May ayının 24-də M. F. Axundov adına Milli Kitabxanada Azərbaycan Milli Ordusunun yaranma günü ilə əlaqədar olaraq yazıçı-publisist, polkovnik-leytenant Şəmistan Nəzirlinin “1920-ci ildə Qarabağ döyüşləri” kitabının təqdimat mərasimi keçirildi. Kitab Azərbaycan sərkərdələrinin Port-Artur, Birinci Dünya müharibəsi və 1920-ci ilin mart ayında daşnak erməni qoşunlarına qarşı aparılan ölüm-dirim döyüşləri tarixi faktlar əsasında qələmə alınıb. Bu əsər tariximizdə illərdir unudulmuş, yada salınmamış səhifələri yaşatmaq, milli mənliyimizi qorumaq baxımından çox qiymətlidir.
Tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan ədəbiyyatında Şəmistan Nəzirlinin hərb tariximizlə bağlı yazdığı əsərlərin əhəmiyyətindən söhbət açdı. Daha sonra “Xalq qəzeti”nin şöbə müdiri Tahir Aydınoğlu öz çıxışında sovet totalitar rejimi illərində Azərbaycanın əsl tarixinin gizlədilməsi, xüsusilə 1918-1920-ci illərin, Azərbaycan Cümhuriyyəti dövrünün tez unudulmasına yönələn siyasətin sovet rejiminin iç üzü olduğunu qeyd etdi və Şəmistan Nəzirlinin vaxtilə “tamamilə məxfi”dir qrifi ilə arxivlərdə gizlədilmiş sənədləri toplayıb belə mükəmməl bir kitabın yazılmasını yüksək qiymətləndirdi.
General-mayor Məmmədhüseyn Sarıyev, general Dadaş Rzayev, AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət komissiyasının Nizami Cəfərov, professor Şamil Vəliyev, yazıçı-publisist Möhbəddin Səməd, şair İlyas Tapdıq, yazıçı Sabir Azəri, şair Oqtay Rza, professor Camal Mustafayev Şəmistan Nəzirlinin əsərləri haqqında, Azərbaycan Milli Ordusunun keçdiyi döyüş yolu ilə bağlı fikirlərini söylədilər. Qeyd edək ki, M.F.Axundov adına Milli Kitabxana tərəfindən Elektron məlumat bazasına Şəmistan Nəzirlinin 9 adda kitabı daxil edilmişdir.
Tədbirin sonunda isə müəllif qonaqlara öz kitabını hədiyyə etdi.
Yeganə CANSAİL