Ötən həftə Azərbaycan elm və mədəniyyətinə ağır itki üz verdi. Dahi Azərbaycan şairi, görkəmli dramaturq, alim, ictimai xadim, iki dəfə Dövlət mükafatı laureatı Səməd Vurğunun yadigarı Aybəniz Vəkilova əbədiyyətə qovuşdu.
Aybəniz xanım 9 sentyabr 1937-ci ildə Bakıda anadan olub. 1944-51-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orta ixtisas musiqi məktəbində oxuduqdan sonra təhsilini 132 saylı məktəbdə davam etdirib. Azərbaycan dili və ədəbiyyatına maraq göstərən A.Vəkilova elə bu istəklə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1960-cı ildə ali təhsilini başa vuran Aybəniz xanım özünü elm sahəsinə həsr edir. Əmək fəaliyyətinə Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işçi kimi başlayan bu xanım sonralar Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. Və elə bu elm ocağında da çalışıb.
1975-ci ildə Azərbaycanda yazıçı və bəstakarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzey - Səməd Vurğunun ev-muzeyi fəaliyyətə başladıqdan sonra Aybəniz xanım ömrünün sonuna qədər özünü bura həsr edib. Belə ki, atasının ev-muzeyində əvvəlcə mühafizəçi kimi çalışan Aybəniz xanım, artıq 2006-cı ildən baş mühafiz, az keçməmiş muzeyin direktoru vəzifələrinə qədər yüksəlib.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatını, Səməd Vurğunun ədəbi irsini yorulmadan təbliğ edən, xalq şairinin xatirəsini ölməzləşdirən Aybəniz xanımın xidmətləri həmişə diqqət mərkəzində olub. Elə bu səbəbdən o, SSRİ Mədəniyyət Nazirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin mükafat və fəxri fərmanları ilə təltif olunub. 1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə «Şərəf nişanı» ordeninə layiq görülüb. Təsadüfi deyil ki, muzeyin fəaliyyəti hər zaman mədəniyyətə xüsusi dəyər verən ümummilli lider Heydər Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Muzeyə rəhbərliyi dövrundə onun fondunu xeyli zənginləşdirən, yeni ekspozisiya bölmələri yaradan, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparan Aybəniz xanımın bu sahədə sərf etdiyi gərgin zəhmət respublika rəhbərliyinin nəzərindən yayınmayıb. Ona 60 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev təbrik məktubu göndərib. A.Vəkilova 2002-ci ildə Əməkdar mədəniyyət işçisi adına, 2003-cü ildə isə Prezident təqaüdünə layiq görülüb. Daim öz üzərində çalışan, dövlətə və millətə xidmət edən Aybəniz xanım Beynəlxalq Muzeylər Şurasının üzvü kimi Amerika, Norveç və İspaniyada keçirilən konfransların iştirakçısı olub. Səməd Vurğunun həyat və yaradıcılığı ilə bağlı onlarla kitabın tərtibatçısı, elmi məsləhətçisi, «Səməd Vurğun» sənədli filminin məsləhətçisi, «Sözləri Səməd Vurğunundur» adlı mahnı diski və bir sıra elmi işlərin müəllifi olub. Türk xalqları mədəniyyətinin inkişafına göstərdiyi xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adına layiq görülüb. Azərbaycan mədəniyyəti, xüsusən də muzey işi sahəsində xidmətləri olan Aybəniz Vəkilovanın vəfatı Mədəniyyət və Turizm Nazirliyinin kollektivini, eləcə də çoxminlik mədəniyyət işçilərini kədərləndirmişdir. Böyük şairimizin yadigarının əziz xatirəsi heç vaxt unudulmayacaq.
Allah rəhmət eləsin!
“Mədəniyyət”