I Dünya savaşının gedişində İranın güneyini Antantaya aid ingilis hərbi birləşmələri, quzeyini isə çar Rusiyası işğal etmişdi. Xristianların İranı, o cümlədən Güney Azərbaycanı işğal altında saxlamasından sui-istifadə edən İran, Türkiyə, Qafqaz (İrəvan və s.) bölgəsindəki bir qisim erməni silahlıları birləşərək azərbaycanlılar yaşayan Urmiya, Xoy, Səlmas və s. yaşayış məntəqələrində müdhiş qətliam törətmişdilər. Ümumilikdə, o dövrdə İranda ermənilər və başqa xristianlar tərəfindən 130 min nəfər müsəlmanın öldürüldüyü bildirilir.
   
   Ancaq çox təəssüf ki, Quzey Azərbaycanda yayınlanan elmi, tarixi mətbu nəşrlərdə bu olaylar haqda məlumatlar çox cüzidir; bu barədə əksər alim və ziyalılarımız demək olar ki, tamamilə bilgisizdirlər.
   Ona görə də oxucuları bu xüsusda, əsasən Güney Azərbaycan, ümumilikdə desək, İran qaynaqları ilə məlumatlandıracağıq.
   Belə qaynaqlar sırasında, öncə, Əhməd Kəsrəvinin «Azərbaycanın 18 illik tarixi» kitabını və atası o hadisələrin iştirakçısı olan ünlü qələm adamı doktor Cavad Heyətin Tehranda farsca və ərəb əlifbası ilə azərbaycanca nəşr olunan «Varlıq» dərgisindəki məqaləsini göstərmək istərdik...
   C. Heyətin də yazdığı kimi, Ə.Kəsrəvinin “Azərbaycanın 18 illik tarixi” kitabında rus və ingilislərin təhrikləri, amerikan missionerlərin erməni və assuri bölükləri ilə müzakirələri və Batı Azərbaycanı müsəlmanlardan «təmizləyərək» burada xristianların oluşdurduqları bir dövlətin qurulması yolunda adıçəkilən böyük xristian dövlətlərinin erməni və assurilərə göstərdikləri hərbi və maddi yardımlar haqda ətraflı bilgi verilmişdir...
   Həmin kitabın 723-cü səhifəsində müəllif yazır ki, Urmiya xristianlar tərəfindən işğal edildikdən sonra «Petros jandarmanın komandanı və İbrahim xan adlanan qaçaq Qafqaz ermənisi polis idarəsinin başqanı oldu. Bir tərəfdən (şəhəri idarə edən 16 nəfərlik Xristian Məclisi) tüfəng və digər silahları xalqdan (yerli azərbaycanlılardan - X. İ.) alır, digər tərəfdən mister Şetin (missionerlərin şefi və Amerika konsulunun yardımçısı) əmriylə öldürülmüş insanlar evlərdən və sokaklardan toplanıb gömülürdü. Bu sırada əkmək (çörək - X.İ.) qıtlığı, aclıq və qışın soyuğu durumu daha da pisləşdirirdi. Ruslar tərəfindən yandırılan bazar onarılmadan (bərpa edilmədən, düzəldilmədən - X. İ.) yerli müsəlmanların mezbahasına (sallaqxanasına - X. İ. ) çevrilmişdi, xristianlar o çevrədəki müsəlmanları öldürürdülər...»
   «Silahları toplamaq bəhanəsilə evlərə girib, bütün dəyərli əşyaları (eynən Quzey Azərbaycandakı kimi - X. İ.), qida maddələrini alır və evlərdəki insanları öldürürdülər, kimsənin can və mal güvənliyi yoxdu, müsəlmanlara qarşı bu biçim davranışlar Osmanlı ordusu gəlincəyə qədər davam etdi».
   Doktor Cavad Heyət Ə. Kəsrəvinin yuxarıda adıçəkilən kitabındakı «Simitkonun Marşimonu öldürməsi» bölümünə xüsusi toxunaraq oradan ilginc, bizlər üçün də yeniliklərlə dolu iqtibaslar gətirir:
   «Urmiyədə ayaqlanan (yəni ayağa qalxan - X. İ.) xristianlar yabançı dövlətlərin himayəsilə ayrı bir güc oluşdurmaq və ya daha doğrusu, İrana qarşı xristian bir dövlət qurmaq çabasındaydılar. Ancaq assurilər və ermənilər olaraq sayları az olduğundan kürdləri də özləriylə bərabər yapmaq istədilər və bu xüsusda ən uyğun adam olaraq Simitkonu (kürdlərin rəisini) seçdilər.
   Bu qərar üzərinə assurilərin rəisi və baş keşişi Marşimon silahlı 140 nəfərlə İsmayıl Ağa Simitkonu görməyə getmişdir. Simitkonun etirafına görə Marşimon ona belə demişdir: «Kürdüstan adlanan bu torpaqlar (Güney Azərbaycanda soydaşlarımızla yanaşı yaşayan kürdləri öz tərəflərinə çəkmək üçün ermənilər və assurilər o məqamda həmin bölgəni kürdlərin qılığına girmək məqsədilə qəsdən «Kürdüstan» adlandırmışlar - X. İ.) hamımızın vətəni olmuşdur. Fəqət məzhəb ayrılıqları bizi dağıtmış və bu duruma düşürmüşdür. İndi isə bu ölkəni ələ keçirməli və birlikdə yaşamalıyız... Biz ordu səfərbər etdik, ancaq süvari gücümüz yoxdur. Əgər siz də bizimlə bərabər olursanız, Təbrizə qədər hücum edib oranı da alırız». Bu təklif İsmayıl Ağa Simitkoya bir müsəlman olaraq ağır gəlir və Marşimonu adamları ilə birgə öldürtdürür! (Buna bənzər hərəkəti Quzey Azərbaycanda (Laçında) Sultan bəy Andranikə və onun əsgərlərinə qarşı yapmışdı. Qoşunu ağır tələfat versə də, Andranik özü isə pusqudan yayına bilmişdi. - X. İ.). Marşimonun ölüm xəbəri Urmiyəyə yayılınca xristianlar dini liderlərinin əmriylə iki gün qətliam yapıb, 10 min müsəlmanı və musəvini (yəhudini - X. İ.) öldürürlər»...
   «Marşimonla birlikdə Osmanlı torpaqlarından gələn Cilovlar yaklaşıq 12 min ailədən ibarət idi. Bunlara zatən Urmiyə, Salmas, Sulduz və çevrəsində bulunan 20 minə yaxın erməni və assuri ailəsi də ekləndi (əlavə olundu - X. İ.). İrəvan, Van və Naxçıvandan qaçıb gələn 5-6 min erməni də onlarla birləşdi. Bunlardan 20 min nəfəri təcrübəli əsgərdi, Rus ordusunun 800 subayı (zabiti - X. İ.) da Rusiyaya dönməyib, 72 fransız subayıyla birlikdə əsgərlərə komandanlıq edirdilər. Savaş təchizatı 25 top və 100 mitralyözdən (pulemyot, makinalı tüfəng - X. İ.) ibarətdi. Rus konsulu Nikitin, amerikan konsulu Şet və fransız xəstəxanasının baş həkimi Kujol planlama və yönləndirmə görəvlərini yürüdürdülər. Assurilərdə Marşimonun ölümündən sonra Ağa Petros sorumluydu, Məlik Nüşabə də önəmli mövqedə olan assurilərdəndi».
   Əhməd Kəsrəvinin “Azərbaycanın 18 illik tarixi” əsərində yazdığı kimi, beləliklə erməni, assuri, cilov və onların rus, Qərb və amerikalı hamiləri ilə yerli müsəlmanlar arasında savaş sürərkən, birdən-birə Osmanlı ordusu Səlmas tərəfdə görünməyə başlamışdı. Osmanlılar dərhal topları dağın başında yerləşdirib, gözləmədən atəş açmış və bu olaydan ruhlanan Xoy əhalisinin (azərbaycanlılar - X. İ.) də savaşmağa cəsarəti artmışdı. Ermənilər iki tərəfdən atəşə məruz qaldıqları üçün qələbəyə ümidlərini itirmiş... Osmanlıların şiddətli hücumları ilə onların çoxu məhv edilmişdi...
   …«Osmanlılar 2-3 gündə Xoy və çevrəsində bulunan bütün (silahlı - X. İ.) erməni erkəklərini öldürdülər və sonra Urmiyəyə geri döndülər»...
   Çox şükürlər olsun ki, «azəri» xalqının tarixini, etnogenezini farsa bağlayan, fars şovinizminin təsirinə düşən və o «araşdırma» larında xalqına xəyanət yoluna bulaşdığını sonralar etiraf edən İran tarixçisi, milliyyətcə azərbaycanlı olan Əhməd Kəsrəvi 1918-ci il hadisələrini qələmə alarkən ədalət hissini unutmayıb... və türklərin - Osmanlıların Güney Azərbaycanın yaxın tarixindəki xilaskar rolunu nəinki danmayıb, hətta təqdir edib:
   «Beləcə Səlmas və Urmiyə fitnələri Osmanlılar tərəfindən basdırıldı və Dr. Şet (doktor Şet - X. İ.) və yandaşlarının törətdikləri fitnə atəşi 130 mindən artıq müsəlman və bir çox xristianın ölümü ilə sona çatmış oldu. Çevrədəki bütün binalar xarab oldu. Xristianlar (yerli - X. İ.) da evlərindən-yurdlarından dərbədər oldular. Bir toplumun yabançıların əlində oyuncaq olmasının sonucu bax budur!».
   Doktor Cavad Heyətin qeyd etdiyi kimi, başqa İran müəllifləri - Əhməd Qəviyanpurun «Urmiyə tarixi» kitabında və professor Həsən Əlibəylinin «İpək Yolu» dərgisində yayınladığı məqaləsində də olaylar Kəsrəvinin yazdıqlarına uyğundur. Bu iki qaynaqda hadisənin gedişatı belə təsvir olunur:
   “1918-ci ilin Ocaq (yanvar) ayında İngiltərənin 2-ci qolordu (korpus - X. İ.) komandanı Qresi, Urmiyədəki fransız xəstəxanasının müdiri Kujol, Amerikan konsulunun müavini və missionerlərin şefi Makdavel, Rusiyanın Urmiyədəki konsul müavini V. P. Nikitin və assurilərin baş papazı (keşişi - X.İ.) Marşimon bir sürə müzakirələrdən sonra, silahlanmış erməni - assuri birliklərinin bölgədə qalmış Çar ordusu qüvvələrinin dəstəyi və amerikanların maddi yardımı ilə türklərə qarşı savaşı davam etdirməsinə və Azərbaycanda (İranın quzeyində) müstəqil xristian dövlət yaratmağa qərar verdilər. İngilislərin tövsiyəsiylə kürdlərin də bu məqsədə cəlb edilməsi önərildi (təklif oldundu, irəli sürüldü - X. İ.)”.
   Bu mənbələrdə Marşimonun Simitkonun hüzuruna 140 süvari əsgər və bir neçə rus zabiti ilə 3 mart 1918-ci il tarixində getdiyi bildirilir... Marşimonun (və başının dəstəsinin) ölüm xəbəri Səlmasa yetişdiyi andan assurilər və erməni daşnakları iki gündə on minə yaxın silahsız müsəlmanı soy qırımına uğratdılar. Bu vaxt, həqiqətən, Assuri kilsəsi qətliam fitvası da vermişdi...
   Adıçəkilən qaynaqların söykəndiyi tarixi dəlillərə görə, o zaman rus silahlı qüvvələri həm də yerli müsəlmanların silahsızlandırılması haqda əmr veribmiş: «İran dövləti Azərbaycanda tərəfsizliyi qoruya bilmədiyi üçün müttəfiqlərin qərarı ilə yabançı (Osmanlı) orduları önləmək və Azərbaycana girmələrini əngəlləmək məqsədilə Milli Xristian Ordusu qurulur... Müsəlmanlar aşağıdakı şərtlərə riayət etməlidirlər:
   1 - Stepanyansın başqanlığında 16 nəfərlik bir Məclis qurulur.
   2 - Şəhərdə olağanüstü (fövqəladə - X.İ.) hal elan edildiyindən, polis idarəsinin başqanı bu Məclis tərəfindən təyin edilməlidir.
   3 - Müsəlmanlar 48 saat zərfində (burada: ərzində - X. İ.) silahsızlanmalı və silahlarını təslim etməlidir.
   4 - İran Kazak birimləri (birlikləri - X. İ.) rus komandanlığına tabe olmalıdır.
   Bu zaman erməni general Andranik 3 min nəfərlik ordusuyla Araz çayını keçərək Xoyu mühasirəyə alıb, xoyluları qılıncdan keçirdikdən sonra Urmiyəyə doğru yol alıb xristian qüvvələrilə birləşmək və xristian dövlətinin qurulacağı yerdə Osmanlı ordusunun mühtəməl (mümkün - X. İ.) hücumunun qarşısını almaq üçün hərəkətə keçər. Andranik öz planlarını gerçəkləşdirmək və «Böyük Ermənistan» dövlətini qurmaq qonusunda (mövzusunda - X. İ.) rus və ingilis komandanlarının da onayını (təsdiqini, tədbirini - X. İ.) almışdı».
   Əvvəlki qaynaqların da bildirdiyi kimi, bundan sonra Osmanlı Ordusu Azərbaycana gələrək Xoy və Səlmasda Andranikin qüvvələri və başqa xristian hərbi birləşmələrlə savaşa girərək Güney Azərbaycanda xristian dövlətinin qurulması xəyalını alt-üst etdi. Ancaq bu xəyal müsəlmanlara ümumilikdə 130 min can itkisi hesabına başa gəlmiş oldu...
   Bəzi məlumatlara görə isə, 1918-ci il martın sonunda, üç gün ərzində Urmiya, Səlmas və Köhnəşəhr şəhərlərində 150 min nəfər azərbaycanlı öldürülmüşdü...
   Ustad Məhəmməd Hafizzadə “Qarabağ” kitabında Mehdixan Ağasinin “Tarixi - Xoy” əsərinə dayanaraq ermənilərin o zamankı (1918-ci il ) fəaliyyətləri və müsəlman qırğınları haqqında yazır:
   Əhməd Dehqana görə 25 min, Ə.Kəsrəviyə görə 12 min ailə - erməni ciloları (İran qaynaqları bu toplumun adını bəzən “cilov”, bəzən də “cilo” kimi yazırlar - X. İ.) keşiş Marşimonun rəhbərliyilə 1294 şəmsi tarixində Osmanlı torpaqlarından İrana keçdilər. Cilolar və assurilər I Dünya savaşı dönəmində Osmanlı torpaqlarında 200000 nəfər təşkil edirdilər ki, bunların da 3/4-ü Van gölü yanında məskunlaşmışdılar. Tarixdə onları adətən tünd, sərt, təəssüblü, rəhmsiz xalq kimi səciyyələndirmişlər.
   Mehdixan Ağasi isə o dövr hadisələri haqda bunları bildirir: I Dünya savaşında bunlar (cilolar -X.İ.) müttəfiq dövlətlərin yardımı ilə Osmanlı dövlətinə yağı oldular. Osmanlı dövləti onlarla mübarizəyə başlayanda orada duruş gətirə bilməyib Səlmasa gəldilər. Sonra müttəfiqlər bunları Xoy, Səlmas və Urmiyədə yerləşdirdilər-cilolar qaçqın kimi gəldiklərindən bu üç şəhərin yerli camaatı onlara öz yardım əllərini uzatdı. Amma çağırılmamış bu qonaqlar özlərinə gələndə rus, ingilis, amerikan himayəsi altında İrandakı isavilərlə, ermənilərlə və başqaları (assurilər...) ilə müstəqil dövlət yaratmaq məqsədilə əl-ələ verdilər.
   
   Davamı gələn sayımızda
   
   Xaqani İSMAYIL,
   tədqiqatçı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar