Ay, ulduzla süslənmiş
Masmavi göy üzü altında
Qıpqırmızı qanımla suvardığım
Yamyaşıl ölkəm.
R.Behrudi
Müğənninin mahnısında, şairin şeirində uydurulan Qarabağ! Bu gün də ən ağır yara alan yurdundan - Xocalıdan danışmaq istəyirəm. Xocalı adlı kəndin varlığı əvvəlcə bizim xatirimizə də gəlməzdi. Haçan ki, düşmənlər onun davasına qalxdılar, o zaman orda binalar ucaltmağa, yollar çəkməyə başladıq. Fabriklər, zavodlar tam gücü ilə işə düşdü: - Xocalı ağ günə çıxdı. Əhalini burda yaşamağa, işləməyə yönəltdik. Bəlkə də, soyqırımda çoxlu insan itkisinin olmasının səbəbindən biri də bu idi ?! Xocalılar ağ yuxular görməyə başladılar - ta o barıt qoxulu günlər gələnəcən. Tədricən hava nəm çəkdi düşmən hiyləsindən, torpaq gizildədi “doğma tələqurmalardan». Yeganə telekanalın “iki nəfərlik itki” kimi dəyərləndirdiyi faciə nəhayət ki, baş tutdu. Qırıldılar - kömək gözləyə-gözləyə, tapdandılar - uşaqdan-böyüyə, silaha sarılsalar belə, murdarlandılar - beş addım o yandan atılası (bağlı yolları aça biləcək gücdə) qardaş gülləsinə həsrət, inandılar- unudulmadıqlarına, qorxmadılar- dünyanın ağlına belə gəlməyən bu variantın gerçəkliyi mümkünmü deyə. Dörd səmtin üçü öz nəzarətimizdəykən bağladıq qapıları, qapadıq qulaqlarımızı, örtdük gözlərimizi Allahın göydən gələcək yardımına buraxdıq Xocalını, kol-kos basan yolların, qarlı aşırımların ümidinə. Xocalı kəsilib atılmalıydı xəstə bədən üzvü sayaq. Bu qərar kimin istəyi, kimin mütiliyiydi? Səsi şaxta vurmuş teleqraf simləriylə birgə qırıqlanıb töküldü Xocalının. O gündən bu günə heç Bakıya da gəlib çatmadı, dünya necə eşitsin onun harayını, nə umuruq dili özgə, dini yad uzaqlıqlardan ? Bakı buz bağlamışdı rəhbərindən cocuğunacan. O gecə donan Azərbaycanın ürəyiydi- corabsız ayaqlarda, ac-susuz qundaqlarda.
...Əsir düşəcəyinə əmin olan qardaşın, onu vursun deyə öz doğma qardaşına etdiyi yalvarışlar, onları yer üzündən silməyə fərman vermiş bir millətin bayrağına tüpürməyib, əvəzində diri-diri gözləri çıxarılan gənc, səsi çıxan körpəsini hikkəylə boğan ana, güllələnmiş ağsaqqalı torpağa da utanc gətirən nurani, ölmüş ananın döşünü acgözlüklə soran körpə, süngülərə taxılan cocuqlar, ruhu da zorlanmış, harayı səsgücləndiricilərlə yayılan qızlar... hələ bilmədiyimiz nələr- bunlar Qarabağ gündəliyinin bircə səhifəsinə yazılanlardır. Ölümün dişindən qurtarıb gəlməyə məcbur olanlarsa əbədi sinə dağı gətiriblər özləriylə. Sağ gələn bir şey varsa, o da Çingiz Mustafayevin oğurluq (kimdən?) çəkdiyi kadrlardır.
...Efirdə Xocalıdan qaralı-qırmızılı- töhmətə səbəb görüntülər. Dışarıda həyatı tamamən şoulaşmış bütöv bir millətə bənzər.Qanımızı və torpağımızı udmuşlara qarşı pul, avtomobil udmanın paradoksal sərgiləməsi. Adanı unutduğum bir rus filosofu deyib ki, “xalq kəmiyyət deyil, keyfiyyətdir”. Bəlkə, elə o, bizi misal çəkirmiş? İlin bir gününün cəmi bir saniyəsi təkcə susmaqla Xocalını anmağı ağlına belə gətirməyən soyuqqanlılarıq biz. Həm də bu şəhər dünyanın nə o , nə də bu başındadır- öz içimizdən boylanan qara ləkədir.
Əvvəl ağ-ağ binalarla, hamarlanmış yollarla başına sığal çəkdik- konfetə allanıb dərman udan körpələr təki. “Şəhər” dedik - əsrlərlə kənd taleyi yaşamış yurda. Bəxtəvər etdik - ağ günlərin vədiylə. Uyutduq- qara yuxulardan ayılmağa macal tapmadılar. Bizsə hələ də yatırıq. Görəsən, bizim yuxularımız nə rəngdədir?
Samirə Səma