Tarixin keşməkeşli dönəmlərində millətimiz özünü təsdiq edərək, millətlər içərisində öz sözü, yeri olduğunu çox sübuta yetirib. Müasir dövrümüzdə də elə tarixi hadisələr, xalqımızın yaddaşına iz salan elə məqamlar olub ki, xalqımızın qürür günləri, fəxarət səhifələrinə çevrilib.
  
   1990-cı ilin 20 Yanvarı - sovet imperiyasının qanlı caynaqlarının Vətənimizın bağrında al qırmızı qərənfil rəngində yara açdığı bir gün... Adına Qara Yanvar, 20 Yanvar faciəsi də deyirik, amma bu günün ən doğru adı bizim Qürur günümüzün olduğunu yaxşı dərk edirik. Düzdür, ölkəmizdə 20 Yanvar tarixi hər il matəm günü kimi qeyd edilir. Ancaq AZADLIQ deyə, əliyalın, çəkinmədən iri, ağır tankların üstünə gedən azəri övladının həm də fəxarət günüdür bu gün. Şəhidlərimizin uyuduğu məkan- Şəhidlər Xiyabanı and yerimizdir bizim. Hər il birlik və sevinc bayramı kimi qeyd etdiyimiz Milli Həmrəylik, Milli Dirçəliş günləri də bizim bir millət kimi özünütəsdiq, fəxarət günlərimizdir. Hər il bu tarixi günlərimizin ildönümlərində Xətai timsallı övladlarımızın qəhrəmanlığından, igidliyindən bəhs edilir, hamı onlardan danışır. Amma belə qəhrəman övladları olan millətimizin bəzi nümayəndələri bəzən elə danışırlar ki, elə bil, ot kökü üstə bitmir, yəni adamlarımızı bu gün ancaq şəxsi mənafeyini güdən, xudpəsənd bir insan kimi qələmə verirlər. Güya heç kəsdə vətənpərvərlik hissi qalmayıb və ümumiyyətlə sevgi cılızlaşıb, hər şey indi təmənna üzərində qurulur. Əlbəttə, bunu söyləyənlər özləri elə o cür düşüncəli adamlardı, sözsüz. Çünki bütün millətin adından danışmaq belə adamların həqiqətən də sözün böyük mənasında sevgisizliyindən xəbər verir. Bu adamlar hardan bilsinlər ki, onlardan fərqli olaraq, bizdə vətənini sevən, onun üçün hər an vuruşmağa hazır olan oğullarımız da var, qızlarımız da. Əsl sevgiyə gələndə isə bəlkə o fikirdə olanlar övladlarını bu düşüncəylə xoşbəxt görürlər. Amma bu o demək deyil ki, hər kəs belə düşünür və bu cür hərəkət edir. Bir də əgər kimsə ümumiyyətlə sevməyi bacarmırsa, bu onun öz kasadlığıdır. Bunun heyfini çıxmaq üçün öz çürük fikirlərini millətin ayağına yazmaq ağıllı adam işi deyil. Təssüf ki, bu adamlar hələ də elə düşünürlər ki, hamı onların fikri ilə oturub-durur. Hərənin öz qəlbi, öz düşüncəsi olduğunu anlamaq necə də çətin imiş…
    Deyir mərdi qova-qova namərd edərlər, bu cür fikirlərlə cavanlara o qədər təsir edirlər ki, onlar bəzən çaş-baş qalırlar ki, kimə qulaq assınlar. Efirdən bəzən hətta aparıcının da belə pessimist danışması və milli mənliyimizlə bağlı məsələlərə şübhə ilə yanaşmağını görəndə onda sadə tamaşaçını necə qınayasan? Amma əsl vətəndaş odur ki, torpaqlarımızı tezliklə geri qaytaracağımıza da inanır, insanlarımızda olan təpərə, qeyrətə, əsl sevgiyə də. Yoxsa başqa düşüncəylə yaşamaq olmaz ki… Bəzilərinə baxmayın, necə ki, bu gün belə insanlar bütün təbəqələr arasında var və onlar harada olsalar, ancaq ara qarışdırmaqla məşğuldurlar. Davalı yerdə ot bitməz, deyiblər və heç Allah da yer üzündə fitnə-fəsad törədən adamları sevmir. Torpaqlarımızın 20 faizinin düşmən tapdağında olması hələ millətimizin ruhunun ölməsi demək deyil, təkcə bunu anlamaq yetər! Necə ki, insanı cismən öldürməklə ona qalib gəlməyin mümkün olmadığı kimi… Bir də, yaxın-uzaq tariximizin qəhrəmanlıq salnamələrini yada salsaq, biz başqa cür düşünmərik, əsla!
  
   Mina RƏŞİD






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar