Böyük öndər Heydər Əliyevin ümumən respublikamızın inkişaf edib qalxınmasında, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin yüksəlişində göstərdiyi misilsiz xidmətləri öz yerində. Mən ümummilli liderimizin ucqarlara, ayrı-ayrı əyalətlərə göstərdiyi rəhbər qayğısı, başçı diqqətini öz rayonumuzun timsalında təsvir etmək istərdim.
  
   Ulu öndərin rayonumuza ayırdığı xüsusi diqqət, xüsusi qayğı bütün sabirabadlıların yaddaşına əbədilik həkk olunub. Sabirabad rayon mərkəzinin infrastrukturunun yenidən qurulması və kənd təsərrüfatının hərtərəfli inkişafı bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Böyük öndər hələ ilk hakimiyyəti dövründə 14 dəfə Sabirabadda olmuş, hər gəlişi ilə bir çox problemlərin həllinə misilsiz təkan vermişdir. Onun təşəbbüsü ilə rayona təbii qaz xətti çəkilmiş, əhalini içməli su ilə təmin edən Qrup Su Kəməri Kompleksi tikilmiş, Kür çayı üzərindən nəhəng körpü salınmış, Rabitə evi, Mədəniyyət evi, bir-birindən yaraşıqlı inzibati binalar, çoxmərtəbəli yaşayış evləri, məktəblər tikilib istifadəyə verilmişdir.
   Sabirabadlılar həmişə Heydər Əliyevə hörmət və məhəbbətlə yanaşmışlar. Rayonumuzda Heydər Əliyevin adı hələ sağlığında abidələşib-əbədiləşdirilmişdir. Şirvanla Muğanı birləşdirən körpü, Mədəniyyət evi, Sabirabad şəhərinin mərkəzi prospekti, park və xiyabanlar, muzey, yeni məscid ulu öndərin adını daşıyır. Bu məqamda Sabirabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əhməd Ramazanovun fikirlərini xatırlatmaq yerinə düşərdi: “Heydər Əliyev mənim xatirimdə əsl insan, böyük şəxsiyyət, dünyaşöhrətli siyasətçi kimi qalıb. O, bizim Mədəniyyət evinin tikilməsinə sərəncam verib, hətta açılış mərasimində də iştirak edib. Xoş, səmimi ürək sözlərini, xeyir-duasını bildirib.
   Ulu öndərimiz 1980-1982-ci illərdə Sabirabad rayonunun təsərrüfatlarında, pambıq tarlalarında olmuş, kənd təsərrüfatının inkişafına dair qiymətli tövsiyə və göstərişlər vermişdir. O, Zəminə Aslanova, Fatma Hüseynova və başqa briqadirlərlə şəxsən görüşmüş, saatlarla pambıq tarlalarını gəzmiş, sadə əmək adamları ilə səmimi söhbətlər etmiş, bir kərə isə SSRİ Ali Sovetinin deputatı Zəminə Aslanovanın təklifi ilə süfrə başında əyləşib, kolxozçularla nahar etmişdir. Ulu öndərimiz tərəfindən bir çox mükafatlara, fəxri adlara layiq görülən bu sadə zəhmət adamlarının ürəklərində «rəhbər və el», «şəxsiyyət və camaat» deyimləri yaranırdı ki, sonralar bu ifadələr cəmlənərək «Heydər - xalq, xalq - Heydər» kimi ümumxalq deyiminə çevrildi! Yeri gəlmişkən, bu gün hər iki briqadir - Zəminə Aslanova və Fatma Hüseynova Prezident təqaüdçüsüdür.
   Öz tapşırığı ilə qısa müddətdə tikilən (smeta dəyəri 22 milyon manat) Qrup Su Kəmərləri Sisteminin açılışına gələn (4 may 1981-ci il) Heydər Əliyev bu nəhəng qurğu ilə tanış olduqdan və iş prinsipi haqqında məlumat əldə etdikdən sonra üzünü sabirabadlılara tutaraq demişdir: - “Bu nəhəng qurğu Muğan üçün mənim hədiyyəmdir, bu qurğunu qoruyub saxlamağı hamınıza tövsiyə edirəm”.
   Ulu öndərimiz Nizami Gəncəvi adına məktəb binasının tikilməsinə sərəncam vermiş və özü şəxsən məktəbin açılış mərasimində iştirak etmişdir. Bir-bir otaqları gəzən, çox xoş və məmnunluq hissi keçirən ulu öndər ədəbiyyat kabinetində əməkdar müəllim Zibeydə Mirzəyeva ilə bir partada əyləşib demişdir: - “Zibeydə müəllimə, heç siz bu cür geniş, işıqlı sinif otağında dərs keçmisinizmi?” Zibeydə müəllimənin: - “Xeyr, yoldaş Əliyev” -cavabından sonra, Heydər Əliyev özünəməxsus təbəssümlə dillənmişdi: - “Heç mən də belə otaqda dərs keçməmişəm. Gör, indiki uşaqlar necə də xoşbəxtdirlər!”
   Bəli, ümummilli liderimiz - müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əlirza oğlu Əliyev Azərbaycan tarixinin bizə bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz onun sayəsində Sabirabad yeni dövrünü yaşayır. İndi onun siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi, diqqət və qayğısı sayəsində Sabirabad rayonu daha da böyüyür, gözəlləşir, abadlıq işləri aparılır, inkişaf edir, yeni istehsalat müəssisələri tikilib istifadəyə verilir.
   Əminik ki, Azərbaycan xalqının inkişafı durmadan yüksələcək.
  
   İlahə Ramazanova,
   Sabirabad Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar