133 il bundan əvvəl, 1876-cı ildə Qori seminariyasında Azərbaycan şöbəsi yaradılmışdır.
 
  
   Şamaxılı Aleksey Osipoviç Çernyayevski (1840-1897) həmin şöbənin müdiri təyin olunur. 1840-cı ildə Şamaxıda dünyaya göz açan Aleksey, ilk təhsilini də bu şəhərdə almışdır. O, ilk təhsildən sonra Şamaxı quberniyasında poçtalyon vəzifəsində, sonra isə Turyançay Poçt İdarəsində nəzarətçi kimi fəaliyyət göstərmişdir. Maddi çətinliklərə baxmayaraq bir neçə qəzet və jurnallara abunə yazılmış, rus, Avropa ictimai fikir korifeylərinin yaradıcılığı ilə də yaxından tanış olmuşdur. 1866-cı ildə Şamaxının Mərəzə yaşayış məkanında açılmış rus xalq məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. İki il pulsuz olaraq kəndli balalarına dərs demiş, Azərbaycanın ictimai həyatında baş verən əlamətdar hadisələri əsl vətəndaş kimi izləmişdir. Yeni tədris proqramları hazırlayan Çernyayevski Azərbaycan dilinin tədrisi ilə yanaşı, dünyəvi məsələlərdən şagirdlərə söhbətlər edir, əsas fənlərdən əlavə çoğrafiya, təbiət elmlərindən də dərs deyərdi.
   O, dərsləri maraqlı keçməklə bərabər, uşaqlarda elmə və biliyə qarşı rəğbət oyatmağa çalışırdı. Bütün bunlar mərəzəlilərdə Çernyayevskinin məktəbinə qarşı rəğbəti artırmışdı.
   1867-ci ildə Mərəzəyə gəlmiş Qafqaz dairəsi təhsil nümayəndəsi Çernyayevskinin məktəbini dövlət məktəblərindən «müqayisə olunmayacaq dərəcədə yaxşı vəziyyətdə» görür və onu müəllim hüququ almamışdan əvvəl Şamaxı şəhər məktəbinin nəzdindəki hazırlıq sinfinin müəllimi təyin edir. Bir il sonra A.Osipoviç Tiflisin klassik gimnaziyasındakı pedaqoji şurasının iclasında uğurla imtahan verir və rəsmi olaraq müəllim vəzifəsinə qəbul olunur. 1876-cı ildə isə Aleksey Osipoviç Bakı quberniyası və Dağıstan vilayəti üzrə xalq məktəbləri direktorunun müavini seçilir. Ona görə də o, Kubanın Yekatrinodara qəsəbəsinə köçür. Burada o, məşhur pedaqoq Usinskinin yaxın dostu D.D.Semyonovla tanış olur. O zaman D.D.Semyanov Kuban müəllimləri Seminariyasının direktoru vəzifəsini icra edirdi. 1879-cu ildə A.Osipoviç artıq Zaqafqaziya müəllimlər seminariyasında yeni açılmış Azərbaycan şöbəsinə müfəttiş və müəllim təyin olunur. 1893-cü ilin martına qədər bu vəzifədə çalışan A.Osipoviç, ömürlük olaraq təqaüdə çıxmış və 1897-ci ildə Tiflisdə vəfat etmişdir.
   O, xalqımızın, millətimizin yaxın dostu olmuş, xeyirxah bir pedaqoq kimi tariximizdə unudulmaz yer tutmuşdur. XIX yüzilliyin 70-ci illərinə qədər Azərbaycanda təhsil işi ruhanilərin əlində idi. Tədris şüurlu mənimsəmə yolu ilə deyil, əzbərçilik üsulu ilə aparılırdı. A.Osipoviç isə belə üsullara qarşı çıxmışdır. Azərbaycan şöbəsində yeni tədris üsulu ilə dərslər tədris etməyə başlamış və hələ 1867-ci ildə «Kafkaz» qəzetində nəşr etdirdiyi bir məqaləsində yazmışdı: «Birinci dəfə olaraq kütləvi mətbuat vasitəsi ilə Azərbaycandakı bütün məktəblərdə ana dilinin keçilməsi zərurətini irəli sürmək vacibdir». A.Osipoviç şeir, sənət dostu idi: O, Azərbayan dilini gözəl bildiyi üçün Azərbaycan ədəbiyyatı ilə dərindən tanış olmuşdur.
   Çernyayevski Seyid Əzim Şirvani ilə dostluq etmiş, şairi də pedaqoji isə cəlb etmişdi. A.Osipoviçin böyüklüyü onda idi ki, o qədim xalqımızın tarixini, folklorurunu öyrənmiş, Azərbaycan dilində yeni üsulla məktəblər açmaq məsələsini irəli sürmüş, Azərbaycan şöbəsində bu fikirlərini daimi vurğulamışdır. Eyni zamanda, Azərbaycan balalarının düzgün təlim- tərbiyəsi üçün ana dilində yüksək elmi səviyyədə hazırlanılmış dərsliklərin də böyük əhəmiyyəti barədə düşünmüşdü. XIX yüzilliyin 80-cı illərinə qədər Azərbaycanda belə bir dərs vəsaitinin olmadığını da nəzərə alaraq, o,1882-ci ildə Azərbaycan ibtidai məktəbləri üçün tərtib etdiyi «Vətən dili» kitabını nəşr etdirdi. Tarixdən məlumdur ki, çar hökumətinin qatı ruslaşdırma siyasəti nəticəsində uzun müddət azərbaycanlı uşaqları dünyəvi məktəblərdə ana dilində təhsil almaq ixtiyarından məhrum edilmişdi. 1828-ci ildən başlayaraq isə Azərbaycanın müxtəlif şəhərlərində açılmış rus məktəblərində təhsil rus dilində aparılmışdı. 1881-ci ildə çar hökuməti Zaqafqaziya ibtidai məktəblərində ana dilinin təliminə icazə verərkən A.Osipoviç çox sevinmiş və yuxarıda adını çəkdiyim «Vətən dili» kitabını çap etdirmişdi. Onu da qeyd edək ki, bu dərslik Azərbaycan məktəbləri üçün ana dilində, tərtib olunmuş ilk kitab idi. Qori Müəllimlər Seminariyasının müəllimi Səfərəli Vəlibəyovun kitab haqqında fikri daha çox maraqlıdır: «Bu qiymətli nəşrin meydana gəlməsi və yayılması bütöv bir epoxa təşkil edir ki, bu zamandan başlayaraq Sədinin, Hafizin və başqa şairlərin kitablarından alınmış, tərbiyəli hekayələr, xeyirxahlıq nümunələri əsasında qurulmuş əski, ölgün fars təlimi əvəzinə tatar (Azərbaycan-M.T.) məktəbində ana dili eşidiləcək, şux və şən uşaq gülüşü yüksələcəkdir».
   Qori Müəllimlər Seminariyasında açılmış şöbədə oxuyan azərbaycanlıların adları bu gün də fəxrlə çəkilir. 130 il bundan əvvəl yaranmış Azərbaycan şöbəsinin fəaliyyətini yada salmaq, millətimizə, xalqımıza can-dildən xidmət edən Aleksey Osipoviç Çernyayevskinin «Vətən dili» kitabını xatırlamaq maarifçilik tariximizə göstərilən hörmətdir. Azərbaycanlı kadrların hazırlanması yolunda 14 il zəhmət çəkən Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müfəttişi və müəllimi A.O.Çernyayevskinin fəaliyyətini öyrənmək üçün arxivimizdə bəzi sənədlər də var. A.Çernyayevskinin H.B.Zərdabi və onun həyat yoldaşı Hənifə xanımla yazışmaları bu gün də maraq doğurur. Xalqımızın qabaqcıl oğulları N.Nərimanov, S.S.Axundov, M.Mahmudbəyov, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, P.B.Əfəndiyev, T.B.Bayraməlibəyov və bir çoxları A.Osipoviçin yetişdirmələri olmuşdur. Ömrünün son illərində də, o, Azərbayjan dilində «Fikir» adlı qəzet buraxmaq istəmiş, bu məqsədlə Azərbaycanın müxtəlif yerlərində çalışan keçmiş tələbələrindən xüsusi müxbirlər dəstəsi hazırlamışdı. Lakin vaxtsız ölüm onun bu xeyirxah niyyətini həyata keçirməyə aman vermədi. Tələbələrindən Rəşid bəy Əfəndiyev A.Osipoviçin vəfatı münasibəti ilə yazdığı xatirəsində qeyd edirdi ki, “mərasimdə o qədər Azərbaycanlı iştirak edirdi ki, dəfn olunanın rus və Azərbaycanlı olmasını təyin etmək mümkün deyildi”.
   Qori seminariyasında Azərbaycan şöbəsinin yaradılmasının 130 illiyi ilə əlaqədar bir neçə nəşr nüsxələrinə baxdıq. Məqsədimiz pedaqoqika tarixində onun adının qeyd olunmasını araşdırmaq idi. Lakin 1955-ci ildə SSRİ-nin pedaqoji məktəblər üçün buraxılmış «Pedaqoqika tarixi» adlı dərslikdə Aleksey Osipoviçin haqqında heç bir məlumata rast gəlmədik.
   Mənəvi xəzinəmizdə A.Osipoviçin gözəl hüsnxətlə yazılmış bir neçə məktubu mühafizə olunur. Bu məktubların məzmunu ilə tanış olduqda belə qənaətə gəlmək olur ki, o xalqımızın yaxın dostu və mənəvi cəhətdən təmin olan bir insan olmuşdur.
   
   Maarif TEYMUROV,
   əməkdar mədəniyyət işçisi