Erməni vəhşiliyinin gerçək sübutu
Bakıda 1918-ci il mart faciəsi ilə bağlı Milli Arxiv İdarəsinin rəisi, tanınmış tədqiqatçı Ataxan Paşayev ermənilərin Bakıda qırğın törətmək istəklərini planlaşdırılmış şəkildə yaratdıqlarını sənədlərin, faktların dililə əsaslandırır: "19-cu əsrin axırları, 20-ci əsrin əvvəllərində Bakıda neft sənayesinin sürətlə inkişafı, dünyanın ən iri neft mərkəzinə çevrilməsi ermənilərin kütləvi şəkildə bu şəhərə axınına səbəb oldu.
Özlərinin xristian dininə etiqadlarına və həmişə Rusiya hökuməti qarşısında bir alət olduqlarına istinad edən ermənilər hökumətdən Bakı neft sənayesində böyük imtiyazlar ala bilir, qısa vaxtda demək olar ki, neftin əsas sahibkarlarından birinə çevrilirdilər. İş o yerə çatır ki, Bakı neft sənayeçiləri qurultayına rəhbərliyi ermənilər tamamilə öz əllərinə keçirir, burada da istədiklərini diktə edirlər. 1917-ci ildə əvvəlcə fevral inqilabı nəticəsində çar hakimiyyətinin devrilməsi, sonra isə oktyabrda bolşevik çevrilişindən sonra imperiyanın dağılmasından daşnaklar və digər erməni millətçi partiyaları məharətlə istifadə etdilər. 1918-20-ci illərdə Qafqazda, o cümlədən Azərbaycanın bütün ərazisində ermənilər azərbaycanlılara qarşı geniş qırğınlar, talanlar, zorakılıq və terror əməliyyatları həyata keçirmişlər. Ermənilərin bu hərəkəti 1905-ci ildə olduğu kimi 1918-ci ilin martında yenə də Bakıdan başlayıb. Özü də bu qırğın 1905-ci ilə nisbətən ermənilər tərəfindən daha məharətlə hazırlanıb amansızlıqla həyata keçirilmişdi”. Xatırladaq ki, Şaumyan bu dövrdə Lenin tərəfindən Föqəladə Zaqafqaziya Komissarı vəzifəsinə təyin edilmişdi. O, Tiflisə gedir, lakin istəyinə nail ola bilmədiyindən Bakıya qayıdır. Şaumyan Bakıda hakimiyyəti demək olar ki, əlinə keçirərək ondan azərbaycanlılara qarşı mübarizədə istifadə etməyə başlayır: "Şaumyanın rəhbərliyi ilə Bakıda törədilən azərbaycanlı qırğınları sonradan bütün Azərbaycana yayılır. Bu məsələlər öz əksini geniş şəkildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı məruzələrdə və digər sənədlərdə öz əksini tapıb. Faciənin həyata keçirilməsi üçün bəhanə düşünmək lazım idi. Ermənilər bəhanəni tapdılar. 1918-ci ilin yanvarında başda general Talışinski olmaqla yaradılmaqda olan müsəlman korpusunun qərargahı Bakıya gəlir. Qərargahın rus zabitləri sırasında əvvəllər jandarmeriyada xidmət etmiş şəxslərin olması bəhanəsiylə müsəlman korpusunun qərargah üzvlərinin çoxu erməni əsgərlərindən ibarət bolşeviklər tərəfindən həbs edilir. "Daşnaksütyun" erməni partiyası sovet hakimiyətini tanıyaraq, azərbaycanlılarla mübarizə üçün bolşevik partiyası ilə birləşir. Müsəlman korpusu qərargahının üzvlərinin həbs edilməsindən istifadə edərək ermənilər azərbaycanlıları bolşeviklərə, həmçinin ermənilərə qarşı silahlı üsyana təhrik edirdilər. Burada da məqsəd özləri tərəfindən hazırlanan hadisələrin günahını azərbaycanlıların üzərinə atmaq idi. Lakin azərbaycanlılar bu təxribata getmədilər. Azərbaycanlıların çıxışı baş vermədikdə erməni əsgərləri onlara qarşı üzərində zor işlətməyə, müdafiəsiz qocaları, qadınları və uşaqları qarət edib öldürməyə başladılar. Azərbaycanlılar hətta Bakı vağzalında belə görünə bilmirdilər". Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının hazırladığı məruzədə baş verən hadisələrin səbəbkarının ermənilər olduğu açıqca görünür: "1918-ci il martın 17-də silahla ehtiyatsız davranmış və həlak olmuş Məmməd Tağıyevin cənazəsini müşayiət edən müsəlman diviziyasının böyük bir dəstəsi Lənkərana yola düşmək istəyir. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı erməni bolşevikləri müsəlman divizyonundan tərkisilah olunmağı tələb edir. Rədd cavabı aldıqda gəmiyə tüfəng və pulemyotlardan atəş açılır. Sabahısı gün şəhərdə silahlı erməni əsgərləri görünürlər. Onlar şəhərin bütün küçələrində səngərlar qazır, torpaq və daşlardan bəndlər ucaltmağa başlayırlar. Bunu görən azərbaycanlılar da öz növbəsində səngərlər qazırlar. Həmin gün müsəlman xeyriyyə cəmiyyətinin binası olan "İsmailiyyə"də azərbaycanlıların yığıncağı keçirilir. Keçmiş Bakı şəhər rəisi Qaik Ter-Mikaelyants iclasa gəlir, erməni milli şurası və "Daşnaqsütyun" partiyası adından bildirir ki, əgər azərbaycanlılar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşevikləri Bakıdan qovmağa kömək edəcəklər".
Ertəsi gün martın 19-da səhər tezdən azərbaycanlılar hələ yuxuda olduqları bir vaxtda ermənilərin yalan vədlərinə arxayınlaşmış şəhərin azərbaycanlı hissəsinə hücum başlanır. Hücumda yalnız erməni əsgərləri iştirak edir və azərbaycanlılar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirlər. Xəzərdəki hərbi gəmilər ermənilərin provakasiyası ilə şəhərin azərbaycanlılar yaşayan hissəsini top atəşinə tuturlar. Ermənilər rus matroslarını inandırmışdılar ki, şəhərdə müsəlmanlar rus əhalisini qırırlar. Matroslar əmin olduqda ki, azərbaycanlılar şəhərdəki rus əhalisinə toxunmurlar, top atəşini dayandırmışdılar. Hücum ərəfəsində şəhərdəki bütün ermənilər şəhərin azərbaycanlı hissəsindən erməni hissəsinə keçmişdilər.
Ermənilər Azərbaycan türklərinə qarşı görünməmiş dərəcədə vəhşiliklər törədirlər: "Yaxşı silahlanmış və təlim görmüş erməni əsgərləri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan "Məmmədəli" və "Zibilli dərə" deyilən yerlərdə onların evlərinə soxulur, sakinləri xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, 3-4 günlük körpələri süngülərin ucuna keçirirdilər. Qaçmış valideynlərin bütün südəmər körpələri vəhşiliklə öldürülürdü. Valideynlərin özlərini isə küçədə qovub qətlə yetirirlər. Şəhərin bu hissəsində çox az adama qaçıb canını qurtarmağa nəsib olmuşdu".
Məruzədə göstərlirdi ki, bu vəhşiliklərin şahidi olmuş adamlar danışanda özlərini ağlamaqdan saxlaya bilmir, həyəcanlanır, ona görə də hadisələri yerli-yerində nəql edə bilmirdilər: "Azərbaycanlıları qətl edərkən onların evlərini qarət edir, sonra isə od vurub yandırırdılar. Azərbaycanlı qadınları öldürür, çalalara dolduraraq üstünü torpaqlayırdılar. Sonralar təkcə bir çaladan burun və qulaqları kəsilmiş, qarınları yırtılmış, cinsi orqanları doğranmış 57 müsəlman qadınının meyiti tapılıb. Şahidlər deyirlər ki, ermənilər öldürə bilmədikləri qadınların hörüklərini bir-birinə bağlayır, başıaçıq, ayaqyalın qabaqlarına qatıb küçələrə qovur, yolda tüfəngin qundağı ilə döyürdülər".
Elçin