Uzaqda bir el var. Bir qərib durnanın səsi, bir qərib şairin kədərli misraları kimi yadımızda qalıb. Bir vətən ağrısı var Orucun şeirlərində. Onlardan Cəbrayılın çinarları, kəhrizləri, ulduzları baxır adama. Səpsərin bağçalarda açan qızılgüllərin ətrini, bir də bumbuz çeşmələrin nəfəsini duyursan onlardan. Bir də zamanın, çərxi-fələyin gərdişinə tab gətirməyən ürəyin sızıltısını... Onun şeirləri Cəbrayıl dərdi ilə yoğrulub. Hər kəlməsi yurd yerinin və bu qarışıq zəmanədə yavaş-yavaş itən insani dəyərlərin ağrı-acısı ilə doludur.
   
   Bir vaxtlar Cəbrayılda el toylarının yaraşığı idi Oruc. Füzulinin irfan, mərifət, eşq dolu qəzəllərinə ürəyinin istisini qatıb oxuyardı. Bir toya, elə bir toy qədər də şirinlik gətirərdi. Doğulduğu Böyük Mərcanlının və ətraf obaların toy məclisləri Orucsuz keçinməzdi. İndi də didərgin kimi məskunlaşdığı Saatlıda Cəbrayıl camaatının xeyir məclislərində o, yenə də yuxarı başda əyləşir. Yenə də muğamın ruhu ilə könülləri ovsunlayır. On altı ildir ki, doğma el-obasından ayrı düşən həmyerlilərini Orucun zəngulələrindən daha çox, onun səsindəki ümid işartısı cəlb eləyib - Cəbrayıla qayıtmaq ümidinin işartısı. Elə Oruc da on altı ildir ki, bu ümidə söykənib yaşayır. Hər gecə bu ümidin işığında Cəbrayıla yol gedir, xəzana bürünmüş evlərinin kandarına ayaq qoyur. Sonra həyətlərindəki ağaclarla hal-əhval tutur, təzəcə tikdirdiyi və yaşamağa macal tapmadığı evinin eyvanından sökülən dan yerinə boylanır. Bu dünyanın haqsızlığı ilə barışmayan həmyerlisi, görkəmli Azərbaycan yazıçısı Sabir Əhmədovun «Ömür urası» romanı tez-tez düşür yadına. Sanki Sabir müəllim Orucun düşündüklərini qələmə alıb. Orda da doğma yurd həsrəti ilə qovrulan yazıçı öz qəhrəmanının timsalında Cəbrayıla qayıdır. Yenə xatirələr dil açır, nisgilli ürək bu dünyadan görüb-götürdüyündən danışır.
   Oruc Qaraş oğlu Bayramov 1949-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. İkinci cahan savaşından sonraya təsadüf edən bu çətin illərdə dünyaya göz açan insanlar, indiki cavan nəsillə müqayisədə həyatın ağrı-acıları ilə daha çox rastlaşmışdılar. Belələri həyatın qədrini daha çox bilir, yaşamağın ləzzətini daha dərindən duyur. Uzun illər həyatın öyrətdiklərini ağıl süzgəcindən keçirdərək, daha saf şəkildə şagirdlərinə öyrətməyə çalışıb Oruc müəllim. Ona görə də Böyük Mərcanlı kəndində və qonşu el-obada həmişə hörmət, nüfuz sahibi olub. Həmişə el toylarına səsilə yaraşıq verib, şuxluq gətirib.
   1983-cü ildə Oruc Bayramovun hazırladığı şagirdlərin nizam-intizamı, hazırlıq qabiliyyətləri məktəblilərin IV Respublika mahnı və rəqs festivalında hamını valeh edir. 30 nəfərdən ibarət bu kollektivin çıxışı, hətta maestro Niyazinin diqqətindən yayınmayıb; o, Oruc müəllimin əlini sıxaraq, minnətdarlığını bildirib. Bu uğuruna görə ona «Qabaqcıl maarif xadimi» adı verilib. Əslində muğamın sirlərinə, Füzuli dünyasına, dünyanın gediş-gəlişinə az-çox bələd olan Oruc heç vaxt ad üçün, şöhrət üçün işləməyib. Heç bunu ağlına da gətirməyib. Çünki muğam onun taleyi idi. O isə bu taleyin ən incə məqamlarını, ən işıqlı cəhətlərini şagirdlərinə anladırdı. Bunu həyatının mənası bilirdi. Düz 20 il əvvəl onun haqqında dərc olunmuş məqalədə belə maraqlı bir məqam var. Müəllif yazır: “Müəllim, musiqi təbliğatçısı və xanəndə O.Bayramovla hər dəfə görüşəndə ruhən təzələnirəm. Söhbət nədən düşsə də, axırda gəlib ifaçılığın üstünə çıxır. Çiyinlərini qəribə şəkildə çəkib, günah işlətmiş kimi deyir: «Mən həyatımın mənasını musiqidə görürəm, neyləyim””.
   20 il əvvəl səslənən bu fikir bu gün də öz təsdiqini tapmaqdadır. Hazırda O.Bayramov Saatlı şəhər Bülbül adına uşaq musiqi məktəbində xanəndəlik ixtisası üzrə dərs deyir. Taleyinə yazılan işi Cəbrayıldan sonra hələlik Saatlıda davam etdirir. Astarada və digər rayonlarda keçirilən müsabiqələrdə, mahnı festivallarında onun şagirdləri həmişəki kimi ön sıralarda olur. O.Bayramov özü də dəfələrlə müxtəlif fəxri fərmanlara, diplomlara layiq görülüb.
   Oruc Bayramov el şənliklərində olduğu kimi, yaşadığı rayonun içtimai-siyasi həyatında - prezident, parlament və bələdiyyə seçkilərində də fəallıq göstərir, sağlam vətəndaşlıq mövqeyi nümayiş etdirir. Elə bunun nəticəsidir ki, o, Saatlı rayonunun Əlisoltanlı kənd bələdiyyəsinin üzvü seçilmişdir.
   Bu gün, təkcə keçmişdən qalan xatirə deyil, həm də gələcəyə olan ümid, inamdır. Keçmişdə qalan ən işıqlı anlar, ən gözəl günlər yada düşəndə, nə qədər insanı duyğulandırsa da, gələcək qarşısında bir mənəvi borc, məsuliyyət insanı həmişə səfərbər edir, onu həyatın tufanları qarşısında şax dayanmağa çağırır. Bəlkə də bu gün şagirdlərinə verdiyi muğam elmi, onun müdrükliyi Oruc müəllimin haqqa olan inamını heç vaxt solmağa qoymur. Muğam ona deyir ki, dünya xəlq olandan düz əyriyə, işıq qaranlığa, xeyir şərə qalib gəlib. Nahaq ayaq tutsa da, yeriməyib.
   Müxtəlif toplularda çap olunmuş şeirlərində də Oruc Bayramov həmişə bu ali dəyərlərdən çıxış edir. Alın yazısına dönən muğamın ona pıçıldadıqlarını ara-sıra poeziyanın dilinə çevirməyi də elə bundan irəli gəlir. O, «Xudafərin harayı» kitabının müəlliflərindən biridir. «Diri dağdan əsən külək» almanaxında işıq üzü görən şeirləri də onun bu qəlb çırpıntılarından xəbər verir. Şeirlərinin birində belə bir misra var: «Duman, çən dağlarda gedib itəydi». Dəstəsindən ayrı düşən qərib durnanı xatırladan bu tək misrada bir yurd həsrətlisinin nisgili, ağlı-qaralı dünyanın kədəri var. Bir də uzaqlarda yolların, cığırların kəsişdiyi yerdə, Diri dağın sərin mehi ilə süstlənən bir elin, bir itkinliyin havası. Oruc müəllim həmişə inanır ki, duman, çən ötüb gedəcək, ağrı-acılar unudulacaq. Müdriklər demişkən, hər şey ötəridi. Ötəri olmayan isə bircə vətən sevgisi, yurd yanğısıdı. O sevgi və yanğı ki, insana həmişə güc verir, onu ləyaqətlə yaşamağa səsləyir.
   
   Qorxmaz Şıxalıoğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar