Kompyuterin şüası gözlərimizi yoranda, növbəti yazını bitirib beyinə istirahət vermək zamanı gələndə (bu da adətən, nahar fasiləsi vaxtına düşür) redaksiyamızın yaxınlığındakı çayxanaya üz tutmaqla iş prosesinə azacıq fasilə veririk. Bura, adətən, redaksiyadan 2-3 nəfər gəlirik. Düzü, həddən artıq ucaldılan musiqi səsinə, çay dəstgahımıza zorla sırınan və saxlama tarixi şübhəli olan şokoladlara görə bu çayxana-kafeyə üz tutmaq istəmirəm. Sadəcə olaraq bu çayxananın yeganə üstünlüyü redaksiyamızın yaxınlığında olmasıdır.

   Fevralın 26-nı, xalqımıza qarşı erməni soyqırımı olan Xocalı facıəsinin qurbanlarının xatirəsini redaksiya olaraq iş yerimizdə ehtiramla yad edib, növbəti sayımızın hazırlığına başladıq. Qəzetimizin növbəti (27 fevral tarixli sayını hazırlamaq üçün günün əksər saatlarını redaksiyada olacağımızı nəzərə alıb nahar fasiləsində yenə də həmən obyektə - “Kənan” adlandırılan çayxanaya üz tutduq. Məhz bu gün, Xocalı faciəsinin anıldığı təqvimdə çayxana əsl diskotekanı xatırladırdı. Rep musiqisi, ucuz ara mahnıları, “Səni sevirəm, ay qız” nidalı iniltili nəğmələr bir-birini əvəz edərək, bu dəfə daha ucadan səsləndirilirdi. Xarici turist olsaydım, hesab edərdim ki, bura bir erməni kafesidir və qatillər 26 fevralda öldürdükləri körpələrimizin meyitlərini belə təhqir etdikləri Xocalı soyqrımını bayram edirlər. Kafedə işləyən xanıma yaxınlaşıb heç olmasa bu faciə günündə musiqi püskürülməsinə son qoymasını xahiş edirəm. Xanım ofisiantin “mədəni” cavabını olduğu kimi oxuculara təqdim edirəm.
   “Noolsun, ölüblər, Allah rəhmət eləsin, bura kafedir, musiqi olmasa, diriləcəklər? Heç səsin də ala bilmərəm...”
   Bu kobudluqla dolu cavabın qarşılıqlığını hər bir azərbaycanlı yaxşı bilir. Təəssüf doğuran budur ki, faciəyə laqeyd xanım bizim ölkənin vətəndaşıdır. “Kənan” kafesinin sahibinin kim olduğunu bilmirəm, amma onun üçün bir faktı nümunə gətirmək istərdim. Bu hadısə Ermənistanın Spitak rayonunda baş verib. Onlarla restoranın sahibi olan erməni milyonçusu Avramyan Qarabağ müharibəsində bir ayağını itirmiş keçmiş erməni döyüşçüsünün palçıqlı küçə ilə çətinliklə hərəkət etdiyini görəndə kostyumunun palçığa bulaşmasına fikir verməyərək, həmin dığanı qucağına alıb, onu gedəcəyi ünvana çatdırır. Siz bunun nə demək olduğunu başa düşürsünüzmü?
   Onu da başa düşün ki, faciələr bizim bir qanadımızı sındırıb, onun bərpası - Qarabağın azadlığı üçün çalışdığımız bir vaxtda göstərilən laqeydlik o biri qanadımızı da sındıra bilər. Qanadsız quşlar isə uça bilmirlər.
    Bu utancverici hadisədən sonra inanmıram ki, bizim redaksiyadan kimsə “Kənan” adlı kafeyə üz tutsun.
   
   Sabutay







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar