AXC yaranmasaydı...

   Bu il Azərbaycan Xalq Cümhuriyyəti yaranmasının 91 ili tamam olur. 1918-ci ilin 28 mayında Şərqdə ilk respublika olan ADR-in yaranması Azərbaycanda dövlətçilik ənənələrinin əsasını qoydu. O vaxta qədər yalnız coğrafi məfhum kimi səslənən Azərbaycan adı 1918-ci il mayın 28-dən sonra siyasi məfhuma çevrildi. Qeyd edək ki, ölkə ərazisi 1828-ci ildə Türkmənçay sülh müqaviləsi ilə iki hissəyə bölüşdürüldükdən sonra inkişaf müxtəlif istiqamətlərdə getməyə başlamışdı. Cənubda İran, Şimalda isə çar Rusiyasının müstəmləkəçilik siyasəti yeridilirdi. Yalnız XIX əsrin 70-ci illərindən etibarən Azərbaycanda dövrün müasir təhsili uğrunda maarifçilik hərəkatı başlandı. Maarifçilik hərəkatında müstəsna olaraq, Azərbaycan milli mətbuatının əsasını qoyan «Əkinçi» qəzeti və milli teatrımız mühüm rol oynadı. Bundan sonra milli şüur formalaşdı və milli hərəkat meydana gəldi. Beləliklə, Azərbaycan XX əsrə tamamilə fərqi bir vəziyyətdə daxil oldu. Formalaşan mühit Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxardı.
   
   Dövlət quruculuğu
   

   AXC-nin yaranmasının əhəmiyyətindən danışan tarix elmləri doktoru, professor Musa Qasımlı deyir ki, ilk dəfə olaraq Azərbaycan, «Azərbaycan» adı altında bir dövlət kimi fəaliyyətə başladı: «Azərbaycanın bütün dövlət rəmzləri, milli ordusu, ali məktəbləri, cəmi iki il mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı idi. Hələ Gəncədə ikən dövlət quruculuğuna başlayan Azərbaycan hökuməti əvvəlcə, Azərbaycan dilini dövlət dili elan edir. Bunun ardınca Rəsulzadənin təbirincə desək, türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını özündə təcəssüm edən, üçrəngli Dövlət bayrağı qəbul edildi. 1919-cu il iyunun 26-da isə Azərbaycan Milli Ordusunun yaradılması barədə fərman verilir. Həmin dövrdə parlamentin yaranması, milli pul vahidlərinin buraxılması cümhuriyyətin mühüm uğurlarından idi. Çox qısa bir müddətdə Azərbaycanda bir sıra ali məktəblər, Bakı Universiteti, Texniki Universitet və Milli Konservatoriya fəaliyyətə başlayır. Bütün bu islahatlar olduqca çətin bir şəraitdə həyata keçirilirdi. Ona görə ki, mövcud olduğu dövrdə də ADR çox ciddi problemlərlə üzləşməli olurdu».
   Tarixçi-alim Anar İsgəndərli isə belə hesab edir ki, ADR-in yaranması bugünkü müstəqil Azərbaycanın qurulmasında mühüm rol oynayıb: «Əgər o zaman belə bir respublika yaranmasaydı, bolşeviklər aprelin 28-də Azərbaycanı işğal edəndə bu yarımçıq bir məmləkət olacaqdı. Zaqatala tərəf Gürcüstana birləşəcək, ermənilər isə Dağlıq Qarabağı tutacaqdılar. Azərbaycan kiçik muxtariyyat formasında ola bilərdi. Azərbaycan, Xalq Cümhuriyyətinin cızdığı xəritə üzərində quruldu və SSRİ dağılandan sonra biz yenə də demokratik respublikanın varisi kimi özümüzü müstəqil elan etdik. Əgər ADR yaranmasaydı, Azərbaycan da öz müstəqilliyini elan edə bilməzdi. Respublika həmin əsası qoyulmuş tarix üzərində öz müstəqilliyini yenidən qazandı. ADR-in ən böyük xidməti də elə bu oldu. Onun yaradıcıları özlərini vətən yolunda fəda etdilər. Fətəli xan Xoyski öldürüldü, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli tərki-vətən oldu. Lakin Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının ideyaları zaman durduqca yaşayacaq».
   
   Cümhuriyyət dövrünə müasir baxış
   

   Bildiyimiz kimi, ADR-in yaradılması, fəaliyyəti, mühüm xidmətləri, bu cümhuriyyətin qurulmasında rolu olan insanların həyatı, onların şəxsi aqibəti, gördüyü işlərin əhəmiyyəti çağdaş tarixçilər tərəfindən xeyli araşdırılıb çoxsaylı kitablara çevrilsə də, bütün bunlar o dövrün tarixi həqiqətlərini, bu həqiqətləri yaradan şəxsiyyətlər haqqındakı bilgiləri hələ büsbütün əhatə etmir. Hazırda bu istiqamətdə hansı işlər görülür?
   Bu məsələyə aydınlıq gətirən M.Qasımlı bildirir ki, son illərdə Azərbaycan Demokratik Respublikasının tarixi ilə bağlı ciddi işlər görülür. 1998-ci ildə mərhum prezident, ümumilli lider Heydər Əliyevin sərəncamı ilə ADR-in yubileyi qeyd edildi. Ötən il isə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda və ondan kənarda Azərbaycan təşkilatları, ölkəmizin daxilindəki müxtəlif qurumlar cümhuriyyətimizin 90 illiyini qeyd etdilər.
   
   Mehparə