Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə ədəbi inkişafa diqqətlə yanaşmış, yazıçı və şairləri dövlətin xüsusi qayğısı ilə əhatələməyə çalışmışdır. Müxtəlif fəxri adların, təqaüdlərin siyahısında yaradıcı adamlar xüsusi yer tutmuşdur. Bu qayğını müxtəlif ədəbi nəsillərə mənsub yazarlar da ədəbi prossesdə hiss edib qiymətləndiriblər. Onlardan bir neçəsi ilə elə bu mövzuda söhbət etdik.
Elçin Hüseynbəyli - “Ulduz” jurnalının baş redaktoru
- Azərbaycan dövlətinin qurucusu möhtərəm Heydər Əliyev xalqın ən ağır vəziyyətində müdrik qərarlar qəbul etməklə onu bu situasiyadan çıxarmağı bacaran siyasətçi idi. Azərbaycan mədəniyyətinin milli əsaslarla inkişafında da onun xüsusi xidməti vardı. Sovet dövründən sonra acınacaqlı duruma düşən Azərbaycanda bir çox sahələr kimi, ədəbi iş də tənəzzülə düşmüşdü. H.Əliyev bu dövrdə ədəbiyyatı himayəyə götürərək, Azərbaycan Yazıçılar Birliyini büdcədən maliyyələşdirməyi tövsiyyə etdi. Ədəbi jurnallar vəsaitlə təmin edilməklə, dövrilikləri bərpa olundu. Yüzlərlə mədəniyyət , ədəbiyyat adamlarına fəxri adlar verildi. Mənim müəllifi olduğum “Sezar” dramı da Azərbaycanı çətin sınaqlardan qurtaran o böyük şəxsiyyətə həsr olunub.
Bu gün möhtərəm prezidentimiz İlham Əliyev də H.Əliyev siyasətini davam etdirir. Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə kütləvi çapı dövlət başçasının sərəncamı ilə həyata keçirilir. Onlarca mədəniyyət abidələri bərpa edilir, yeni-yeni nədəniyyət obyektləri istifadəyə verilir.
Əlibala Hacızadə- xalq yazıçısı
Azərbaycan tarixində görkəmli şəxsiyyətlər çox olub. 20-ci əsrdə isə şəksiz ki, bizim ən böyük şəxsiyyətimiz Heydər Əliyevdir. Onun xalqımız naminə etdiklərini salnamə şəklinə salsaq cild-cild kitablar alınar. Mən belə bir xatirəni həmişə xatırlayıram. Ötən əsrin 70-ci illərində H.Əliyev tez-tez əmək adamları ilə görüşlərə gedər, zəhmət adamlarının problemləri ilə yerindəcə tanış olardı. Onun bu görüşlərində əksər vaxt mən də daxil olmaqla, ədəbiyyat və mədəniyyət adamları iştirak edərdi. Bir dəfə Saatlıda Heydər Əliyev qəflətdən maşını saxlatdırıb tarlada işləyən qızlara yaxınlaşır. Əvvəlcə bu zəhmət adamlarına əmək şücaətlərinə görə təşəkkürünü bildirir və deyir ki, bu dəqiqə həll ediləsi nə vacib problemlərini söyləsinlər. Bir qız deyir ki, bilirsiniz, Əlibala Hacızadənin «İtkin gəlin» romanı çapdan çıxıb, lakin bizim kənddə bu kitab cəmi bir ədəddir. Xahiş edirik, bu kitabı çox sayda çap etdirəsiniz. Heydər Əliyev ətrafına baxıb məni görməyəndə zarafatla deyir ki, yəqin yazıçı sizin ondan kitab istəyəcəyinizi bildiyindən bu görüşdə iştirak etmir. Bu söhbətdən sonra mənim kitabım iki dəfə yüksək tirajla nəşr olundu. Biz qələm adamları Heydər Əliyevin ədəbiyyata qayğısını onun respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə görmüşük. O, fenomenal bir şəxsiyyət idi. Elə bir şəxsiyyət ki, heç zaman yaddan çıxmayacaq.
Səlim Babullaoğlu - şair
- Ölkəmizin yaxın tarixinə nəzər salsaq, məlum olar ki, mədəniyyət və ədəbiyyata qayğı bizim dövlət siyasətinin bel sütunu olub. Bunun əsasını isə ulu öndər Heydər Əliyev qoyub. Mən şərti olaraq yeni tariximizi dövlət quruculuğu və modernləşmə dövrlərinə bölürəm. Bu an bir şey məni həmişə heyrətləndirir. 1993-1995-ci illər çox mürəkkəb zaman idi. Ulu öndər Heydər Əliyev məhz o zaman yazıçıları qəbul etmişdi, onların problemlərinin həlli istiqamətində planlı işin başlamasına start vermişdi. Klassiklərimizlə bağlı keçirilən yubileylər, beynəlxalq tədbirlər, Azərbaycan Yazıçılar Birliyinin və onun 5 nəşrinin büdcəyə götürülməsi, mədəniyyət adamlarına adların, fərdi təqaüdlərin verilməsi, gənclərlə bağlı stimullaşdırıcı yardımlar - bütün bunlar olduqca böyük işlərdir. Və bunlar, bir daha təkrar edirəm, bir çox məsələlər kimi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdı. Son illər görülən işlər isə həmin siyasətin davamıdır. Yalnız ikicə faktı demək istəyirəm. Ölkə Prezidenti İlham Əliyevin “Dünya ədəbiyyatı nümunələrinin dilimizə tərcüməsi və nəşri ilə bağlı” verdiyi məlum sərəncamlar, bir də gənc yazıçılara təqaüdlərin verilməsi olduqca vacib addımdı. Tərcümə işi ədəbiyyatın lokomotividi. Mən bilirəm ki, illər uzunu işsiz qalmış bir çox tərcüməçilərimiz indi nə qədər böyük həvəslə çalışırlar. Yaxud, mən təqaüd alanların arasında elələrini tanıyıram ki, bu bir il ərzində məişət qayğılarından azacıq da olsa qurtulub, illərcə yazdıqları əsərlərini nəşr etdirə biliblər.
Samir Əliyev