86 illik yubileyini qeyd etdiyimiz dahi şəxsiyyət, zəmanəmizin ən ünlü siyasət uzmanlarından sayılan, bütün türk xalqlarının ümummilli lideri Heydər Əliyevlə ilk əyani tanışlığım 1991-ci ildə Naxçıvanda olmuşdur. Mən o zaman Türkiyənin paytaxtı Ankarada çalışırdım.
H.Əliyevin SSRİ illərində Siyasi Büroya üzv seçilməsi, bir müsəlman kimi rus imperiyasının rəhbərliyində təmsil olunması, yəni bir azəri türkünün bu pilləyə yüksəlməsi qəlbimi fərəhlə doldurardı.
H.Əliyev Moskvadan Naxçıvana gələn kimi ilk fürsəti əldən vermədim. Ankaradan onun ziyarətinə getdim. Hesab edirdim ki, Ağrı dağın arxasında Ağrı dağının özü boyda dağ kimi bir insanı görmək mənim üçün bir tarixi hadisə olacaq.
Allahın hökmü və iradəsi ilə illər öncə şəxsiyyətindən daim qürur duyduğum və görüşmək arzusunda olduğum H.Əliyevi çox çətinliklə ziyarət edə bildim. O zaman Naxçıvan blokada şəraitində yaşayırdı. Biz orada olarkən tarixi düşmənlərimiz olan ermənilərin Naxçıvana atdığı top səslərini eşidirdik, dağda savaş vardı. Camaatın ümidi yalnız Türkiyə və İrana idi ki, bir yardım - ərzaq və istilik ala bilsin. Bu pərişan vəziyyət içində H.Əliyev bizi gülərüzlə və yüksək əhvalla qarşıladı.
Bizimlə xoş ünsiyyətdən dərhal sonra İran və Türkiyə dövlətlərinə xitab edilmiş kimi dedi: "Bu gün Azərbaycan xalqının dost və qardaşı bildiyimiz bu dövlətlərdən köməyə ehtiyacımız var". Dahi insan vurğuladı ki, ölkəmizdə sabitlik yaransa və inkişaf başlasa, alacağımız krediti artıqlaması ilə qaytarıb, özümüz yardım edən dövlətə çevriləcəyik. Ən çox yadımda qalan odur ki, H.Əliyev ən çətin, çıxılmaz və çarəsiz günlərdə belə qürur və böyüklüyünü qoruyur, millətinə səbir və istiqamət verməyə çalışırdı.
Zat-alilərini ziyarət etməyimdən məmnun olduğumu söylədim.
O, bizdən iş sahəmizi soruşdu. Fəaliyyət sahəmiz haqqında məruzə etdik. Xeyli söhbətdən sonra sağollaşıb çıxdıq. Savaş vəziyyətində olan bölgənin adamlarında öz liderlərinə qarşı bir inam var idı. Hamı deyirdi ki, H.Əliyev bizim başımızdadır, biz qorxmuruq.
Bu çətin vəziyyətdə insanların inamı məni sevindirir, təəccübləndirirdi.
Naxçıvan səfərindən sonra vəziyyəti rəhmətlik Turqut Özala ərz etdim və H.Əliyev ilə görüşdüyümü ona danışdım. Çox məmnun oldu. Rəhmətlik Rumıniya hökuməti ilə kreditlə bəzi protokollar imzaladığımı bilirdi.
Onun mənə "bu yatırımı Azərbaycana qoyarsansa, çox yaxşı olar" tövsiyəsi olmuşdu.
Buna əsaslanaraq, bir günlük Bakıya səfər etdim, "İnturist" hotelinə düşdüm. Vəziyyət çox acınacaqlı idi. Millət ümidsiz, hotel bərbad vəziyyətdə idi və qardaş qarşıdurması vardı. Bir taksiyə əyləşib bütün şəhəri və şəhər ətrafını gəzmək marağında olduğumu dedim. Yolboyu taksi sürücüsü ilə söhbət etdik. Maraqlıdır ki, o, mənə dedi ki, Azərbaycanı bu bəladən yalnız bir adam qurtara bilər.
Soruşdum ki, kim ola bilər bu xalq qəhrəmanı?
Dedi ki, bilmirəm, sən bu dövlətin qonağısan, yoxsa yox? Söylədim ki, mənə güvənə bilərsən. Sürücü dedi ki, bizim bir generalımız və bir rəhbərimiz var, indi o, Naxçıvandadır. Bu xilaskar yalnız H.Əliyev ola bilər. Ancaq o, Azərbaycanı bu dəhşətdən xilas edə bilər.
Sadə bir sürücünün bu düşüncəsi mənə böyük təsir bağışladı.
Sonra eşitdim ki, ziyalılar və ağsaqqallar H.Əliyevi xalq adından hakimiyyətə dəvət ediblər. Əlbəttə ki, bu, o zaman xalqın böyük arzusu idi. Mən Türkiyədə şirkətimin ticarət departamentinə istiqamət verdim ki, İran üzərindən biznesmenlərə kredit xəttini açın və Azərbaycana yağ, şəkər göndərin.
Azərbaycanlı şəriklərimiz var idi. Göndərdiyimiz qida məhsulları ilə Azərbaycan bazarındakı qıtlığı seyrəltdik.
Mən o zaman Türkiyədə, ya da Dubaydakı şirkət ofislərimdə oturdum.
1993-cü ildə H.Əliyev hakimiyyətə gəldi və canının təhlükəsi bahasına qaçqınları, köçkünləri yerbəyer etməyə başladı. Bir tərəfdən ölkə daxilindəki qardaş qarşıdurması, digər tərəfdən ermənilərin Azərbaycanın sərhəd rayonlarına hücumları ölkədə ağır bir vəziyyət yaratmışdı.
Bu dahi insan çox az bir zamanda bütün bu işlərin öhdəsindən gəldi. Atəşkəs yaratdı, qardaş qırğınlarını yatırtdı. Ölkədə sabitlik, əmin-amanlıq yaratdı. Onun gəlişi ilə biz də Azərbaycana kredit xətlərini və şəbəkələrini açmağa başladıq. Bizdə bir ümid var idi ki, əgər H.Əliyev hakimiyyətdədirsə, ona güvənib ölkəyə para yatırmaq olar.
1994-cü ildə biz müdrik rəhbərlə bir də görüşdük. O zaman mənə Naxçıvan görüşümü xatırlatdı və bazarı tənzimləmək üçün topdan satışda ciddi fəaliyyətimiz haqda yaxşı məlumatı olduğunu söylədi. Bu xoş fikirlər mənim üçün stimul yaratdı.
Eyni zamanda ulu öndər bizə tövsiyə etdi ki, ticarətlə məşğulsunuz, bu yaxşıdır. Amma bizdə indi fabrik və zavodlar dayanıb camaaat işsizdir. Siz indi istehsala keçin. O, bizi dəstəkləyəcəyini söylədi və bizə böyük cəsarət verdi.
O gündən bütün vəsaitimi və idrakımı səfərbər etmişəm. Azərbaycanın iqtisadı dirçəlişində, çiçəklənməsində və sürətli inkişafında öz töhfələrimizi verməkdəyik. Qida təhlükəsizliyi, keyfiyyətli məhsul istehsalı, bir də əməkçilərimizə yüksək insani münasibət əsl meyarımız olub.
Bu gün qeyri-neft sektorunda ölkənin ən ciddi və lider qida sənayesi şirkətini yaratmağımız yalnız H.Əliyevin böyüklüyü, müdrikliyi sayəsində olub. Azərbaycanı çətin şəraitdən qurtarıb iqtisadı inkişaf təkərləri üzərinə qoyan və onu regionda lider dövlətə çevirən H.Əliyev həm də ölkənin dünyanın siyasi-iqtisadi, qlobal layihələrdə iştirakını təmin etdi.
1994-cü ildə bağlanan "Əsrin müqaviləsi" dünyanın nəhəng enerji şirkətlərini cəlb etdi. Bakı-Tiflis-Ceyhan neft boru kəməri layihəsi ilə dünya enerji sektorunda bir inqilab yaratdı və enerji damarının Azərbaycanda bağlanması ilə bu ölkənin siyasi-iqtisadi təhlükəsizliyini, sabitliyini əmniyyətə aldı.
Şübhəsiz ki, H.Əliyev haqqında nə desək, onun dahiliyini, müdrikliyini tərənnüm etməkdə acizdir. Bir təsəlli var ki, bu gün onun siyasi varisi, prezident İlham Əliyevin sayəsində Azərbaycan dünyada iqtisadi inkişaf səviyyəsinə görə lider dövlətə çevrilib. Ölkə daxilində regionların siyasi-iqtisadi inkişafı, təhsil və mədəniyyətin yüksəlməsi, ordunun qüdrətlənməsi, ümumilikdə Azərbaycan ölkəsinin inkişafının tərəqqisində prezident İ.Əliyevin göstərdiyi səylər böyükdür.
Rəhbərlik etdiyim "Azərsun" Şirkətlər Qrupu da ölkənin iqtisadi inkişafında, xüsusilə də qeyri-neft sektorundakı fəaliyyəti ilə Azərbaycana böyük töhfələr verməkdədir.
Məlumdur ki, ölkənin inkişafı artdıqca, əhalinin rifahı da yüksəlir.
Azərbaycan xalqına və Azərbaycan dövlətçiliyinə misilsiz xidmətlər göstərən milli liderimiz H.Əliyevə Ulu Tanrıdan qəni-qəni rəhmətlər diləyirəm.
Abdolbari GözƏl,
"Azərsun" Şirkətlər Qrupunun prezidenti