Ali dərəcəli diktor Eldost Bayramın 40 illik yaradıcılığı qeyd olundu
  
   Gözəl səs, rəvan danışıq tərzi, nitq məharəti, natiqlik mədəniyyəti bir Allah vergisidi. Bu xoşbəxtlik hər kəsə nəsib olmur. Eldost Bayram bəxtəvər sənətkardır ki, xalq arasında, milyonları əhatə edən auditoriyada istedadlı, mahir bir diktor kimi tanınır, sevilir.
      
   Eldost müəllim ta uşaq yaşlarından sevib-seçdiyi, ürəkdən bağlandığı diktorluq sənətində mənalı, maraqlı bir yol keçib və bu gün də öz sevimli peşəsində yorulmadan çalışır, obrazlı desək, 40 ildir ki, bu yolda külüng çalır.
   Eldost Əlövsət oğlu Bayramov (Eldost Bayram) 1947-ci il yanvarın 25-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
   Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə “Respublikanın əməkdar artisti” fəxri adına, 2008-ci ilin noyabrında isə “Tərəqqi” medalına layiq görülüb.
   Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin fonoteka və filmotekasında Eldost Bayramın səsi ilə çoxlu sayda verilişlər saxlanılır.
   Bütün bunlar barədə AMEA N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin “Aran” regional şöbəsi ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri mərasimdə ətraflı danışıldı.
   N. Nərimanov adına Kürdəmir Rayon Mədəniyyət Evində keçirilmiş həmin tədbir tanınmış diktor, gözəl ziyalı, öz natiqlik istedadı ilə böyük hörmət və nüfuz qazanmış Eldost Bayramın 40 illik zəngin yaradıcılıq fəaliyyətinə həsr olunmuşdu.
   Mərasimi giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri namizədi Yaqut Bahadurqızı açdı. Sonra söz AMEA N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Rafael Hüseynova verildi.
   Yazıçı-publisist Rafael Hüseynov Eldost Bayramın istedadından, onun yaradıcılığına xas olan xüsusiyyətlərdən, nümunəvi iş təcrübəsindən konkret və maraqlı faktlar əsasında ətraflı söhbət açdı, ona yeni-yeni yaradıcılıq uğurları arzuladı.
   Mərasimdə ifadə olunan fikirlərdə deyildiyi kimi, səs də bir Allah vergisidir. Elə nadir səslər var ki, hər birimiz lap uşaqlıqdan o səslərə vurulmuşuq, sevmişik, qibtə etmişik. Eldost da ta uşaqlıq çağlarından sevmişdi o gözəl səsləri. Soltan Nəcəfovun, Aydın Qaradağlının, Ramiz Mustafayevin səslərini... Onları sevə-sevə - özü də sevimli diktor oldu. Səsi “Qızıl fond”a düşdü...
   Eldostu uğurlara aparan yol heç də asan, hamar olmayıb və bu çətin yollarla sevdiyi, seçdiyi sənətin zirvəsinə doğru inamla irəliləyib.
   Sənətkarlığından, istedadından əlavə, Eldost Bayramın böyüklüyü bir də onun son dərəcə təvazökarlığında, sadə və alicənablığındadır. El dili ilə desək, o, bar gətirdikcə başını aşağı dikən ağaclar kimidir...
   Eldost müəllim öz məlahətli, gözəl səsi ilə obrazlar yaradır, oxuduğu hər bir mətni daxilən yaşayır. O, rəsmi xəbərlərdə nə qədər ciddidirsə, ədəbi-bədii mətnləri səsləndirərkən bir o qədər rəsmi, zərif, incə, həssas və duyğuludur.
   Mərasimdə nümayiş etdirilən “Ömrün anları” video-albom Eldost Bayramın həyat və yaradıcılığı ilə bağlı müxtəlif məqamları əks etdirdi, tamaşaçılarda böyük maraq doğurdu.
   Heç zaman unudulmayan doğma məktəb, sevimli, əziz müəllimlər!.. Eldost Bayramın yaradıcılığına həsr olunan mərasimdə hər kəs üçün kövrək, həzin olan bu hisslər, bu duyğular bir daha yaşandı. İlk müəllimi Əlihüseyn Kərimov, Kürdəmir Rayon Ziyalılar Cəmiyyətinin sədri Oqtay Babayev, Kürdəmir şəhər 1 saylı orta məktəbin müəllimi Şərqiyyə Mürsəliyeva, habelə 1963-64-cü tədris ilində Kürdəmir şəhər 1 saylı orta məktəbin məzunları onu ürək çırpıntıları ilə təbrik etdilər.
   Eldost Bayramın yaradıcılığına həsr olunmuş yığıncaq, onun mənalı həyat yolu hər kəsdə iftixar hissi oyatdı. Bu məclisdə iştirak edən Hacı Rafiq Verdiyevin də qəlbi qürur hissi ilə dolu idi. Onun Eldost Bayram sənətinə olan sevgisi elə oradaca kövrək misralara çevrilmişdi:
  
   Səsinə heyrandır obalar, ellər,
   Səsindən sevinir, gülür könüllər.
   Uğurlar bəxş edib sənə bu illər,
   Eldost Bayram, şad gününüz mübarək!
  
   Çıxışlardan sonra Oqtay Babayev Eldost Bayrama Rayon Ziyalılar Cəmiyyətinin fəxri fərmanını təqdim etdi.
   Mərasimdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vasif Məmmədov rayonun icra aparatı adından Eldost Bayramı təbrik etdi, səmərəli fəaliyyətində, yaradıcı işində ona uğurlar arzuladı və rayon icra hakimiyyətinin qiymətli hədiyyəsi təqdim olundu.
   Axırda tanınmış müğənnilər və mahir muğam ifaçılarından Zakir Əliyev, Nemət Ərəboğlu, Nigar Şabanova, Camal Dadaşov, Tofiq Qasımov və onları ustalıqla müşayiət edən Mehman Mikayılov, Cahandar Mikayılov, Oqtay Şükürov, İlqar Dünyamalıyev, Rövşən Ağayev öz istedadları ilə mərasimi daha da rövnəqləndirdilər.
   Eldost Bayram bu gözəl, məzmunlu tədbirin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
   Mərasim Z.Əliyev, N.Ərəboğlu və T.Qasımovun birgə ifa etdikləri “Qarabağ şikəstəsi”nin sədaları altında sona çatdı.
  
   Tofiq Abdullayev






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar