5 iyun
 
  Romantik poeziyamızın görkəmli nümayəndəsi Mikayıl Müşfiq 1908-ci ildə Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alan gələcək şair Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. M.Müşfiq Azərbaycan Dövlət Darülfünunun dil-adəbiyyat fakültəsini bitirmişdir. Bakının orta məktəblərində pedaqoq kimi fəaliyyət göstərmiş şairin son iş yeri paytaxtın 18 saylı orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeiri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmiş, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.1938-ci ildə Stalin repressiyaları dövründə həbs edilmiş, sonra isə güllələnmişdir. Bakıda büstü qoyulmuş, adına məktəb, küçə vardır.

   9 iyun
   Klassik poeziyamızın görkəmli nümayəndəsi Seyid Əzim Şirvani 1835-ci ildə Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd, Seyid Əzim kiçik yaşlarında ikən vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə yeni üsul üzrə məktəb açaraq, ömrünün axırına qədər müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Heç təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar. Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənən", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata" və s. satiralarıdır.
   
   12 iyun
   Müasir Azərbaycan nəsrinin parlaq nümayəndəsi İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa müəllim olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb İnstitutuna daxil olsa da, 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olub. Burada 4 illik təhsilini başa vurduqdan sonra Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. «Azərnəşr»də bədii ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" jurnalında nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, ssenari şurası üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə 1949-cu ildə "İnqilab və Mədəniyyət" «Azərbaycan» jurnalında çap edilən "Anadil oxuyan yerdə" yazısı ilə başlayıb. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Baki Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır. Onun “Bizim qızlar”, “Yanar ürək”, “Tütək səsi”, ”Saz”, ”Məhşər”, “İdeal” və sairə əsərləri Azərbaycan nəsrinin inciləri olmaqla, kütləvi oxucu rəğbəti qazanıb.
   
   15 İyun
   1931-ci ildə M.S.Ordubadinin təşəbbüsü ilə Azərbaycan radiosunun diktorlarından ibarət dram dəstəsi yaradılıb. Soltan Nəcəfov, Leyla Terequlova, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani və Nina Petrova bu dəstənin fəal üzvlərindən olurlar. Qrupa Leyla Terequlova rejissorluq edirdi. Dəstə üzvləri kiçik həcmli radio kompozisiyaları, səhnəciklər hazırlayır, bədii qiraətlə məşğul olurlar. Səhnəciklərə musiqini Müslüm Maqomayev bəstələyirdi. Məmməd Səid Ordubadinin «Aprel gəlini», «Istiqraz», «Çobanlar», «6 nömrəli otaq», Soltan Nəcəfovun «Təchizat parazitləri», «Rot-front», «Orucunuz qəbul!» və «Din tacirləri» kimi səhnəciklərinə efir həyatı verilir. Artıq keçən əsrin 30-cu illərinin sonlarında bütün radio məhsulunun üçdə biri bədii verilişlərdən ibarət idi. Radionun fəaliyyət dövründə M.Ə.Sabir, Ü.Hacıbəyov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.Müşfiq, H.Cavid, S.Hüseyn Ə.Cavad, M.C.Paşayev, S.Vurğun, M.Hüseyn, R.Rza, S.Rəhman, I.Əfəndiyev, B.Vahabzadə, I.Şıxlı, S.Dağlı, S.Qədirzadə, I.Hüseynov, Anar, Elçin, H.Seyidbəyli, I.Qasımov, I.Məlikzadə və b. görkəmli nasir və şairlərimizin sənət əsərlərinin radiodan səsləndirilməsi ədəbi dilin inkişaf etməsinə, yad təsirlərdən qorunmasına xidmət etmiş oldu.
   
   
   18 iyun
   1972-ci il iyun ayının 18-də M.S.Ordubadinin anadan olmasının 100 illiyi münasibətilə bir vaxtlar yaşadığı mənzildə onun ev-muzeyi açılmışdır. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları, Məmməd Səid Ordubadi ilə ünsiyyətdə olmuş görkəmli ictimai xadimlərin şəkilləri, xatirələri qorunub saxlanılır. Məmməd Səid Ordubadinin zəngin ədəbi irsinin öyrənilməsi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən muzey Bakı və Ordubad şəhərlərində yerləşir.
   
   SABUTAY







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar