Adi insanın Ali insana sevgisi
Heydər Əliyevi müdrik dövlət xadimi, dünyaşöhrətli siyasətçi, dahi insan və böyük bir şəxsiyyət kimi hamı sevir. Lakin elə insanlar da var ki, bu sevgini təkcə dilində və ürəyində yaşatmaqla kifayətlənməyərək, ömrü boyu - vurğunu olduğu bu şəxsiyyət barəsində hər şeyi bilməyə, onun şəkillərini, büstlərini, kitablarını, onunla əlaqədar olan hər bir detalı əldə etməyə çalışırlar.
Belə insanlardan biri də öz evində “Dədə Heydər” muzeyi yaratmış Ramiz Şəmyət oğlu Xəlilovdur. Böyük şəxsiyyətə böyük vurğunluq bu evə atılan ilk addımdan duyulur. Öyrəndik ki, bu evin muzeyə çevrilməsinə illər şərt olunub: “Mənim ürəyimdə ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevə qarşı ölçüyəgəlməz bir məhəbbət və hörmət hissi olub, var və olacaq! Əsl qardaş kimi sevdiyim o insanla bir gün görüşmək mənim bütün ömrümün ən böyük arzusu olub. Hardasa, 1987- 88-ci illər olardı.
Qərbi Azərbaycanın Kalinin rayonunda yaşaya-yaşaya o vaxtlar dərc olunan “Azərbaycan gəncləri”, “Kommunist” və başqa qəzetləri oxuyur, Heydər Əliyevin nitqləri, məruzələri, çıxışları, bəyanatları çap olunan qəzetləri seçib yığırdım. Sonralar, hamının bildiyi kimi, biz Qərbi Azərbaycandan deportasiya olunduq. Çox böyük bir qorxu içində yaşayırdıq. 1993-cü ildə isə Heydər Əliyev yenidən hakimiyyətə gəldi və bununla da bizim bütün qorxularımız, içimizdəki səksəkələr yox oldu. Beləliklə, mən həmin insanın həqiqətən də böyük bir sevgiyə layiq olduğunu gördüm. Elə o vaxtdan da ulu öndərimizə aid əlimə keçən hər bir şeyi göz bəbəyim kimi qoruyub saxlamağa başladım. Burada 350-yə yaxın kitab, 100-dən çox jurnal, 200-dən çox şəkil mövcuddur, hansı ki, bunların hər birində Heydər Əliyevə aid nəsə var. Mən bu kitablara vəsait ödəməmişəm, çünki buna imkanım yol vermir. Bütün bunlar qəlbimdəki vurğunluğu bilən və başa düşən insanların mənə hədiyyəsidir”.
Heydər Əliyevin portretinin divarın ən yuxarısından həm də Atatürkün portreti ilə yanaşı asılmasından bəhs edərkən Ramiz Xəlilov bizə Heydər Əliyevi və Atatürkü özünün həyat idealı seçdiyini dedi. Otaqda diqqətimizi yanaşı qoyulmuş 3 bayraq da cəlb etdi. Bunlar Azərbaycanın, Türkiyənin və YAP-ın bayraqları idi. Divarın qarşı tərəfində özünə yer almış Heydər Əliyevin portreti olan xalçanın isə müsahibimizə Müzəffər Süleymanov tərəfindən hədiyyə olunduğunu öyrəndik.
Söhbət əsnasında Ramiz müəllimin Heydər Əliyevlə görüşdüyünü də öyrəndik: “2001- ci il martın 21- i, Novruz bayramı günü Milli parkda bu xoşbəxtlik mənə və oğluma nəsib oldu. Lakin nə qədər əlçatmaz görünsə də, mənim 20 illik arzum reallaşdı. Mən Heydər Əliyevlə görüşdüm, oğlum da ona Salman Qazinin “Sən xalqımın günəşisən” adlı şeirini dedi. O xoşbəxt günü heç zaman unutmaram”.
Ramiz Xəlilov İlham Əliyevlə də 3 dəfə görüşdüyünü və baş nazir olarkən Xəlilovlar adından, prezident seçiləndə isə şəxsən öz adından bir qardaş kimi ona təbrik teleqramı göndərdiyini bildirdi.
Müsahibimiz Heydər Əliyev Fondundan, Prezident Administrasiyasından gəlib onun bu muzey işini qiymətləndirənlərə də dərin təşəkkürünü bildirdi.
Sonda Ramiz bəy, onun bu işini oğlunun davam etdirəcəyini, “Dədə Heydər” ev-muzeyinin get-gedə daha da böyüyəcəyini söylədi.
Könül