O, doğmaları üçün «ana», «nənə», «xala», «bibi». Yaxınları üçün mehriban, qayğıkeş rəfiqə, qonşu, məsləhət, ümid, güman yeri. Ötəri tanışlar üçün sadə, səmimi, mülayim insan. Mənimçünsə, sadəcə, xanımdır, xatundur. Sözün ən geniş və dərin anlamında gözəl xanım, gözəl qadın, gözəl insandır bizim Səyyarə xanım! Zahiri gözəlliklə daxili zənginliyin bir varlıqda birləşməsi insanın xoşbəxtliyidir. Fərqi yoxdur - o insan ömrünün hansı yaşında, həyatının hansı dönəmindədir. Çöhrəsindəki xəfif təbəssümlə, səsindəki titrək cazibəylə, şirin danışığıyla, qəlbinin mərhəmətiylə adamı elə ilk baxışdan özünə çəkir. Çəkir və sən onunla tanış olduğun üçün Allahına şükürlər edirsən. Azərbaycan qadınının ən gözəl, dəyərli xüsusiyyətlərini özündə cəmləşdirən Səyyarə xanımı tanıyan hər kəs onunla ünsiyyətdən ancaq zənginləşə bilər. Onun keçdiyi ömür və sənət yolu bu gün jurnalistikada özünü sınayan gənclərə örnəkdir. Səyyarə xanım Tağıyeva ömrünün nə az, nə azacıq, düz 45 ilini telejurnalistikaya həsr edib, 35 il efirdə olub - aparıcılıq edib. Hərəni öz diliylə dindirməyi, dinməzlərin dilini açıb, adamayovuşmazları danışdırmağı, ipə-sapa yatmayanları «quzuya» döndərməyi bacarıb. Yarım əsrə yaxın tək bir redaksiyada -Azərbaycan televiziyasının Uşaq verilişləri redaksiyasında çalışıb. Əməkdar mədəniyyət işçisi, «Qızıl qələm» mükafatı laureatı, Jurnalistlər Birliyinin üzvü, əmək veteranıdır. Bunca illər tək bir redaksiyada çalışmaq, uşaqlar üçün veriliş hazırlamaq həyatın mənasını bu kiçicik varlıqlara sevgidə görmək deməkdir. Sevginin olması azdır, onu hər kəslə paylaşmaq, bununla belə, heç zaman azalmamasına çalışmaq şərtdir. Səyyarə xanım balalarımızla təkcə sevgisini paylaşmayıb, onları ağıllı, kamallı, savadlı, tərbiyəli görmək istəyib, verilişlərində də həmişə bunu aşılayıb. O verilişlərin əzəli ötən əsrin altmışıncı illərindən başlayıb, son illərəcən davam edib - Səyyarə xanım təqaüdə çıxanadək. Bu gün də AzTV-nin yarım əsrlik tarixi olan videotekasında - Qızıl Fondunda onun adıyla tanınan «Gecəniz xeyrə qalsın», «Sevimli yazıçılarınız», «Bağçada görüş», «Uşaq dünyası», «Sizin sevimli aktyorlarınız», «Vətən çəkir qayğınızı», «Ömrümüz-günümüz» adlı neçə-neçə veriliş qorunur. O verilişlərdə Səyyarə xanım cavan qızdır, gənc anadır, təcrübəli qadındır, ağbirçək nənədir - illərin çoxalan sayı onun xarici görkəmini bir balaca dəyişib. Dəyişməyən Səyyarə xanımın balalara sevgiylə dolu həmişəcavan ürəyi, uşaqlara həmənki qayğıkeş, mərhəmətli münasibətidir.
   Televiziyada çalışdığı son on beş ildə Səyyarə xanımın Dövlət Kukla Teatrının mərhum aktyoru Ələkbər Məmmədovla birgə balacalar üçün yeni formatda hazırladığı «Hər birimiz bir çiçək» adlı musiqili-bədii-əyləncəli veriliş Azərbaycan teleməkanında ən çox tamaşaçı auditoriyası toplayan, sevilən, ən uzun ömürlü ilk kütləvi uşaq proqramıdır. On beş ildə «Hər birimiz bir çiçək» şəhər və rayonlarımızı gəzib. Gəncədən, Göy göldən, Salyandan, Neftçaladan, Zaqataladan, Bakı kəndlərindən maraqlı verilişlər hazırlanıb, o verilişlərin hamısı cavankən dünyasını dəyişən əməkdar artist Ələkbər Məmmədovun şəxsi arxivində qayğıyla qorunur. Bu proqramla Səyyarə xanım və hamının sevimli «Ələkbər əmi»si neçə-neçə istedadlı uşağa qayğı göstərib, onlara arxa-dayaq olublar. İndi cavanların çox sevdiyi müğənnilərdən Elnurun, Qismətin, aşıq Samirənin, Bəyimxanım Mirzəyevanın yolu «Hər birimiz bir çiçək»dən keçib. İstedadın olması birinci şərtdir, onun aşkarlanıb üzə çıxarılması, qayğı, yol göstərilməsi daha önəmlidir. Səyyarə xanımın sevgi işığı çoxlarının ömür yoluna nur çiləyib. Hələ də ona zəng edənlər, məsləhət alanlar, kömək umanlar və son nəticədə arzusuna çatanlar olur.
   İndilikdə Səyyarə xanımın başı sevimli nəvələrinə qarışıb. Ara-sıra səhhətindən də gileylidir, amma imkan tapanda televiziyalarda hazırlanan uşaq verilişlərini izləyir, onlar barədə fikrini bildirir, ən azından telefonla əlaqə saxlayıb, şirin sözdən körpü salıb, mehribanlıqla ünsiyyət qurub gənc həmkarlarından məsləhətlərini əsirgəmir. Təzə, maraqlı bir verilişin layihəsini də hazırlayıb televiziyaya təqdim edib. «Televiziya ən böyük tərbiyə məktəbidir - bu məktəbin şagirdi olmaq da şərəflidir, müəllimi olmaq da. Televiziyanın uşaqlara təsir imkanları çox böyükdür. Uşaqlar burda gördükləri, eşitdikləri hər şeyi olduğu kimi qəbul edir, gördüklərindən örnək götürməyə çalışırlar. Odur ki, əyləncəli, açıq-saçıq verilişlərə maraq göstərən televiziya əməkdaşları hər hansı yaşda tamaşaçı üçün veriliş hazırlasalar da, ekran qarşısında birinci uşaqları, yeniyetmələri görməli, onları düşünməlidirlər». Bu sözləri Səyyarə xanım deyir, sonra da əlavə edir: «Uşaqlara bəxş etdiyim sevinc bu həyatda mənim ən böyük mükafatım olub!»
   
   F.Qaziyeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar