İzin də qalacaq, sözün də!
  
   Bu yaxınlarda tanınmış publisist, «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», «Araz», «Vətən» mükafatları laureatı, əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə bizi yeni kitabı ilə sevindirdi. «İzim qalmasa da, sözüm qalacaq» adlı irihəcmli kitab oxucular tərəfindən maraqla müəllifin qırx illik yaradıcılıq hesabatı kimi qarşılandı.
   Məzahir Süleymanzadə mənim uşaqlıq dostum və tələbə yoldaşımdır. Biz bir məhlədə böyümüş, bir məktəbdə oxumuşuq. Təbii ki, o, yeni kitabının ilk nüsxəsini də mənə göndərdi. 560 səhifəlik kitabı birnəfəsə oxudum, Məzahir Süleymanzadə qələminin qüdrətinə bir daha sevindim. Öz sevincimi «Mədəniyyət» qəzetinin səhifələrində müəlliflə bölüşmək istəyirdim ki, «Azərbaycan» qəzetində həmkarım Flora Xəlilzadənin «Sözlə tikilən sənət mülkü» məqaləsini oxudum. Flora xanım «İzim qalmasa da, sözum qalacaq» kitabı ilə əlaqədar ürəyimdən keçən fikirləri ürəklə, peşəkarlıqla qələmə almışdı. Düşündüm ki, «Mədəniyyət» qəzetinin oxucularına elə həmin yazını təqdim edim və Məzahir Süleymanzadəyə yeni yaradıcılıq uğurları arzulayım.
   Flora Xəlilzadənin düşüncələrinə bircə onu əlavə etmək istəyirəm ki, Məzahir Süleymanzadənin Azərbaycan mətbuatında təkcə sözü yox, izi də qalacaq. «Səhər» qəzetinin 1990-cı ilin Qanlı Yanvar hadisələrindən dərhal sonra xalqın yarasına məlhəm olan, iki milyon tirajla buraxılıb əhaliyə pulsuz paylanan sayı mətbuat tariximizdə əbədi qalacaq iz deyilmi?
  
   Nigar Mənsimli
  
  
   O, bu mülkün ən halal sahiblərindən biridir. Çünkü əlinə qələm aldığı və sözə könül verdiyi gündən həmişə seçilib. İllər saçlarına bəyazlıq, ömrünə yaş gətirsə də, həmişə qələminə etibarlı çıxıb. Çalışıb ki, sözünün ağası olsun. Bu səbəbdən də dilimizin şirinliyindən, zənginliyindən, zərrə-zərrə toplayaraq kəlmə-kəlmə hördüyü söz mülkü bu məhəbbətin və qayğının müqabilində onu peşman etməyib. Şöhrətə, şana çatdırıb, ünvanına təbriklər, minnətdarlıqlar, təltiflər, mükafatlar, fəxri adlar… gətirib. Adı çəkiləndə fərəhlənmişik, uğuruna sevinmişik, hər dəfə ürəyimizdən xəbər verən yazılarını oxuyanda "Əhsən, Məzahir" söyləmişik.
   Əməkdar mədəniyyət işçisi, bədən tərbiyəsi və idman xadimi Məzahir Süleymanzadənin imzası oxuculara və ədəbi ictimaiyyətə yaxşı tanışdır. Qırx ildən artıq bir müddətdə müxtəlif mətbuat orqanlarında çalışan Məzahir Süleymanzadə peşəkar jurnalist kimi səmərəli fəaliyyət göstərən, mükəmməl yaradıcılığa malik, sayılıb-seçilən həmkarlarımızdandır. Onun yaradıcılıq üfüqləri çox geniş, toxunduğu mövzular müxtəlifdir. Amma bunların hamısını bir məcrada birləşdirərək oxucu marağına səbəb olmaq qüdrətinin yalnız bir adı və möhkəm dayağı var: Qələm!
   Məzahir Süleymanzadə sözə məsulliyyətlə yanaşmağı bacaran qələm sahibidir. Bu səbəbdən də nə yazıbsa, maraqla oxunub, rəğbətlə qarşılanıb. Həm peşəkarlıq, həm də istedad, üstəgəl səriştə, təcrübə - bütün bunlar birləşərək məhz Məzahir Süleymanzadə imzasını oxuculara sevdirə bilib.
   Bu yaxınlarda qələm dostumuzun "Nurlan" nəşriyyatında nəşr edilmiş "İzim qalmasa da, sözum qalacaq" adlı kitabını həmkarları bax, elə bu istəklə qarşıladılar. Əslində bu sanballı kitab ömrünü söz uğrunda girov qoymuş bir qələm sahibinin yaradıcılıq hesabatı kimi dəyərləndirilməlidir.
   Yeni nəşrdə nədən söhbət açılır? Bunun ən yaxşı cavabını müəllif özü ön sözündə oxuculara çatdırır: "İllər necə gəldi, necə keçdi, bilmədim. Əlli səkkiz il ömrümün hamısıdır, yarısıdır, onu da bilmirəm. Bildiyim bircə odur ki, ürəyimdən keçənlərin heç yüzdə birini görmədim, duymadım. Özümdən çox başqalarını düşündüm, günlərimi, aylarımı onlar üçün xərclədim. Atam kimi, anam kimi xeyirxah oldum, ləyaqətimi qorudum. Amma bu dünyada bir iz qoya bilmədim. Dediyim elə söz oldu. Təsəllim də elə budur: məndən sonra bu dünyada izim qalmasa da, sözum qalacaq!"
   Bu, əslində hər bir qələm sahibinin ürəyindən keçən, bəzən də dilə gətirmədiyi, amma duyğularında qərar tutmuş səmimi hisslərdir. Bu hisslərin ahəngində əsl jurnalistlərin həyatı, məqsəd və məramı, bir sözlə, söz uğrunda döyüşən ömrü gizlənib. Məzahir Süleymanzadənin Azərbaycan mətbuatının inkişafında özünəməxsus xidməti var. Uzun illər "Səhər" qəzetinin redaktoru kimi çox səmərəli bir fəalliyət göstərib. Hamımızın yaxşı yadındadır ki, 20 Yanvar faciəsindən sonra yeganə "Səhər" qəzeti bütün qorxulardan, vahimələrdən, hər an ölümə tuş gələ biləcək məqamlardan sıyrılaraq Bakıda baş verənləri öz səhifələrində işıqlandıra bildi. Məhz "Səhər" günümüzün qanla büründüyünü, fotoşəkillərin, eləcə də jurnalist yazılarının hesabına tarixə yazdı. Əslində o günlər qəzet çap etmək, həqiqəti olduğu kimi yazmaq çox çətin və təhlükəli idi. Amma bu müşküllərin içində Məzahir Süleymanzadə kimi dəyərli oğullar səhəri qanla örtülmüş Bakının vahiməli gecəsindən reportajlar hazırlayaraq xalqa çatdırdılar. Təkcə o dövrdəki fəaliyyətinə görə Məzahir Süleymanzadəyə ömürlük bəs edəcək minnətdarlıq düşür.
   Kitabda müəllif uşaqlıq illərindən, analı günlərindən, tələbəlikdən başlayaraq bu günə qədər keçdiyi həyat yolundan söz açır. Beş addımlıq ömür yolunda üzləşdiyi olaylardan, hadisələrdən danışır. Görüşdüyü insanlardan, yazdığı qəhrəmanların mənəviyyat aləmindən, olduğu ölkələrin qəribəliklərindən oxuculara məlumatlar verir. Ona dərs demiş, elcə də çoxumuzun müəllimi olmuş görkəmli pedaqoqları yada salan müəllif Mir Cəlalın, Əzizə Cəfərzadənin, Nəsir İmanquliyevin, Seyfulla Əliyevin, Famil Mehdinin, Aydın Əbilovun, Tofiq Rüstəmovun, Əliş Nəbilinin - dünyasını dəyişmiş bu unudulmaz insanların adını ehtiramla çəkir. Onların tələbələrə göstərdiyi mehriban, qayğıkeş münasibətdən danışır. Tələbə yoldaşlarını xatırlayır. Vaxtilə işlədiyi mətbuat orqanlarında qayğı gördüyü qocaman jurnalistləri də unutmur: Hidayət Zeynalov, Musa Əliyev, Firuzə Nağıyeva, Məryəm Həsənzadə, Əli İldırımoğlu, Ənvər Əmirəliyev, Xudu İsgəndərov, Cəlil Xəlilov, Telman Heydərov...
   Ötən əsrin 80-ci illərində Azərbaycan mətbuatına yeni nəfəs, yeni mövzular gətirən Şahmar Əkbərzadənin, Möhbəddin Səmədin, Famil Abbasovun, Bəxtiyar Sadıqovun, İlham Rəhimlinin, Əfqanın, Hidayət Elvüsalın, Şakir Yaqubovun və başqalarının yaradıcılığından söz açaraq onların Azərbaycan mətbuatının inkişafında göstərdikləri xidmətlərə toxunur.
   Kitabdakı materiallar mövzularından asılı olaraq müxtəlif başlıqlar altında verilmişdir. "Dönüb geriyə baxanda" adlı bölmədə müəllif keçdiyi həyat yoluna nəzər salır, ibrətamiz hadisələrlə, maraqlı faktlarla dolu olan ömrün dünəni həqiqətən maraqlı bir üslubda qələmə alındığından yorucu deyil. Birnəfəsə oxunur. Və hər kəsə doğma təsir bağışlayır.
   "Taliyimdə 20 Yanvar" bölməsində isə adından da göründüyü kimi, 1990-cı ilin faciəli yanvar günlərində fövqəladə vəziyyət şəraitində yaşayan Bakının dərdlərindən söz açılır. Həqiqətən də faciədən dərhal sonra nəşr olunan, 12 səhifəlik nömrəsi ilə xalqımızın yarasına məlhəm qoyan "Səhər" 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış birinci möhtəşəm söz abidəsi oldu. 2 milyon tirajla çıxarılmış "Səhər" xalqa pulsuz paylanırdı. Çox sonralar mətbuatda dərc edilən yazılarda Məzahir Süleymanzadənin redaktorluğu ilə fəaliyyət göstərən "Səhər"in kollektivini "qəhrəman jurnalistlər" adlandırdılar.
   "Peşəkar söhbətlər" bölməsində isə ayrı-ayrı jurnalistlər və qəzetlər barədə mülahizələr toplanıb. Müəllifin söhbətləri burada mətbuat haqqında baxışlarını əks etdirir. "Xatirələr" bölməsində isə müəllif taleyindən keçən, hər zaman xeyirxah münasibətini hiss etdiyi xoş niyyətli insanlar haqqında söhbət açır. Bu bölmədə minnətdar olduğu şəxsiyyətlərdən biri ümummilli lider Heydər Əliyevdir. Xatırlayır ki, 1986-cı ildə Moskvada İctimai Elmlər Akademiyasında iki aylıq kurs keçərkən onların qonağı Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev olub. Müəllif qürurla yazır ki, iki saat davam edən görüşdə hamımız Heydər Əliyev zəkasının cazibəsinə düşdük. Heydər Əliyevin onunla görüşünü, əlini sıxmağını, iş-gücü ilə maraqlanmasını indi də xoş duyğularla yad edən müəllif yazır: "Ümummilli liderlə ikinci görüşüm 1992-ci ilin oktyabrında Naxçıvanda oldu". Sonra bu görüşlərin sayı çoxalıb. Beləcə, taleyindən keçən insanların sözlə portretini naxışlayan müəllif bu sırada neçə-neçə dəyərli şəxsiyyətin məziyyətlərindən söz açır.
   "Kitabdan-kitaba" bölməsində isə M. Süleymanzadənin müxtəlif illərdə kitablarda dərc edilmiş oçerkləri, publisistik məqalələri və müxtəlif səpkili yazıları toplanıb.
   "Aldığım və verdiyim müsahibələr" bölməsində isə, adından da göründüyü kimi, oxuculara müxtəlif mövzularda müsahibələr təqdim olunur. Ən maraqlısı da odur ki, müəllifin verdiyi müsahibələr aldığı müsahibələrdən çoxdur. Bu da onun peşəkar fəaliyyəti və ictimai mövqeyi ilə əlaqədardır.
   "Başımın tacı ailəm" bölməsində isə Məzahir Süleymanzadə valideynləri, qardaşları haqqında öz xatirələrini qələmə alıb. Müəllifin tələbə yoldaşı, hazırda qəzetimizin əməkdaşı olan Flora Sadıqova danışır ki, Məzahirin anası Umleyla xanım - hamımız ona "Leyla xala" deyirdik - o dövrdə bizə analıq edib. Zahirən əsl kənd qadınına bənzəyən bu xanımın elə zəngin daxili dünyası var idi ki, sanki hansısa Avropa ölkəsində təhsil almışdı. Çox məlumatlı və geniş dünyagörüşünə malik idi. Müəllif bu cür zəngin mənəviyyatlı ananın obrazını çox təsirli yaradıb.
   Kitabın son bölməsi "Gördüyüm ölkələr, gəzdiyim şəhərlər" adlanır. Orada oxuyuruq: "Mən dünyanı gəzməyə Azərbaycandan başlamışam... Taleyimdən narazı deyiləm. Çox ölkələr gördüm, çox şəhərlər gəzdim. Şagird ikən coğrafiya dərsində adını eşitdiyimiz dağları, düzənləri, şəlalələri, çayları, dənizləri, ölkələri, şəhərləri görmək həqiqətən böyük xoşbəxtlikdir”.
   Fikirləşdik ki, yeni nəşr haqqında son sözü elə müəllifin öz fikirləri ilə tamamlayaq: "Publisistika, ictimai-siyasi məqalələr toplusu olan bu toplunu xatirə kitabı kimi də qəbul etmək olar... Ola bilsin ki, bu, mənim sonuncu kitabımdır. Qoy bu kitab doğmaların, qohumların kitab rəfində məndən xatirə olaraq qalsın".
   Bu son sözün ardı kimi biz də demək istərdik ki, Məzahir Süleymanzadənin oxuculara təqdim etdiyi yeni kitabı əslində peşəkar jurnalistin ömür salnaməsinə bənzəyir. Bu mənada "İzim qalmasa da, sözum qalacaq" nidasının əbədiyyətinə inanırıq.
  
   Flora XƏLİLZADƏ,
   “Azərbaycan” qəzeti, 17 mart 2009






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar