“Məhəbbət o qədər güclüdür ki, bizi yenidən yaradır”
   F.M.Dostoyevski
   
   Sevgi... Bu haqda o qədər danışmaq olar ki... İlahi möcüzə, duyğuların ən kövrəyi, ən təmizi, kədərin-sevincin təcəssümü. Bilirəm, müasir zamanın böhranlı-qayğılı dövründə nəinki belə gül-bülbül cümlələr yazmaq, hətta sevgi haqqında danışmaq gülünc görünə bilər. Lakin dünən 30 iyun idi. Azərbaycanlıların “Sevgililər günü” (baxmayaraq ki, ildə 2 dəfə “xaltura” edib 14 fevralı da qeyd edirik). Bu müqəddəs günün üstündən sakitcə ötüb başqa mövzuda yazmağa əlim gəlmədi, həm də günün səbəbkarı olan İlham və Fərizə cütlüyünü yada salmamaq günah olardı...
   Hərdən onları indiki gənclərimizlə müqayisə edərkən, nədənsə o sevgi mənə nağıl kimi görünür. Bir sevgiyə tac olacaq sədaqət, şəfqət hisslərini bütünlüklə özündə birləşdirən o sevgilər hanı?.. Deyəsən, elə doğrudan da ötən əsrin nağıllarında, arzularında, bir də tarixində qaldı...

   
   Bir az sevgi... bir az da romantika...
   
   Bəzən sevgini pilləkənə bənzədirəm...Əvvəlində mehribanlıq, sadəlövhlük, səmimilik, sədaqət...sonunda sevgi. Bir pilləkəndə isə xəyanət gizlənir, ayağın büdrədisə yıxılırsan, nə xilas edən tapılır, nə də bağışlayan. Sevginin müqəddəslıyi də elə bununla bağlıdır. Hər kəs o sədaqəti sonadək qoruyub saxlaya bilməz. Xüsusilə də müasir zamanımızda, virtual dırnaqarası sevgilərin dəb halını aldığı vaxtda.
   Nədir sevgi? Sevgi ifadəsi çətin, gözlərə həkk olmuş, ürəkdən su içən, xoşbəxtliyi pıçıldayıb kədəri qovan, bəzən isə tam əksini yaşadan, hamının arzu etdiyi incə duyğulu kövrək hisslərdi. Sevgi lazım gəldikdə özünü fəda etmək, həsrəti dadıb vüsala dözmək intizarıdır. Sevgi onsuz belə onunla olmaq, ürəyinin bir küncündə ikinizə aid bir dünya qurub onunla yaşaya bilmək hissidir. Sevgi kordur. Görməz, hiss edər, həm də laldır, duyğular danışar. Bir az da qəddardır...Həsrətdən ürəyinə dağ çəkər, külünü göyə sovurar... Bəzən də küsdürər hamıdan səni, yadlaşıb bu dünyaya təklənərsən. Sevərsən ay işığını, dənizi bir də yağışı... Dərdinə həmdəm olarlar, danışarsan sirlərini gecələrdə onlara. Bəzən kədərin ay işığına zolaqlar salar, bəzən dəniz kükrər, bəzən də yağış ağlar...
   Sevginin var olduğu anlarda tənhalığı seçmək xeyirxah duyğulara üz çevirib getmək deməkdir. Onun olduğu xarabalıqlar belə güllər açar, xoşbəxtliklər addımlayar. Sevgini dadmayıb ondan yan gəzmək xəyanətə qucaq açmaq qədər yaxındır. Sevginin yaşı yoxdur. Nə vaxt səni yaxalayacağı da heç bəlli olmaz. Sevgi qocalmaz, hər gün daha gəncləşər. Sevgi tükənməz, bitməz...Ətrafına nur saçar. Yalana boyun əyməz...
   
   Niyə indiki sevgilər “beş günlük”dü?
   
   Deyirlər, sevgi var. Onu yaşadanlar yoxdur, sadəcə. Həqiqətdən kənardır desəm, yalan olar. Nəzərə alsaq ki, əvvəlki dövrlərdən fərqli olaraq bu günün sevgiləri real və virtual sevgi cəbhəsinə bölünüb, bu zaman həqiqət qaçılmaz olar. Virtual sevgi nədir? Elə gənclərin, yaşıdlarımın dili ilə desəm, Çat sevgisi (çox axmaq sevgidir). Bircə dəfə bu “sevgilər”in şahidi olmaq üçün virtual aləmə səyahət edib kompyuter monitorunda bar-bar bağıran “Aşkım, səni çoooox sevirəm”, qarşı tərəfin də “mən də səni çooooox sevirəm, canım mənim” deyərək hələ “sevgilisi”nin rəngi-ruhundan xəbərsiz olan, virtual dünyanın dərinliklərində itib-batan gənclərimizin yazdıqları bu əttökən kəlmələri oxumaq kifayətdir. Bəli, əksər gənclərimizin sevgini dərk etmək səviyyəsi hələ ki çox təəssüf, bu səviyyədə inkişaf edir.
   Digər ikinci və deyərdim ki, ən böyük səbəb isə xəyanətlə hər addımda qarşılaşma qorxusudur. Sədaqətin varlığı elə o nağıllar qədər çox uzaqdadır. Deyə bilərsiz ki, sevəndən sonra xəyanət niyə axı? Mən də deyə bilərəm ki, daha doğrusu, Konfutsi demiş, sevgi qadının həyatında bir romandırsa, kişinin həyatında o romandan bir səhifə, bu zaman xəyanət qaçılmazdır. Bu gün əksər oğlanların “Xəyanəti daha çox qızlar edir” və qızların da eyni ifadəni oğlanların qarasına söyləməsi fikriylə tez-tez rastlaşırıq. Amma onu da qeyd edim ki, oğlanların özləri bu xəyanətdə onların daha çox payı olduğuna əmindirlər, lakin neyləmək olar, kişilik qüruru bu etirafa sədd çəkir.
   İstərdim sizlərə bir dahinin elə məhz kişi “sədaqət”indən bəhs edən hikmətli sözünü çatdırım. Elias Kanetti deyirdi ki, “Qadın ərə getdi ki, onunla hər zaman bir yerdə olsun. O isə qadına evləndi ki, onu unutsun”. Şərhə ehtiyac varmı?
   
   Əbədi Sevginin işıqları altında...
   
   Dünən təsadüfən yolum Şəhidlər Xiyabanı tərəfdən düşmüşdü. Gecə olduğundan ətraf qaranlıq idi. Gecələr çil-çıraqlı işıqlara bürünmüş Bakını seyr etmək də bir aləmdir. Uzaqdan şəhidlərimizin məzarları görünürdü. Gözüm təsadüfən ən birinci məzara - Fərizə və İlhamın məşəl işığında nurlanan rəsmlərinə sataşdı. Bu gün hamıya ibrət olacaq o sevgiyə gözlərim doldu... Allah rəhmət eləsin!
   
   P.S. Görəsən, tənhalar günü nə vaxt qeyd olunacaq?..
   

   Yeganə CANSAİL
   
YeganeC@list.ru







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar