Mais Behbud oğlu Hüseynov 14 avqust 1968-ci ildə Füzuli rayonu Qorqan kəndində anadan olub. Doğulduğu kəndin orta məktəbini bitirdikdən sonra keçmiş sovet ordusunda əsgərlik borcunu yerinə yetirib. Hərbi xidmətdən sonra Füzuli rayonunun futbol komandasında başarılı oyun sərgiləyib. 1991-ci ildə Qorqan kəndindən könüllü olaraq üç dost - Mais, Murat və Hafis cəbhəyə yollanıblar.
  
   Mais Hüseynov sovet ordusunda xidmət etdiyi üçün istehkamçı tağıma qəbul edilib. İstehkamçı tağımın vəzifəsi hücumdan bir gün əvvəl kəşfiyyata çıxaraq düşmən tərəfindən gizli basdırılmış yeraltı minaları və digər partlayıcı qurğuları zərərləşdirməkdən ibarətdir. Peşəkar olduğuna görə, Mais hərbi hissənin rəhbərliyi tərəfindən istehkamçı tağımın komandiri təyin edilmişdi. Həmin tağımda 35 əsgər öz döyüş borcunu yerinə yetirdi. Maisin tağımı Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocalı rayonlarında bir çox uğurlu əməliyyatlar keçirib.
   Şəhidin qardaşı oğlu Nadir Hüseynovla Füzuli Rayon Uşaq Gənclər Şahmat Məktəbinin dərs hissə müdiri, şəhidin döyüş yoldaşı Ramiz Cənnətəliyev redaksiyamıza gələrək Mais Hüseynov haqqında xatirələrini bölüşdü: «Mən Maisi Qarabağ müharibəsindən əvvəl Füzuli rayonunun futbol stadionunda görmüşdum. Düzü, onun oyununu bəyəndim və Maislə dostluğum futboldan başladı. O yaxşı müdafiəçi idi. Qarabağ müharibəsində biz ayrı-ayrı batalyonlarda döyüşürdük. Müharibənin ilk illərində minaya düşənlərin sayı çox olurdu. Nəticədə belə qərara gəldilər ki, xüsusi olaraq istehkamçı tağım yaradılsın. İş elə gətirdi ki, Maislə məni də bu tağıma cəlb etdilər. Bakıdan gələn mütəxəssislər Füzuli rayonunun Şəkərli kəndində yeni yaranmış istehkamçı tağıma təlimlər keçirdilər. Qorxmaz və igid olanlar könüllü olaraq bu tağıma yazılırdılar. Çünki istehkamçılıq məsuliyyətsiz, diqqətsiz adamın işi deyil. Təlim keçən komandirlər də dəfələrlə vurğulayırdılar ki, istekamçıya səhv bağışlanmır, çünki bu səhv ölümlə nəticələnir. Bu söhbətdən sonra tağıma cəlb olunan bəzi əsgərlər uzaqlaşdılar. Cəsarətlilər tağımda qaldılar. Onların içərisində Mais də var idi. Bir ay müddətində müntəzəm keçirilmiş təlimlərdən sonra istehkamçı tağım tam hazır oldu. Bundan sonra Maisin rəhbərliyi ilə həmin tağım döyüş bölgələrində əraziləri tank və piyada əleyhinə minalardan zərərsizləşdirdi. Paralel olaraq bu minaları düşmənin hücuma keçə biləcəyi ərazilərdə yerləşdirirdik. Mais çox cəsarətli idi. Dəfələrlə ona ehtiyatlı olmağı məsləhət görürdüm. O isə qorxu nə olduğunu bilmirdi, kəşfiyyat fəaliyyətini davam etdiridi. Bütün döyüşlərdə iştirak edirdi. Yorulmaq bilmirdi. İstehkam işini yaxşı bildiyindən yeni gəlmiş uşaqları heç vaxt irəli buraxmazdı. Birinci özü gedib ərazini yoxlayardı. Maisin zərərsizləşdirdiyi minaların sayı-hesabı yox idi. O, minaladığı əraziləri gecə dəfələrlə yoxlayırdı ki, düşmən tərəf onları zərərsizləşdirməsin. Onun bacarıqlı döyüşçü olduğunu ermənilər də eşitmişdi. Həmin vaxtlar peşəkar döyüşçülər az idi. Ermənilər Maisin quraşdırdığı minaların qurbanı olduqlarının yaxşı bilirdilər və onu öldürməyi planlaşdırmışdılar. Mais mina zərərsizləşdirərkən düşmən snayperinə tuş gəldi. Bu faciə 1994-cü il mayın 2-də baş verdi. Bir gün sonra Beyləqan rayonun Şəhidlər xiyabanında torpağa tapşırıldı. Təxminən 10 gün sonra atəşkəs elan olundu. Mais şəhid olarkən onun yanında idim. Son sözü «Mən işimi axıra qədər çatdıra bilmədim» oldu.
   Mayın 3-də bu igid əsgərimizin həlak olmasından 15 il keçir. Allah rəhmət eləsin.   

   İ. Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar