«Qızıl kitab»ımızdan
  
   Ölkəmizdə istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının artırılması hələ ötən əsrin 70-ci illərindən diqqət mərkəzində olmuşdur. Onların müxtəlif sahələrdə əldə etdiyi uğurların qiymətləndirilməsi, geniş əhali arasında təbliğ edilməsi, istedadlarını reallaşdırması üçün 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev «Gənc istedadlara dövlət qayğısı haqqında» fərman imzaladı. Elə bu məqsədlə də «Qızıl kitab» təsis edildi. O zamandan da istedadlı uşaq və gənclərin adları həmin kitaba yazılır.
   Belə istedadlı uşaqlardan biri də R.Hacıyev adına 15 saylı Uşaq Musiqi Məktəbinin trambon şöbəsinin IV sinif şagirdi Tağıyev Tural Telman oğludur.
   Onun ifasını R.Behbudov adına Mahnı Teatrında dinləmişdim. İfasına söz ola bilməzdi. Bütün tamaşaçılar onun ifasını alqışladı. Özü də o, ifa etdiyi musiqi nömrəsini yad bir alətdə - trambonda səsləndirdi.
   Turalla yaxından tanış olmaq üçün onun təhsil aldığı məktəbə getdim.
   Tural gələnə qədər məktəbin direktoru Nadir Vəliyevlə söhbətləşdik, xüsusən də istedad barədə. Sözsüz ki, Tural barədə də.
   Nadir müəllimin dedikləri:
   - İstedad çox nadir adamlara nəsib olan Allah vergisidir - insanın görünməyən tərəfidir. Müəllifin sərvətidir. Həm də gələcəyin yüksək səviyyəli mütəxəssisləridir. İntellekt kapital hər bir ölkənin inkişafının sivil səviyyəsinin ölçüsüdür. İstənilən dövlət yüksəlmək, inkişaf etmək istəyirsə, mütləq istedadlı uşaqlara qayğı göstərməlidir.
   Bu cəhətdən ölkəmizdə yaşayan istedadlı uşaqların bəxti gətirib. Ümummilli liderimiz Heydər Əliyev istedadlı uşaqları çox sevirdi. Odur ki, onlar üçün şərait yaradılmasına xüsusi diqqət yetirirdi. «Qızıl kitab» buna əyani sübutdur. Bizim üçün də böyük fəxrdir ki, məktəbimizin şagirdi Tural Tağıyevin də adı həmin kitaba yazılıb.
   Tural doğrudan da çox istedadlı oğlandır. Dahilərdən biri deyib ki, insanı tənqid etmək asan, qiymətləndirmək isə çətindir. Mən Turalı qiymətləndirməkdə çətinlik çəkmirəm. Tural gələcəyin tanınmış musiqiçilərindən biri olacaq. Bunu əminliklə deyirəm.
   Söhbətimiizin bu yerində Tural anası Məhsəti xanımla otağa daxil oldu.
   Məhsəti xanımın dediklərindən:
   - Tural 1991-ci il mayın 23-də Rusiya Federasiyasının Kalininqrad vilayətində anadan olub. Atası hərbiçi idi. Azərbaycanın başı üstünü qara buludlar alanda Vətənə döndü. 1992-ci ildə Salyan Kazarmasında fəaliyyətə başladı. Əsgərlərimizə təlim keçirdi. Tural hələ 3 yaşından tez-tez atası ilə hərbi hissəyə gedirdi. Təlim vaxtı əsgərlərin oxuduqları marş və mahnıları Tural da öyrənmişdi. Sonra atası ona bir sintezator aldı. Səhərdən axşama həmin sintezatoru çalırdı. Təəssüf ki, atası rəhmətə gedəndə, Turalın 9 yaşı var idi. Hiss edirdim ki, musiqiyə çox həvəsi var. 2000-ci ildə onu Qara Qarayev adına 8 saylı Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinə yazdırdım. Oxuduğu vaxtlarda xor müəlliməsi Zemfira Nurullayeva mənə məsləhət gördü ki, Turalı Daxili Qoşunların Hərbi Orkestrinin bədii rəhbəri Cəfər Abbasovun yanına aparın. Turaldan yaxşı nəfəs alətləri ifaçısı olar, deyirdi. Cəfər müəllim Turalla məşğul olmağa başladı. O, əvvəlcə Turala truba aləti ilə məşğul olmağı məsləhət gördü. 2004-cü ildən isə oğlum trambon aləti ilə məşğul olmağa başladı. Həmin vaxtdan o, bu alətə ürəkdən bağlandı. Hər hansı bir əsəri arsəyə gətirmək üçün saatlarla, günlərlə çalışırdı. O alətdən istədiyini almayınca əlindən yerə qoymazdı. İndi artıq o zəhmətinin bəhrəsini görür. Müsabiqələrdə I yeri tutur. 2006-cı ildən xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrində birinci trambonçudur. Bu orkestrin tərkibində Fransada, Almaniyada, Belçikada çıxışları olub. Həmin səfərlərdən qayıdandan sonra prezident İlham Əliyevin sərəncamı ilə adı «Qızıl kitab»a yazılmaqla, Prezident təqaüdünə layiq görülüb. Bir ana kimi mənim sevincimin həddi-hüdudu yoxdur. Bütün bunlara görə oğlumun əziyyətini çəkmiş insanlara, onun müəllimlərinə, 15 saylı məktəbin direktru Nadir müəllimə, Cəfər müəllimə, prezidentimizə, millət vəkili Mehriban xanıma öz təşəkkürümü bildirirəm. Oğlumun ən böyük uğuru ötən il ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş nəfəs alətləri müsabiqəsində olub. Həmin müsabiqədə birinci yeri tutub.
   Turalın müəllimi Cəfər Abbasov:
   - Elə ona görə də bu böyük insana rəhmət diləyirəm. Onun qağısı olmasaydı Tural belə uğur qazana bilməzdi.
   Sözsüz, Tural çox talantlı gəncdir və deyə bilərəm ki, o, artıq öz həyat yolunu müəyyən etmişdir. Tural trambon alətini seçməkdə səhv etməmişdir; Bu, onun xarakterinə tam uyğundur. 2004-cü ildə anası mənim yanıma gətirəndə onun qaynar gözlərinə, duruşuna, hərəkətlərinə baxanda hiss etdim ki, musiqiyə böyük həvəsi və çox böyük istedadı var. Odur ki, onunla ciddi məşğul oldum. Bütün göstəriciləri mənə bunu deməyə əsas verir ki, o gələcəyin böyük virtuoz ifaçısı olacaq. Ən çox xoşuma gələn odur ki, o, daim birinci olmağa səy göstərir. Bunun üçün o heç bir çətinlikdən qorxmur.
   Sonda qəhrəmanımın özü ilə söhbət etdim. Soruşdum ki, səndə bu musiqi alətinə maraq haradan yaranıb, dedi ki, əvvəla, atam hərbiçi olub və bu alət də hərbi marşlarda gözəl, çox əzəmətli səslənir!
   Tural onu da dedi ki, insanın həyatında elə anlar olur ki, bu anlar insana daha yaxşı çalışmağa ilham verir. Mənim də həyatımda belə anlar olub. YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım bizi Fransaya aparması həyatımın ən unudulmaz anlarındandır. Sonra da adımın «Qızıl kitab»a yazıldığı gün, 31 iyun 2008-ci il. İndi düşünürəm ki, deməli, mənim ifamı qiymətləndirirlər. Bu, mənə ilham verir və içimdə yaranan bu hiss məni daha çox çalışmağa səsləyir. Həyatımı qəti olaraq bu sənətə bağlamağa qərar vermişəm. Arzum Musiqi Akademiyasına daxil olmaqdır. Trambon alətinin kamil ifaçısı olacağam. Bu alətlə bütün dünyada Azərbaycanı təmsil edəcəyəm. Çünki mən qədirbilən insanların əhatəsindəyəm.
  
   Fərahim Dünyamalıoğlu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar