş etdiriləcəkdir. Elektron KİV-lərdə faciəyə dair məlumatların yerləşdirilməsi, dəyirmi masa keçirilməsi də nəzərdə tutulmuşdur. Daimi nümayəndəlik faciə barədə mətbuat açıqcaları hazırlayaraq, Avropa Şurasının katibliyində, üzv ölkələrin daimi nümayəndəliklərində, habelə Strasburqda fəaliyyət göstərən konsulluqlarda yayacaq.
   Strasburqdakı Azərbaycan Evi də Azərbaycan Mədəni Əlaqələr və Azərbaycan Kültür Cəmiyyətləri, Azərbaycanlı Tələbələr Assosiasiyası, Miluzdakı Fransa-Azərbaycan Mədəniyyət Assosiasiyası ilə birlikdə Xocalı soyqırımı barədə həqiqətləri fransız ictimaiyyətinə çatdırmaq məqsədi ilə proqram hazırlayıb. Azərbaycan Evi fevralın 28-də Strasburqun mərkəzindəki meydanda nümayiş keçirəcək. Aksiyanın keçirilməsi barədə Strasburq bələdiyyəsindən razılıq alınıb. Nümayiş vaxtı yerli sakinlərə Heydər Əliyev Fondunun Xocalı faciəsi ilə bağlı ingilis və fransız dillərində hazırladığı kitablar və digər təbliğat materialları paylanacaq. Fevralın 29-da yerli radioda Xocalı soyqırımına həsr olunmuş xüsusi veriliş səslənəcək. Almaniyada da Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləcək. Fevralın 26-da Diaspor ilə İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Alman-Azərbaycan Forumunun prezidenti Otto Hauzerlə birlikdə Frankfurtdakı FOX televiziyasında canlı efirdə Xocalı soyqırımı barədə çıxış edəcəklər. Daha sonra, V.Hacıyevin Maynts Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür və Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İsgəndərova ilə birlikdə “Kanal Avropa”nın və TQRT-nin Almaniya nümayəndəliyinin canlı efirində soyqırımla bağlı çıxışları nəzərdə tutulub. Berlində isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Bundestaqın üzvlərinin də dəvət olunacağı anma tədbirində soyqırım ilə bağlı sənədli film nümayiş etdirəcək. Həmçinin uşaq rəsmlərindən ibarət sərgi təşkil olunacaq.
   Berlinin mərkəzi meydanlarından birində Azərbaycan Evi və Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti mitinq keçirib. Daha bir etiraz aksiyası Hollandiyanın Haaqa şəhərində baş tutub. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Cəmiyyəti Xocalı soyqırımı ilə bağlı hazırlanmış şüarlarla Sülh Sarayının qarşısında piket keçirəcək, Xocalı soyqırımı qurbanlarının xatirəsinə Haaqada ucaldılmış abidəni ziyarət edib. Hollandiya Azərbaycan Türk-Kültür Dərnəyi isə martın 1-də Haaqadakı Xocalı abidəsinin önündə anma tədbiri keçirəcək. Mərasimdə Azərbaycan və Türkiyənin Niderland Krallığındakı səfirləri, Azərbaycan və türk diaspor təşkilatlarının fəalları iştirak edəcəklər.
   Fevralın 26-da Belçika-Azərbaycan Evinin təşəbbüsü ilə Brüsselin Şuman meydanında soyqırımın 17-ci ildönümü ilə əlaqədar çadır qurulacaq. Çadırda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş foto və rəsm əsərlərinin sərgisi nümayiş etdiriləcək, yerli televiziyalardan birində Xocalı qırğını barədə film göstəriləcəkdir. Almaniyanın Köln şəhərindəki Vahid Azərbaycan Cəmiyyətinin üzvləri də Brüsselə gələrək buradakı Azərbaycan və türk diaspor təşkilatlarının iştirakı ilə Avropa Parlamentinin binası qarşısında tədbir keçirəcəklər. Soyqırım qurbanlarının anma günündə Azəri Türk Qadınlar Birliyi də Brüsseldəki Square de Meeuse meydanında mitinq keçirəcək, buradan isə Avropa Parlamenti binasının yerləşdiyi Şuman meydanına yürüş olacaq.
   İsveçin Linköpinq şəhərində fəaliyyət göstərən “Babək” dərnəyi şəhərin Tradgardstorget meydanında manifest təşkil edəcək, bir gün sonra isə Stokholm şəhərindəki Sergelstorg meydanında Azərbaycan diaspor təşkilatlarının Xocalı qətliamına etiraz olaraq mitinqi olacaq. İsveçrədə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi Berndə bu ölkənin parlament üzvlərinin, tanınmış siyasətçilərin və KİV nümayəndələrinin iştirakı ilə konfrans keçirərək, Xocalı soyqırımına, tarixi gerçəkliklərə bir daha diqqət yönəldəcək. Danimarkadakı “Vətən” Cəmiyyəti Xocalı faciəsinin ildönümünü soyqırım haqqında sənədli filmin nümayişi, broşürlər və kitabların təqdimatı ilə qeyd edəcək.
   
   Həmidə Nizamiqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar