Hər il iyun ayının 20-də Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Qaçqınlar Gününü qeyd etməklə bütün dünyada qaçqınların və məcburi köçkünlərin vəziyyətinə diqqət ayırmağa çalışır. Ümumdünya Qaçqınlar Günü 4 dekabr 2000-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnamə ilə müəyyən olunmur. 20 iyun şərəf və ləyaqətini ən çətin şəraitdə qorumaq üçün mübarizə aparan didərgin və yurd-yuvasından məhrum olmuş insanların həmrəyliyi günüdür.    

   Hazırda dünyada milyonlarla insan zorakılıq, təqib və münaqişələr nəticəsində yurd-yuvasından didərgin düşüb ki, Azərbaycan da bu sıraya daxildir. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyon soydaşımız var. Həmin insanların qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli məsələsi müasir Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Belə ki, respublika prezidenti İlham Əliyev tərəfindən son 5 ildə qarşıda duran prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilib. Ümumən, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı son 5 ildə Azərbaycan Respublikasının Prezidenti 19 fərman və sərəncam imzalayıb, 1 Dövlət Proqramı və ona əlavələr təsdiq edib. Bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən 65 qərar və sərəncam verilib, Milli Məclisdə 1 qanun qəbul edilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qaçqın və məcburi köçkünlərin probleminə həsr olunan beynəlxalq konfrans və iki geniş müşavirə keçirilib. Təkcə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti 1 fərman, 2 sərəncam imzalayıb, Nazirlər Kabineti 8 qərar və sərəncam qəbul edib. İlham Əliyev son 5 ildə 11 dəfə məcburi köçkünlərlə şəxsən görüşüb. Hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev «Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq»-deyə bəyan etmişdi. Prezidentin bu vədi vaxtından bir il əvvəl yerinə yetirilmiş və çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyularaq, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürülüblər. Ötən 5 ildə görülən misilsiz işlər nəticəsində bu bəyanat qısa müddətdə reallığa çevrildi, respublikamızda qalan 7 çadır düşərgəsi də ləğv edildi.
   Eyni zamanda Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu xarici siyasət nəticəsində beynəlxalq səviyyədə mühüm tədbirlərin həyata keçirilməsi işi davam etdirilir. 2008-ci ilin 14 mart tarixində BMT-nin Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilib. Sənəddə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasını birmənalı şəkildə əksini tapmışdır.
   2008-ci ilin xüsusi əhəmiyyət kəsb edən məqamlarından biri də noyabrın 2-də Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında ikitərəfli və Rusiya prezidentinin iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsi olub. Görüş zamanı dövlət başçılarının imzaladığı bəyannamədə münaqişənin siyasi vasitələr, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin zəruriliyi göstərilir. Bu isə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsini, həmçinin BMT Baş Assambleyasının bu ilin mart ayında qəbul etdiyi qətnaməni də özündə ehtiva edir. Beləliklə, bu bəyannamə bir daha münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinin labüdlüyünü təsdiq edir.
   Bundan başqa, son 15 ildə Ermənistan ilk dəfə olaraq bu münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü təsdiqlədi.
   Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə müntəzəm olaraq müvafiq tədbirlər həyata keçirilir. Bu istiqamətdə təbliğat da mühüm əhəmiyyət kəsb edir. Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan kitablar, qısametrajlı filmlər səfirliklər vasitəsilə dünya ölkələrinə yayılır. Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.
   Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış «Azərbaycan» internet portalının böyük əhəmiyyəti xüsusilə qeyd olunmalıdır. Burada Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından, erməni təcavüzündən bəhs edən məlumatların yerləşdirilməsi saxta erməni təbliğatına qarşı tutarlı cavab olmaqla dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradır.
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında ölkəmizin ərazi bütövlüyü ilə bağlı dəfələrlə vurğulayıb: «Azərbaycanın işğal olunmuş torpaqları işğalçı qüvvələrdən azad olunmalıdır. Azərbaycanın məcburi köçkünləri öz doğma torpaqlarına qayıtmalıdır, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdır. Təbii ki, torpaqlarımız sülh yolu ilə azad edilməsə, istənilən vasitə ilə azad ediləcəkdir».
   
   Mehparə