Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli pedaqoq, alim, şair və ictimai xadim Abdulla Şaiqin gəlini Rəfiqə Ağarza qızı Talıbzadə vəfat edib.
   Rəfiqə xanım 1935-ci ilin 22 oktyabrında Bakıda anadan olub. 1944-54-cü illərdə Bakının 190 saylı orta məktəbində təhsil alıb. Elmə, ədəbiyyata böyük həvəs göstərən Rəfiqə Talıbzadə 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1959-cu ildə ali təhsilini başa vuran Rəfiqə xanımın yazdığı “Sabirin leksikasında ərəb-fars sözləri” adlı diplom işi universitetin bütün müəllim və professor heyətinin rəğbətini qazanmışdır. Universiteti bitirdikdən sonra 1964-66-cı illərdə Azərbaycan EA-nın əsaslı kitabxanasında işləyib. 1968-72-ci illərdə Bakının 132 saylı məktəbində dil və ədəbiyyatdan dərs deyib. Müəllimlik etdiyi dövrdə Abdulla Şaiq ocağının ənənəsini davam etdirərək, əsl pedaqoq kimi şagirdlərin və bütün kollektivin rəğbətini qazanıb. Məktəbin “Bədii yaradıcılıq” dərnəyinə rəhbərlik edib. Özünü bütövlükdə elmə, maarifə həsr edən Rəfiqə xanım 1972-ci ildən Bakı Dövlət Universitetinin “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının müəllimi vəzifəsində çalışmış, burada da özünün xüsusi tədris metodikası ilə fərqlənmişdir. 1974-1996-cı illər ərzində kafedrada baş müəllim kimi fəaliyyət göstərmişdir. Doğma Şaiq ocağına məhəbbət onu 1994-cü ildə Abdulla Şaiqin Mənzil Muzeyinə gətirib. Rəfiqə xanım əvvəlcə böyük elmi işçi vəzifəsində, həyat yoldaşı akademik Kamal Talıbzadənin vəfatından sonra isə onun işini davam etdirərək Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru təyin edilib.
   Qeyd edək ki, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, Abdulla Şaiqin, Kamal Talıbzadənin ədəbi irsini yorulmadan təbliğ edən Rəfiqə xanımın xidmətləri həmişə diqqət mərkəzində olub. Bu səbəbdən də 2009-cu ildə muzey işi sahəsində ictimai fəallıq, təşəbbüskarlıq və səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
   Azərbaycan mədəniyyəti, xüsusən də muzey işi sahəsində xidmətləri olan Rəfiqə Talıbzadənin vəfatı Mədəniyyət və Turizm Nazirliyinin kollektivini, eləcə də çoxminlik mədəniyyət işçilərini çox mütəəssir etmişdir. Qüdrətli Şaiq ocağının yadigarının əziz xatirəsi heç vaxt unudulmayacaq.
   Allah rəhmət eləsin!






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar