Artıq 16 ildir ki, Azərbaycan xalqı 15 iyun tarixini Milli Qurtuluş Günü kimi qeyd edir. Bu günün tarixi əhəmiyyəti isə olduqca böyükdür. Belə ki, bütün dünyaya müstəqil dövlət kimi yaşamaq haqqını hələ ötən əsrin əvvəllərində tanıdan Azərbaycan, əsrin sonlarında bu müstəqilliyi yenidən bərpa etdikdən sonra növbəti sınaqla üz-üzə dayanmışdı. Ölkə 70 illik sovet əsarətindən xilas olub 1991-ci ildə respublika kimi öz müstəqilliyini elan etsə də, az keçməmiş yürüdülən səriştəsiz siyasət və şəxsi ambisiyalara görə onu parçalanmaq, məhv olmaq təhlükəsi gözləyirdi.
   
   Ölkə vətəndaş müharibəsinin başlanması ərəfəsində idi. Azərbaycan iqtidarının yeritdiyi daxili və xarici siyasətdən narazı olan xalq bütün ümidini Heydər Əliyevə bağlayırdı. 1992-ci il oktyabrın 16-da ziyalılardan ibarət 91 nəfər «Səs» qəzeti vasitəsilə H.Əliyevə müraciət etdi. Müraciətdə onun böyük siyasətə qayıtması tələb olunurdu. Xalqın Heydər Əliyevi hakimiyyətdə görmək istəyinin nəticəsi olaraq 1992-ci il noyabrın 21-də Naxçıvanda H.Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası yaradıldı. Bu zaman hakimiyyət uğrunda AXC-nin öz daxilində, əvvəlki iqtidarın əlaltıları və Rusiyaya xidmət edən ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə genişlənməkdə idi. 1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. S.Hüseynovun təsiri ilə 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Ə.Hümbətov isə tabeliyində olan silahlı qüvvələrə söykənərək cənub bölgəsində «Talış-Müğan Respublikası» yaratmağa çalışırdı. Separatçı ünsürlər eyni vaxtda ölkəmizin şimal-şərq bölgəsində «Ləzgistan dövləti» yaratmaq xülyasına düşmüşdülər. İyunun 4-də hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə 3 minədək hərbi qüvvə və hərbi texnika yeritdi. Ölkədə vətəndaş müharibəsi başlandı. 709 saylı hərbi hissənin kazarmaları, hava limanı dağıdıldı. İnsanlar həlak olur və yaralanırdılar. Qiyamçılar hakimiyyəti silah gücünə ələ keçirmək üçün Bakıya Ali Sovet sədrinin, baş nazirin, bir qədər sonra isə prezidentin istefa verməsi tələbi ilə ultimatum göndərdilər. Cavab almadıqda, Bakıya doğru hərəkət etdilər. O zaman artıq aciz qalmış iqtidar H.Əliyevi təkidlə Bakıya dəvət etdi. İyunun 9-da H.Əliyevin Bakıya gəlməsi xalq tərəfindən ümid və sevinclə qarşılandı. H.Əliyev Gəncəyə gedib vəziyyətlə yaxından tanış oldu, Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi manevr edərək hərbi müxalifəti neytrallaşdırdı. Bütün bu hadisələrin yekunu olaraq iyunun 15-də Heydər Əliyev parlamentin sədri seçildi. Beləliklə, tariximizə qızıl hərflərlə yazılmış 15 iyun təqvimi 1997-ci ildən parlamentin qəbul etdiyi qərarla Milli Qurtuluş Günü kimi qeyd olunur.
   1993-cü ilin iyun ayında Heydər Əliyevin Bakıya qayıtması və hadisələrin gedişinə nəzarəti öz üzərinə götürməsi respublikanın taleyində həlledici rol oynadı. Ölkə parçalanmadan və qardaş qırğınından xilas olaraq stabil həyata qədəm qoydu.
   Heydər Əliyev siyasəti dünyaya sübut elədi ki, Şərq-Qərb dəhlizində yerləşən, Qafqaz regionunda çox əhəmiyyətli coğrafi imkanlara, eləcə də təbii sərvətlərə malik olan ölkə dünya siyasətində çox aparıcı rol oynaya bilər. Dahi lider Azərbaycanın əhəmiyyətini dünyaya həm iqtisadi, həm də siyasi cəhətdən anlada bildi. Azərbaycan artıq dünyada öz yeri və öz rolu olan bir ölkədir.
   Azərbaycanda siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, çoxsaylı KİV-nin mövcudluğu və onların sərbəst şəkildə fəaliyyət göstərməsi, hər birinin də getdikcə daha artıq iqtisadi cəhətdən müstəqilliyinin təmin olunması, ən əsası müstəqil mətbuatın formalaşma prosesində olması sahəsində qazanılan uğurlar üçün biz jurnalistlər də yalnız Milli Qurtuluş Gününə, Heydər Əliyevin qayıdışına minnətdarıq.
   Həmin hadisələr Azərbaycanın həyatında çox əhəmiyyətli bir dönüş nöqtəsi yeni mərhələ oldu. Respublikanın ikinci dəfə öz müstəqilliyini bərpa etməsində və onun qorunub saxlanılmasında iyun hadisələrinin çox böyük əhəmiyyəti var.
   
   Zümrüd






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar